BMT baş katibinə Mehman Hüseynovun işi barədə məlumat verilib

04/01/2019 - 20:53 22 708 0   0  

BMT baş katibi Antonio Gutereşin ofisinə Azərbaycanda həbs edilmiş bloger Mehman Hüseynovun işi barədə məlumat verilib.

Baş katibə aclıq elan etmiş blogerin ağır vəziyyəti və hakimiyyətin onu saxta ittihamla yeni müddətə mühakimə etmək cəhdi haqqında məruzə edilib.

BMT baş katibinə blogerin xilas edilməsi və müdafiəsi üçün zəruri tədbirlər görmək təklif olunub. Bu barədə Turan Agentliyinə beynəlxalq hüquq müdafiə qurumlarındakı mənbələrdən bəlli olub.

Bundan əvvəl ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Arlem Dezirə (Harlem Desir), Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçə (Dunja Mijatovic) və genişlənmə məsələləri üzrə Aİ komissarı Conass Hansa (Johannes Hahn) buna bənzər müraciətlər olunub.

Qeyd edilən xadimlərə Azərbaycan hakimiyyəti qarşısında Mehman Hüseynovun təqibinin yolverilməz olduğu və ona qarşı uydurma ittihamların ləğv edilməsi məsələsini qaldırmaq təklif edilib.

* Xatırladaq ki, bloger 2017-ci ilin martında həbs edilib və Nəsimi Rayon polis rəisinin verdiyi böhtan ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Dekabrın 26-da ona qarşı cəzaçəkmə müəssisəsinin əməkdaşını döymə ittihamı irəli sürülüb və o, karserə salınıb. Etiraz əlaməti olaraq o, quru aclıq elan edib. Dekabrın 30-da blogerin səhhəti kəskin pisləşib və o, huşunu itirib. Bundan sonra doğmalarının israrı ilə o, quru aclığı dayandırıb və su içməyə başlayıb.

Hüquq müdafiəçiləri Hüseynovun yüksək vəzifəli məmurlar arasında korrupsiyanı ifşa etdiyinə, habelə hakimiyyəti tənqid etdiyinə görə təqib edildiyi qənaətindədirlər.  //turan.az