"Ödəmə almayan şəxsin adı belə göstərilə bilməz" - Azərsığortadan RƏSMİ MÜNASİBƏT

11/10/2018 - 14:05 11 314 0   0  

Dövlət Sığorta Kommersiya Təşkilatı (Azərsığorta) 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş bəzi hərbi qulluqçuların ailələrinin birdəfəlik ödəmə ilə bağlı sistemdə yaşadıqları problemlərə aydınlıq gətirib.

Dövlət Sığorta Kommersiya Təşkilatının sədr müavini Aftandil Hacıyev bildirib ki, sığorta ödənişi almayan şəxslərin adı heç vaxt siyahıda ödəmə almış şxs kimi göstərilə bilməz:

"1992-ci ildən 1997-ci ilin avqustuna qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvləri (vərəsələri) arasında sığorta ödənişləri alan şəxslər var. Onlar bu ödənişi almadıqlarını iddia etsələr də, bu adlar siyahıda qeyd edilib. Bizdə hərbi qulluqçuların hərbi xidmətə gedib, hərbi xidmətdə həlak olub, şəhid olub və ya yaralandığına dair qeydiyyat aparılmır. Bizim qeydiyyatlarımız yalnız hərbiçilərin həlak olduğuna dair varisləri tərəfindən müraciət aldıqdan sonra başlayır. Həlak olan şəxslərin ölüm sənədi, hərbi xidmətdə olmasını təsdiq edən sənədləri rayonlar üzrə Dövlət Sosial Sığorta Şirkətinin filiallarına təqdim edilib. Həmin nümayəndəliklər isə toplanan bütün sənədləri bizim şirkətə göndərib. Şirkət tərəfindən təsdiq olunan sərəncamda yazılır ki, “filankəsin ölümü ilə əlaqədar hesablanmış bu qədər sığorta ödənişini onun varisinə ödəyəsiniz”. Hərbi qulluqçunun ailəsi də bu sığorta məbləğini almaq üçün vərəsəliklə bağlı sənəd alır. Həmin sənəddə isə sığorta haqqını almaq üçün filankəsov filankəsə vərəsəlik hüququnun verildiyinə dair qeyd yazılır. Rayonda həmin ailələr bu əsasla ödəməni alırdılar. Şirkətdə isə bu sənədlər saxlanılmır. Şirkət sənədləri təsdiq edib rayonlar üzrə göndərib və siyahı əsasında sığortalar ödənilib. Bu sənədlərin isə saxlanılması 5-10 il olur. Bundan başqa “Hərbi qulluqçuların sığortası haqqında” Qanunda iddia müddəti 3 il göstərilib. Yəni vətəndaşlar hərbi xidmətdə olduğu dövrdə aldığı xəsarət və ya ölümlə bağlı 3 il ərzində sığorta məbləğini almaq hüququna malikdir. Sadəcə Konstitusiya Məhkəməsində qeyd edilən bu müddət ləğv edildi və ondan sonra həmin vaxtı ölmüş və ya itkin dümüş hərbi qulluqçulara birdəfəlik ödəmələrin verilməsi üçün şərait yaradıldı. Bu gün ödəmələrlə bağlı proses başlayandan çoxsaylı müraciətlər daxil olub. Sizin vasitənizlə bir daha bildirmək istəyirəm ki, ödəniş almayan şəxslərin adı siyahıya necə daxil edilə bilər? Bizə müraciət edib "sənəd göstərin ki, biz ora qol çəkib məbləği təhvil almışıq". Baxın, bu məsələlərin hesablanması 20-25 il bundan əvvəl aparılıb. Həmin dövrə aid sənədlər isə arxivlərə təqdim olunub. Buna baxmayaraq bizdə hansı ailələrə nə qədər ödənişlərin edildiyinə dair jurnal siyahısı var. Burda anlaşılmazlıq yaradan məsələ odur ki, kiminsə atası və ya anası zamanında bu ödənişi alıb, amma qızının xəbəri yoxdur və indi qızı deyir ki, sığorta haqqı almamışıq. Bu prosedurla bağlı müraciətlərə cavab verilir. Lakin narazılığı olan şəxslər azad şəkildə məhkəmələrə müraciət edə bilərlər".

Bir çox ailələr daha əvvəl onlara verilən torpaq sahələrinin sığorta ödənişinə daxil olub-olmadığına dair suallarına da aydınlıq gətirən A.Hacıyev bildirib ki, torpaq sahələri sığorta ödənişlərinə aid edilmir:

"Şəhid ailələrinə verilən torpaqlar sığorta haqqına aid olunmur. Sığorta ödənişi yalnız pul vasitəsilə həyata keçirilir. Torpaq sahəsi, mülk, digər yardım və imtiyazların, əmlakın sığorta ödənişinə heç bir aidiyyatı yoxdur”./publika