Gözdən əlillərin evinə göz dikən Şahmar İbadovun cinayət işi: şöbə müdiri onu ifşa etdi, çətin ki vəzifəsində qala... - Məhkəmə prosesi

18/12/2018 - 20:02 4 327 2   0  

Bu iş uzun müddət idi davam edirdi.

Gözdən əlillər aksiya keçirir, Yeganə Səlimova adlı vətəndaş xüsusi ilə ardıcıl olaraq faktlar açıqlayırdı.

Lakin Nərimanovun icra başçısı Abdin Fərzəliyevlə I müavini Şahmar İbadov təkzib edirdilər, gözdən əlillərə tikilən mənzillərin satılmasını, mənimsəmə olmasını danırdılar.

Buyurun, artıq Şahmar İbadov - ən qalmaqallı məmurlardan biri, adı biznesdə, torpaq satışında, otellərə, villalara yiyələnməsində, oğlunun avtoqəzada adam öldürməsini ört-basdır etməkdə hallanmış başçı müavini məhkəmədə ifadə verib.

Və verdiyi ifadə ilə karyerasını bitirib. Üstəlik, ittiham olunan tərəf - Nərimanov RİH-nin sabiq şöbə müdiri məhkəmədə ifadəsini təsdiqləyib.

O, Ş.İbadovun təzyiqi altında qanunsuz işlərə girişdiyini, gözdən əlillər üçün tikilən mənzilləri sağlam vətəndaşlara satdığını etiraf edib.

Vəssalam. Bu da deyilənlərin rəsmi təsdiqi, dövlət məmurunun cinayət qovluğunun yuxarılara təqdimatı...

Bundan sonra çətin ki, Şahmar İbadov vəzifədə çox qala bilsin. Onu da digər məmurlar kimi cəza gözləyir - prezident tərəfindən!

Çünki dövlət başçısı vətəndaşa qarşı cinayətə yol vermiş, onu süründürmüş, övladı harınlıq eləmiş, avtoqəzada adam ölümünə səbəb olmuş məmurları bağışlamır.

Şahmar İbadova isə möhlət verilmişdi. Abdin Fərzəliyev onu müəyyən qədər qorumuşdu. Lakin başçı müavini dərs çıxarmadı.

Bu məhkəmə işi isə onun sonunu yaxınlaşdırır. Bir tərəfdə oğlunun əməli, bir tərəfdə Nərimanovda qanunsuz hərəkətlər...

Çox güman ki, yaxın gələcəkdə prezident məsələdən detallı vaqif olanda, Nərimanov RİH-də ciddi dəyişikliklər edəcək.

İndi isə işin məhkəmə hissəsi il sizi tanış edirik. Belə ki,Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Report-un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov ifadə verib.

O bildirib ki, imtiyazlı ailələr üçün nəzərədə tutulmuş evlərin verilməsində Komissiya sədri olub: “Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə Hüquq şöbəsinə sənədlərin tezləşdirilməsini xahiş edirdim.

Sənədləşmə işi mənim səlahiyyətimdə deyildi, buna Hüquq şöbəsi baxırdı”. Hakim bildirib ki, vətəndaşların 99 faizi Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmədən ev növbəsinə qeydiyyata götürülüb:

“Təqsirləndirilən şəxslərə qarşı 6,5 milyon manat pulu dələduzluqla ələ keçirmək ittihamı irəli sürülüb”.

Ş.İbadov qeyd edib ki, bu barədə Hüquq şöbəsindən soruşmaq lazımdır: “İcra hakimiyyəti heç kəsdən pul almayıb”.

Göründüyü kimi, komissiya sədri olan Ş.İbadov “günah keçisi” taparaq bütün yükü Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevin üzərinə qoymaqla məsuliyyətdən yayınmağa çalışır.

Hakim söyləyib ki, zərərçəkmişlərin bir çoxu gözdən əlillər deyil. Elə məhkəmədə əyləşən zərərçəkmişlər də normal insanlardır. Onların ali təhsilləri və həmçinin bir neçə evləri var.

Lakin həmin şəxslər gözdən əllillər üçün nəzərdə tutulan mənzillərin alınması qeydiyyatına alınıb. Biz bilmək istəyirik ki, bu, hansı sənədlər əsasında belə olub?

İcra başçısının müavini yenə də bu suala Hüquq şöbəsinin sabiq rəhbərindən soruşmaq lazım olduğunu qeyd edib. Maraqlıdır, görəsən hüquq şöbəsi harda yerləşir? Afrikada?

Bu şöbə Nərimanov Rayon İcra Hakimiyyətinin deyilmi? Azərbaycan reallığında hansı strukturun hüquq şöbəsi rəhbərliyin xəbəri olmadan belə qanunsuzluğa yol verə bilərdi? Gülməlidir, deyilmi? Ağlamalıdır, əslində... Gözdən əlilin evinə göz dikən məmurların aqibəti belə olur, axırda qanun onların

gözünü çıxarır. Məhkəməyə ifadə verməyə gəlməsi də bunun göstəricisidir.

Sadəcə, şöbə müdirinin üstünə atmaqla guya kimlərisə aldatmağa çalışırlar. Halbuki, Nərimanov RİH-nun hüquq şöbəsi məhz komissiya sədri olan Şahmar İbadov və icra başçısı Abdin Fərzəliyevin göstərişləri əsasında bu özbaşınalığa imza atıb, gözdən əlil olmayanlara mənzillər satıb, indi də iş məhkəmədədir, rayon rəhbərliyi şöbə müdirini qurban verməklə vəziyyətdən çıxmağa çalışır.

Ən əsası, təqsirləndirilən Hüquq şöbəsinin sabiq rəhbəri N.Şıxəliyev deyib ki, Ş.İbadov onu bu işlərə görə hədələyib: “Belə çıxır ki, İcra Hakimiyyətində bu işləri yalnız mən görmüşəm, səlahiyyətlər də yalnız məndə olub”.

Mən orada yalnız sənədləri aparıb-gətirən şəxs olmuşam. Bu məsələ böyüyəndə Şahmar müəllim mənə dedi ki, "get polisdə izahat yaz".

Mən də gedib izahat yazdım. On bir aydır məhkəməyə gedib-gəlirəm, səhhətimdə problem yaranıb. Düzdü, bu işdə Şahmar müəllimin rolu olmayıb. Mənə göstərişləri Firdovsi müəllim verib. O deyirdi ki, “rəhbərliyin göstərişidir, işləri həll et”.

Niyaməddin Şıxəliyev ifadəsində söyləyib ki, bu işə onu Şahmar İbadov məcbur edib. Sənədləri də Şahmar İbadovun təzyiqi altında imzalayıb. N.Şıxəliyev ifadəsini təsdiq etdiyini bildirib.

Ş.İbadov isə şikayətlər çox olduğuna görə belə söz dediyini qeyd edib: “Heç kəsi məcbur etməmişəm. Nə də ki, ona müdaxilə etməmişəm”.

Ortada məhkəmə ifadələri var, kimin yalan, kimin düzgün danışdığı göz qabağındadır, məhkəmənin ədalətli qərar verəcəyinə böyük inam var.

İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6.5 milyon manatdır.

Gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzilləri heç bir əlilliyi olmayan 160-a yaxın insana satılıb.

Həmin binanın aşağı 4 mərtəbəsi gözdən əlillər üçün, qalan 8 mərtəbəsinin isə müəyyən güzəştlərlə Nərimanov rayonunun ərazisindəki yataqxanada qeydiyyatda olan və sosial vəziyyətləri çətin olan ailələr üçün nəzərdə tutulub.

Bu bina barəsində deyilənləri sabiq nazir Səlim Müslümov 2015-ci ilin payızında televiziyada səslənən müsahibələrinin birində təsdiqləyib.  //cahan.info