“AST Telman” Putinlə bütün körpüləri yandırdı

04/11/2018 - 09:30 23 917 0   0  

Müflis olmuş oliqarx Telman İsmayılov Rusiya prezidentinə məktubla müraciət etməsi xəbərini bu cür təkzib etdi: “Belə bir məktub yoxdur və ola da bilməz...”

Müflis olan azərbaycanlı iş adamı, AST Şirkətlər Qrupunun qurucusu Telman İsmayılovun (“AST Telman”) bu ilin oktyabr ayının 25-də Rusiya prezidenti Vladimir Putinə məktub yazması barədə xəbər yayılıb.  İddia olunurdu ki, 2017-ci ilin dekabrından İnterpol xətti ilə beynəlxalq axtarışda olan “AST Telman” 12 səhifəlik məktubunda bildirib ki, “Çerkizov” bazarı bağlandıqdan sonra ədalətsiz situasiya ilə qarşı-qarşıya qalıb. Belə ki, onun kiçik partnyorlarına bizneslərini davam etdirmələri üçün digər iri meydanlar ayrılsa da, ona heç nə verilməyib.

Bundan başqa, keçmiş tərəfdaşları əlaqələrindən istifadə edərək ona hücum etməyə başlayıblar, maliyyə durumunu sarsıdıblar. Hüquq-mühafizə orqanları xətti ilə təqib olunduğu üçün ölkəni tərk etməyə məcbur olub. Daha sonra isə iki nəfərin qətlində ittiham olunaraq axtarışa verilib. T.İsmayılov eyni zamanda ona qarşı irəli sürülən cinayət ittihamını qəbul etmədiyini yazıb.

Bu xəbərdən sonra Putinin T.İsmayılovu hətta bağışlayacağı, onunla bağlı məsələlərə yenidən baxılacağı da iddia olunurdu.

Noyabrın 2-də isə T.İsmayılov Rusiya prezidentinə  məktub yazdığı barədə xəbəri təkzib edib. T.İsmayilov  bu xəbəri təxribat adlandırıb. “Belə bir məktub yoxdur və ola da bilməz. Deyilənlər yalandır” deyə, biznesmen deyib.

T.İsmayılovun Putinə məktub yazması barədə xəbərləri az qala 10 gündən sonra təkzib etməsi suallar doğurur. Özü axtarışda olsa da, hazırkı kommunikasiya imkanları ilə hətta həbsxanadan belə istənilən informasiyanı təkzib etmək mümkündür. Yəni “AST Telman”ın  bu xəbərin tirajlanmasına bu qədər müddət sonra reaksiya verməsi düşündürücüdür.

AST Telman Putin ile ilgili görsel sonucu

Mümkündür ki, T.İsmayılov həqiqətən də belə bir məktubla Rusiyanın dövlət başçısına müraciət etsin. Amma ya Kremldən lazımı reaksiya verilmədiyindən, yaxud da ona “gəl, bunları istintaqda sübut et” kimi cavab verildiyindən T.İsmayılov indi bu məktub məsələsini təkzib edir. Özü də necə? “Belə bir məktub yoxdur və ola da bilməz” kimi sərt mövqe ilə.

Əslində, uzun müddət Rusiyanın siyasi və biznes elitasında söz sahibi olan T.İsmayılovun V.Putinə müraciət etməsində qeyr-adi heç nə yoxdur. Amma xəbəri təkzib edən “AST Telman” əlavə edir ki, “belə bir məktub ola da bilməz”. Yəni  T.İsmayılov üslubu o deməkdir ki, Putinə heç vaxt kömək və ya ədalətli araşdırma üçün müraciət edə bilməz. Yeri gəlmişkən, T.İsmayılovu Vladimir Putin iki dəfə təltif edib.

T.İsmayılovla Putinin arasını vuran isə  iş adamının Türkiyədə 1,4 mlrd. dollara 2009-cu ildə açılışını etdiyi yeddiulduzlu “Mardan Palace” hoteli olub. Rusiyanın 2008-ci il defoltundan sonra İsmayılovun  bu hərəkəti Kreml rəhbərlərinin xoşuna gəlməyib və bundan sonra T.İsmayılov onların gözündən düşməyə başlayıb. Ona qarşı təqiblər başlanıb.

“Çerkizov” bazarı ile ilgili görsel sonucu

Nəticədə İsmayılovla münasibətinə görə Moskva meri Yuri Lujkov vəzifəsini itirməli olub. T. İsmayılovun Moskvada əsas gəlir mənbəyi olan  “Çerkizov” bazarı məhv edilib. O həmçinin Moskvada tikdirdiyi hoteli və Arbatdakı məşhur “Praqa” restoranını da itirib.

T.İsmayılov özü isə bir müddət əvvəl “tezliklə avropalı jurnalistləri toplayacağam və nüfuzlu rusiyalı siyasətçilərdən biri ilə qapalı danışıqlarımın mövzusunu açıqlayacağam. O, rəqabətə dözməyərək güc strukturlarının köməyi ilə biznesimi ələ keçirib” desə də, bu barədə hələ də susmağa üstünlük verir.

Yada salaq ki,  Rusiya İstintaq Komitəsi T.İsmayılovu və qardaşını iki biznesmenin qətlinə sifariş verməkdə, mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaqda ittiham edir. Onun qardaşı Vaqif İsmayılov hazırda həbsdədir. T.İsmayılov isə Avropa ölkələrindən birindədir, barəsində beynəlxalq axtarış elan edilib. T.İsmayılovun Rafiq adlı qardaşı şəriki olan iş adamı Vladimir Savkinin qətlində suçlanaraq həbs edilib.  Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.