Xətai şefi prezidentə qarşı “qırmızı xətti” keçdi: ağacları yandırıb yeri satdı – Video

30/10/2018 - 00:57 9 727 0   0  

Paytaxtın Xətai rayonu, Cavanşir küçəsində ticarət obyekti tikiləcək deyə böyük yaşıllıq məhv edilib, ağaclar yandırılıb.

Suveren.az xəbər verir ki, bu fakt video kadrlarda öz əksini tapıb.

Məlumatı ilk yayan mozalan.az xəbər verir ki, bu cinayət azmış kimi, tikinti işləri buradan keçən istilik borusunun üzərində aparılacaq. Yaxınlıqdan isə qaz borusu keçir.

Bu artıq heç bir çərçivəyə sığmır. Əndazəni aşmaqdır. Deyəsən, Binəqədi rayonunda baş verən bina faciəsini təkrarlamaq istəyirlər.

Amma Xətaidə yaşıllıqların məhv edilməsi ilk fakt deyil. Bu rayona Razim Məmmədov icra başçısı təyin ediləndən Xətaidə bütün ağaclar doğranıb, yerləri satılıb.

Paytaxtın Xətai rayonu icra başçısı Razim Məmmədov yaşıllıqların qəniminə çevrilib. Bu rayon illərdir ki, ağacları məhv edilir.

Ancaq icra hakimininin arxası möhkəmdir, ona batan olmur. Odur ki, dəfələrlə Xətai rayonunda ağacların kəsilməsi və yerində obyekt tikilməsi faktları ictimailəşsə də, bir xeyri olmayıb.

Prezident yaşıllıqlara qənim kəsilən biznesmenlərə, məmurlara qarşı amansız olsa da, bəziləri əməllərindən çəkinmirlər. R.Məmmədov da onlardan biridir və Xətaini istədiyi kimi idarə

edir, istədiyi kimi satır. Prezident son çıxışında qeyd etdi ki, yaşıllıqların kəsilməsi ilə bağlı tədbirlər sərtləşdirilməlidir.

Son zamanlar Xətainin əksər qəsəbə və küçələrində yaşıllıqların məhv edilməsi geniş vüsət alıb. İş o yerə çatıb ki, artıq qanunsuz tikililərə təkcə yol kənarlarında, parklarda deyil, hətta yaşayış binalarının həyətində də rast gəlmək mümkündür.

Halbuki tikililər arasında ara məsafələr haqqında müvafiq qanunvericiliyə görə, bina və ya qurğunun ara məsafələri kimi müəyyən edilən torpaq sahəsi bütün hallarda nəqliyyat yolunun üstündə olmalı və ya çıxışa malik olmalıdır.

Yəni iki bina arasında avtomobil yolu olmalıdır ki, yanğın hadisəsi baş verdikdə yanğınsöndürən maşın həmin əraziyə asanlıqla daxil ola bilsin. Xətai Rayon İcra Hakimiyyəti isə buna məhəl qoymadan kimə harda gəldi bina və ya ticarət obyekti tikməyə razılıq verir.

Nəzərinizə çatdıraq ki, məhz bu səbəbdən də Xətai Rayon Prokurorluğu bir neçə il öncə Xətai Rayon İcra Hakimiyyətini və qanunsuz tikili aparan fiziki şəxsləri eyni iş üzrə məhkəməyə vermişdi.

Amma prezidentin son çıxışı Xətai İH başçısına dərs olmayıb, yenə də göründüyü kimi ağacların yandırılıb yerinin tikinti üçün satılmasına razılıq verib. Körpə uşaq da inanmaz ki, hansısa tikinti işini aparan bu ərazi üçün RİH-nə pul verməmiş, sərəncam almamış iş görə bilməz.

Suveren.az “Hüriyyətə” istinadən xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti "Bravo" supermarketinin qarşısında obyekt tikməyə icazə verdiyi şəxsin 400 min manat ziyana düşməsinə səbəb olub.

Belə ki, həmin şəxs tikintiyə icazə verilməsi üçün ondan tələb olunan məbləği - 250 min manatı verdiyi halda, bir müddət sonra icra hakimiyyəti tərəfindən tikintinin qanunsuz olduğu bildirilib və 150 minə başa gələn 4 mərtəbəli bina sökülüb.

Həmin şəxs Xətai Rayon İcra Hakimiyyətindən aldığı icazəyə əsasən sözügedən ərazidə 5 mərtəbəli obyekt inşa etməli idi. Lakin 4-cü mərtəbə tamamlandıqda icra hakimiyyəti qəfil binanın sökülməsi haqda qeyr-rəsmi qərar qəbul edib.

Bununla da sahibkara ümumilikdə 400 min manat maddi ziyan dəyib. Məsələnin maraqlı tərəfi ondadır ki, icra hakimiyyəti nə sahibkara dəydiyi ziyanı, yəni tikintiyə çəkilən xərci, nə də icra başçısının müavininə verilən pulu geri qaytarır.

Bu arada, onu da bildirək ki, Xətai rayon icra başçısının nöqsanlı fəaliyyəti, əhalinin narazılığına səbəb olan əməlləri bunlarla bitmir.

Belə ki, Razim Məmmədov ölkə başçısının "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının" təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin "Qara şəhərin bərpası və inkişafı haqqında" sərəncamına əsasən həyata keçirilən Bakı Ağ şəhər layihəsi zamanı "Qara şəhər" sakinlərinə ödənilməli olan kompensasiyanı vermək istəmir.

Deyilənlərə görə, sözügedən ərazinin sakinlərinin böyük əksəriyyəti ilə hələ də müqavilə bağlanmayıb. Ümumiyyətlə, əhali Xətai Rayon İcra Hakimiyyətinin onların evlərinə və torpaq sahələrinə təklif etdiyi qiymətlə razı deyil.

Verilən məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyatı qurumlar Razim Məmmədova sökülən evlərin sakinlərini narazı salmamağı və hər kvadratmetrə görə 1500 manat verməyi tapşırıb. Ancaq buna baxmayaraq, icra başçısı "Burda mən, Bağdadda kor xəlifə" prinsipini əldə bayraq tutaraq öz bildiyini etməkdə davam edir.