Bakı metrosunda güllələnə də bilərik…

12/01/2019 - 20:08 5 317 0   0  

Ötən gün Bakı metrosunda iki gəncin mübahisəsi ölümlə nəticələnib.

Metronun “Nizami” stansiyasında başlayan mübahisəni çöldə davam etdirən gənclərdən biri bıçaqla digərini qətlə yetirib.

Düzdü, hadisə metro xaricində baş verib. Amma hadisəni törədən gəncin metroya soyuq silahla daxil olması gözardına vurulmamalıdır. Deməli, belə çıxır ki, metroya bıçaqla daxil olan istənilən şəxs, platformaya odlu silah da keçirə bilər. Bəs, təhlükəsizlik tədbirləri necə tənzimlənməlidir?

Suveren.az yenicag.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirir ki, bu, çox çətin prosesdir:

“Dünya praktikasında belədir ki, metroya nəyi istəsən, keçirə bilərsən. Amma bizdə polis nəzarəti var. Çantalar qanunauyğun olaraq yoxlanılır”.

Bir ara metro turniketlərinin yanında metal yoxlama cihazları qoyulsa da, bunun quraşdırılması baş vermədi. Qurum rəsmisinin sözlərinə görə, bunu tənzimləmək çətin prosesdir:

“O vaxt cihazları quraşdırmaq variantı təklif olunmuşdu. Metro şəhərdaxili nəqliyyatdır. Aereport, uzaq məsafələrə səfər edən nəqliyyat vasitəsi deyil ki, burada sərnişinlərin sayı bəlli olsun. Amma metroda qatarlar 2 dəqiqədən bir hərəkət edir. Gün ərzində onminlərlə sərnişin daxil olan stansiyalarımız var. Bunları necə tənzimləmək olar ki? Bunu təsəvvür etmək çətin məsələdir. Metro ilə hava limanı və yaxud da başqa bir nəqliyyat vasitəsini müqayisə etmək düzgün deyil”.

Görünür, belə durumda məsələ vətəndaşın vicdanına qalır. Hər halda “Bakı Metropoliteni”nin rəsmisinin sözlərindən belə anlaşılır: “Ümumiyyətlə, nəqliyyatla bağlı məsələlərin 90 faizi sərnişinlərin etik normalarına riayət etməsi ilə bağlıdır. Yolla getdiyimiz yerdə kim zəmanət verir ki, hücuma məruz qalmayacağıq? Qaydalara əməl etmək lazımdır. Hər gün Bakı metrosundan 600 mindən çox sərnişin istifadə edir. Bunu təsəvvür edib, stansiyaların girişini bir az da məhdudlaşdırmaq mümkün deyil. Bizim üçün metroda təhlükəsizlik tədbirləri ön plandadır. Bununla bağlı hansı yeniliklər varsa, diqqətdə saxlayırıq. Zaman-zaman bununla bağlı müxtəlif addımlar da atılır. Optimal variant olmalıdır ki, çıxış yolu kimi ondan istifadə olunsun”.

Qurum rəsmisinin qeyd etdiyi kimi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün optimal variant tapmaq şərtdir. Əks halda platformaya üzərində keçirdiyi odlu silahla daxil olan şəxsin atəş açmayacağına heç kim zəmanət verə bilməz.  //yenicag.az