Türkiyəyə qarşı ittiham: Ankara öhdəliyini yerinə yetirmir

17/12/2018 - 19:21 18 844 0   0  

Suriyanın İdlib əyalətinin qubernatoru vəzifəsinin icraçısı Məhəmməd Fadi Saun Türkiyəni Soçidə əldə olunmuş razılaşmalara dair öz öhdəliklərini yerinə yetirmək istəməməkdə ittiham edib.

Suveren.az xəbər verir ki, “RİA-Novosti”yə müsahibə verən M.F.Saun deyib:

“Biz görürük ki, Türkiyə tərəfi silahlı qrupların demilitarizasiya zonasından kənarlaşdırılması ilə bağlı öz öhdəliyini yerinə yetirmir. Bizim bildiyimiz qədər, Türkiyə onlara təsir göstərə bilər, ancaq razılaşmanın yerinə yetirlməsi üçün lazımı ölçü götürmür. Noyabrın 13-ü, yaxud 14-də hakimiyyət orqanlarına məxsus binaların təhvil verilməsinə və ərazidə patrul xidmətinin göstərilməsinə başlanılmalı idi. Ancaq biz bir aydan sonra görürük ki, Türkiyə tərəfi öhdəliklərinin heç birini yerinə yetirə bilməyib. Əksinə, informasiya var ki, hərbi hissə demilitarizasiya zonasına salınıb”.

Qeyd edək ki, İdlib əyalətində demilitarizasiya zonasının yaradılması barədə razılaşma Rusiya və Türkiyə arasında bu ilin sentyabrında Soçidə əldə edilib. Şərtlərə əsasən, oktyabrın ortalarınadək Suriya ordusu və silahlı qruplaşmalar qeyd olunan rayondan ağır silahları çıxarmalı, daha sonra Türkiyə ilə Rusiya sərhəd xəttində birgə patrula başlamalı, həmçinin Hələb-Latakiya və Hələb-Hama yolu açılmalı idi.