"Sarı jiletlilər"in növbəti etiraz aksiyası

19/01/2019 - 19:15 8 968 0   0  

Fransada “sarı jiletlər” hərəkatının növbəti etiraz aksiyası keçirilir.

Hökumət tərəfindən milli debatların başlanmasına baxmayaraq, etiraz aksiyaları səngimir. Aksiyaçılar Parisdə bir neçə yerdə toplaşacaqlarını bildiriblər. Aksiyanın əsas nümayəndələrindən biri Erik Drue “les İnvalides” hərbi muzeyi qarşısında toplaşmağa çağırıb. Nümayişçilərin İtaliya meydanına doğru irəliləyəcəyi gözlənilir. Digər qruplar isə Bastiliya meydanında toplaşacaqlarını bildiriblər.

İctimai asayişi qorumaq məqsədilə ölkə üzrə 80 min, Parisdə isə 5 min polis səfərbər edilib. “Sarı jiletlər”in Facebook səhifəsində 27 min insanın etiraz aksiyası ilə maraqlandığı qeyd edilib, 2300 nəfər isə aksiyada iştirak edəcəyini bildirib.

AzərTAc bildirir ki, polisin aksiyaçılara qarşı rezin güllələrdən istifadə etməsi nəticəsində nümayişçilərin bəzilərinin ciddi şəkildə yaralanması, görmə qabiliyyətini itirməsi ölkədə böyük əks-səda doğurub.