Daha 142 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək - ƏƏSMN

01/12/2018 - 19:29 9 328 0   0  

Şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası ilə əlaqədar ƏƏSMN-də fəaliyyət göstərən Komissiyanın iclasında şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

İclasda bildirilib ki, ümumilikdə şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Onların vərəsəliyi notarial qayada təsdiq edilir və birdəfəlik ödənişlə təmin edilmək üçün elektron qaydada ƏƏSMN-ə göndərilir.

Təqdim olunmuş bu sənədlərə işçi qrupu tərəfindən baxıldıqdan sonra Komissiya tərəfindən ödəmənin verilməsi barədə qərar qəbul olunur. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsi dövlət başçısının mühüm sosial önəm kəsb edən humanist bir addımı olmaqla, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Qeyd edək ki, bu günədək artıq 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə 11 min manat məbləğində ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və ödənişin verilməsi prosesi davam etdirilir.