Natiq Cəfərli: “Hakimiyyət dəyişsə 920 min adam işsiz qalmalıdır?”

11/10/2018 - 14:27 22 042 1   0  

REAL-ın icraçı katibi: “Bu mesajda hakimiyyətə heç bir dəstək fikri yoxdur. Tamamilə yanlış təsəvvürlər formalaşıb”

REAL partiyası idarə heyətinin üzvü Erkin Qədirlinin Meydan TV rəhbəri Emin Milli ilə Praqada ayaqüstü müsahibəsində “hakimiyyət bir müddət qalmalıdır, bizim idarəçilik təcrübəmiz, yoxdur” sözü sosial şəbəkələrin baş mövzusuna çevrilib.

Bunu REAL-ın mövqeyinə xələl gətirilməsi kimi qiymətləndirənlər də var, E.Qədirlinin sətiraltı iqtidara mesaj verdiyini düşünənlər də…Hazırda feysbuk gündəmində E.Qədirlinin həmin sözü müzakirə olunur.

Mövzu ilə bağlı partiyanın icraçı katibi Natiq Cəfərli AzEuroNews.com-un suallarını cavablandırıb:

– Natiq bəy, indi feysbukda fəallar Erkin Qədirlinin çıxışını müzakirə edirlər. Onun məlum fikrini partiya bölüşürmü yoxsa subyektiv fikridir?

– Erkin Qədirlinin fikirləri ciddi müzakirələrə səbəb oldu. Bu, özü-özlüyündə pozitiv haldır ki, hər dəfə onun fikirləri insanları düşünməyə, müzakirə etməyə sövq edir.

Ancaq onun fikirləri çox zaman şəxsi təcrübəsindən, dünyagörüşündən irəli gəlir. Bu da normaldır. Bu günə qədər həm həyat, həm müəllim təcrübəsi fikirlərinin formalaşmasında rol oynayıb.

Hər bir idarə heyəti üzvünün şəxsi düşüncəsi ola bilər. Amma bununla bağlı partiya tərəfindən yekdilliklə hər hansı sənəd qəbul olunmursa, təbii ki, REAL-ın mövqeyi sayıla bilməz.

– Sizcə Erkin bəyin vaxtaşırı bu cür fikirləri partiyanın ümumi siyasətinə, fəaliyyətinə xələl gətirmir ki? Çünki bir qrup hesab edir ki, əslində bu açıqlamalar sətiraltı olaraq hakimiyyətə dəstək mesajlarıdır…

– Bu mesajda hakimiyyətə heç bir dəstək fikri yoxdur. Tamamilə yanlış təsəvvürlər formalaşıb. Əksinə, hakimiyyəti düşünməyə çağırış var, müxalifət daha ciddi, hazırlıqlı olmalıdır, hakimiyyət uğrunda mübarizədə daha yenilikçi olaraq qalib çıxmalıdır.

Mesajın mahiyyəti ondan ibarətdir. Doğru düşünənlər, qərəzli olmayanlar üçün aydın mesajdır. Kimsə qərəzli olmaq istəyirsə, fikirləri kontekstdən çıxara bilər. Amma fikirləri kontekstdən çıxarmaq yox, hədəfə baxmaq lazımdır.

Hədəf budur ki, seçkiləri udub hakimiyyətə gəlmək lazımdır. Hazırlaşmadan hər hansı iş görmək təşkilatlar üçün xeyirli ola bilməz. Ona görə də Erkin Qədirlinin cümləsində qeyri-adi nəsə axtarmaq lazım deyil.

– Siz hazırkı vəziyyətdə müxalifətin kadr potensialını necə qiymətləndirirsiniz? Və ümumiyyətlə, yeni hökumət qurulursa, indiki iqtidarın kadrlarından istifadəyə necə baxırsınız?

– Əslində, həmişə düşüncəmiz belə olub, partiya proqramının sənədlərində də bu punkt var ki, dövlətdə məmuriyyət siyasətdən kənarda olmalıdır. Siyasi hakimiyyət dəyişəndə onlar öz vəzifələrində qalaraq işləməlidirlər.

Siyasi hakimiyyət seçki ilə formalaşır, üst vəzifələrdə yeni komanda olur, siyasət müəyyənləşdirikir. Yəni, iqtidara gələn siyasi qüvvə bu rolu üzərinə götürür.

Ona görə də bu mövqedə olmuşuq ki, orta və aşağı təbəqədə heç bir siyasi partiya üzvü olmayan, proseslərdə iştirak etməyən peşəkarlar yerində qalıb işlərini görməlidirlər. Bu gün müxtəlif nazirliklərdə, komitələrdə orta və aşağı vəzifələrdə işləyən peşəkarlar var. Onlardan istifadə olunmalıdır.

Ümumiyyətlə biləsiniz ki, büdcədən maliyyələşən təşkilatlarda 920 min nəfər işləyir. İndi siyasi hakimiyyət dəyişəndə həmin 920 min adam işsiz qalmalıdır və kadrlar dəyişdirilməlidir? Bu çox məntiqsiz yanaşma olar axı?!

O baxımdan müxalifət hökumət olmaq yolunda kadr potensialını genişləndirməli, kifayət qədər olan resursdan istifadə etməli, onu mobilizasiya etməyi bacarmalıdır. Həmçinin də dövlətdə kiçik və orta məmurlardan istifadə çox vacibdir. Bu qədər aydın və sadə…