"Kütləvi aksiyalar davam edəcək" - Tofiq Yaqublu

24/01/2019 - 21:59 15 463 0   2  

Fəalların bloger Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq tələbi ilə keçirdikləri aclıq aksiyası məqsədinə nail olub. Bu fikri Turan-a müsahibəsində aksiyanın təşəbbüskarlarından biri, Müsavat Partiyasının İdarə Heyətinin üzvü və Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu bildirib.

Aksiyanın məqsədi problemin işıqlandırılması, yerli ictimaiyyətin və dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi idi. Cəmiyyət, beynəlxalq mətbuat lazımi səviyyədə reaksiya verib, Yaqublu belə hesab edir.

Onun sözlərinə görə, aclıq aksiyası ən son addım idi, belə ki, ölkədə müstəqil məhkəmə yoxdur, hüquq sistemi işləmir və rəsmi qurumlardan ədalətə nail olmaq qeyri-mümkündür.

"Avtoritar rejimlərin hakimiyyətdə olduğu ölkələrdə aclıq aksiyası, həyati riski olmasına baxmayaraq, çarəsizlik addımıdır", deyə o bildirib.

Amma, Mehman Hüseynova qarşı cinayət işinə xitam verilməsinə baxmayaraq, siyasi məhbuslar problemi həll olunmayıb. Buna görə müxalifət kütləvi aksiyalar keçirməklə və digər siyasi fəaliyyətlərlə onların azad edilməsinə nail olmaq niyyətindədir.

Hələlik hakimiyyət bu tələbləri görməzdən gəlməyə çalışır, amma təzyiq gücləndikdə xalqın iradəsini nəzərə almaq məcburiyyətində qalacaq.

Onun sözlərinə görə, hakimiyyət hər yolla etiraz dalğasının qarşısını almağa çalışır: 19 yanvar mitinqinin iştirakçılarına təzyiq göstərir, onları polisə çağırır.

Yaqublu hakimiyyətin 26 yanvar mitinqinə icazə verilməyəcəyini istisna etməyib. "Onlar 26 yanvar mitinqinə icazə verməsələr, başqa metodlara əl atmalı olacağıq. Məsələn, eyni zamanda müxtəlif rayonlarda mitinqlər keçirmək kimi.

İcazəsiz aksiyalar da keçirə bilərik. Hakimiyyətə ən rahat və sivil yolu təklif edirik.

İstənilən halda, biz geri çəkilməyəcəyik və qalib gəlməliyik. Ümumiyyətlə, hərəkat sönməyəcək, o, yalnız güclənəcək", deyə Yaqublu qeyd edib.