SAXTA SƏNƏD SATAN “REKET JURNALİSTLƏR” VƏ AĞABƏY ƏSGƏROVUN “AZƏRBAYCAN” NƏŞRİYYATINDAKI MACƏRALARI - Ölkə rəhbərliyinin bu quruma da “əl gəzdirməsinə” ciddi ehtiyac var

07/04/2020 - 17:36 8 965 0   0  

Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi kadr islahatları son günlər media sahəsində də özünü göstərməkdədir. Qeyd edək ki, Azərbaycan mediasının “xaç atası” hesab olunan Əli Həsənov ötən il prezidentin köməkçisi vəzifəsindən azad edildikdən sonra media sahəsində bir durğunluq yaranmışdı. Belə ki, çoxları Ə.Həsənovun gedişinin ardınca onun ölkə mediasına nəzarət edən məlum şəbəkəsinin də çökdürüləcəyini geman edərkən, ölkə başçısı bir qədər gözləməyə üstünlük verdi. Budur, artıq həmin şəbəkənin üzvləri, yəni Əli Həsənovun “mogikanları” tədricən vəzəfələrini itirməkdədirlər...

Xəbər verdiyimiz kimi, iki gün əvvəl prezident İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərlini vəzifəsindən azad etdi. Bunun ardınca, dünən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov öz postundan uzaqlaşdırıldı. Şübhə yoxdur ki, bu islahatlar qarşıdakı günlərdə də davam edəcək və media sahəsində ciddi “təmizləmə prosesi” həyata keçiriləcək.

Çox təəssüf ki, bütün bunlarla yanaşı, son günlər medianın adından sui-istifadə hallarına da rast gəlinməkdədir. Söhbət xüsusi karantin rejimi şəraitində saxta “jurnalist vəsiqələri”nin 20-30 manat satılması haqda sosial şəbəkələrdə və müxtəlif saytlarda dərc olunan informasiyalardan gedir. Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Mətbuat Klubu (Press Klub) İdarə Heyəti bununla bağlı Azərbaycan vətəndaşlarına və kütləvi informasiya vasitələrinə müraciət də ünvanlamışdı. Həmin müraciəti Muxalifet.az saytında dərc etmişdik.

Sonradan bu məsələ ilə bağlı apardığımız araşdırma zamanı bəlli oldu ki, bu kimi saxta vəsiqələr illərdir “Azərbaycan” Nəşriyyatında kök salan qəzet və saytlar, daha dəqiq desək, “reket jurnalistlər” tərəfindən satılmaqdadır. Doğrudur, hazırda “Azərbaycan” Nəşriyyatı qapalı olduğundan, həmin “jurnalistlər”in bir çoxu mənzil şəraitində fəaliyyət göstərir və bu kimi qanunsuz əməllərini də məhz evdən həyata keçirirlər. Bunların isə bir çoxunun “Azərbaycan” Nəşriyyatının rəhbərliyinə yaxın şəxslər olduğu bildirilir...

Əli Həsənov

Xatırladaq ki, prezidentin sabiq köməkçisi Əli Həsənov vəzifədə olduğu dönəmdə “Azərbaycan” Nəşriyyatını tam olaraq nəzarətə götürmüşdü. Belə ki, onun nəşriyyatın ərazisini öz adamları vasitəsilə müxtəlif iş adamlarına satdırdığı, “jurnalistlərin ocağı” hesab olunan bu binanı özü üçün biznes mərkəzinə çevirdiyi haqda çoxsaylı informasiyalar vardı. Yəni Ə.Həsənovun yaxın adamı, “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov onun hər bir tapşırığını şərtsiz icra etdiyindən, bu qurum öz təyinatından tamamilə fərqli istiqamətə yön almışdı. Üstəlik, Ə.Həsənov yaxın qohumu Rauf Cəfərovu da “Azərbaycan” Nəşriyyatına direktor müavini təyin etdirmişdi ki, həm Ağabəy Əsgərova nəzarət etsin, həm də lazım olanda onun işlərini görsün. 

Doğrudur, “Azərbaycan” Nəşriyyatının idarəçilyində əsas söz sahibi olan daha bir nəfər də vardı. Bu, baş direktor Ağabəy Əsgərovun ən sevimli kadrlarından olan, qurumun mətbuat katibi Yeganə Qasımova idi. Hətta bəzi mənbələr deyirdi ki, A.Əsgərov “Azərbaycan” Nəşriyyatının idarəçilyini faktiki olaraq Y.Qasımovaya həvalə edib. Bu baxımdan, indiyədək nəşriyyatda bu xanımın sözü baş direktor qədər keçərli olub. Onun hər bir istəyi Ağabəy Əsgərov tərəfindən birmənalı şəkildə qəbul edilib. Görünür, elə bu cür idarəçilik sisitemi nəticəsində də “Azərbaycan” Nəşriyyatı son illər heç bir halda “jurnalistlərin ocağına” çevrilə bilməyib.

Ağabəy Əsgərov

Bunun əksinə, hazırda “Azərbaycan” Nəşriyyatında kriminal bir mühitin formalaşdığını, bu qurumun əxlaqsızlıq yuvasına çevrildiyini iddia edənlər də var. Bütün bunlar isə, heç şübhəsiz, Azərbaycan mediasının nüfuzuna böyük zərbədir. Odur ki, ölkə rəhbərliyinin media sahəsində həyata keçirilən islahatlar çərçivəsində “Azərbaycan” Nəşriyyatına da “əl gəzdirməsinə” ciddi ehtiyac olduğunu düşünürük./Muxalifet.az