İslam rejiminin dəhşətli sui-qəsd aktları - TƏFƏRRÜAT

09/10/2018 - 23:39 17 338 0   0  
İran rejimi həm ölkə daxilində, həm də xaricdə ona qarşı müxalifətdə olan şəxslərə qarşı sui-qəsd və edamları artıq 40 ildir ki, davam etdirir.

Suveren.az teleqraf.com-a istinadən bildirir ki, 1979-cu ildə qurulan islam rejiminin öz müxaliflərinə qarşı həyata keçirdiyi tədbirlər dünya mediasının diqqətindədir.

40 il əvvəl qurulan indiki İran rejimi ona qarşı olan siyasi fiqurları, müxalifət liderlərini, hətta sənətçiləri belə xarici ölkələrdə müəyyən edərək sui-qəsdlər həyata keçirib.

Məsələn, bu ilin avqustun ortalarında Avropada sui-qəsd planında yer aldıqları səbəbindən Tehranın Hollandiyadakı səfirliyinin iki diplomatı deportasiya olunub.

Belçika hökuməti bu ilin avqustun 2-də İran İnqilabı Milli Konqresi tərəfindən keçirilən və dünyanın hər tərəfindən qonaq dəvət etdiyi Paris konfransına mümkün bomba hücumuna görə iki Belçika vətəndaşını və bir iranlı diplomatı həbs etdiyini elan edib. Elə Fransanın özündə də bu hadisə ilə bağlı 3 nəfər saxlanılıb. Belçika prokurorluğu İran əsilli belçikalı cütlüyün avtomobilindən yarım kiloqram partlayıcı maddə və atəş açmaq üçün alətlər tapdığını elan edib. Eyni zamanda hadisə ilə əlaqəli İranın Avstriya səfirliyində çalışan diplomatın Almaniyada saxlanıldığı haqqında da informasiya ortaya çıxıb. Hollandiya isə yaşanan bu hadisələrin üzərindən bir neçə gün keçdikdən sonra iki iranlı diplomatı ölkədən deportasiya etdiyini açıqlayıb.

Diplomatların hansı səbəbdən deportasiya olunma səbəblərinin üzərindən sükutla keçilib. Ancaq sonradan məlum olub ki, Hollandiya hökuməti siyasətçi Əhməd Mevla Ebu Nahz Laheyd sui-qəsdə məruz qaldıqdan 8 ay sonra Əli Motemed adlı İran vətəndaşını deportasiya edib.

Qeyd edək ki, Əli Motemed adlı şəxsin əslində 1981-ci ildə İran rejiminin 80 əsas simasının öldüyü terror hadisəsində günahkar sayılan Xalq Mücahidləri Təşkilatının üzvü Məhəmməd Rıza Kolahi olduğu iddia edilir.

Hollandiya tərəfi bu haqda susmağa üstünlük versə də, İranın Ali dini lideri Əli Xamneiyə yaxın olan "Kayhan" qəzetində çıxan məqalədə qeyd olunub ki, İranın Hollandiya səfirliyində çalışan iki diplomatı deportasiya edilməzdən əvvəl Hollandiyanın müvafiq idarələrinə dəvət olunub, onlara əllərində İran rejiminin Əhməd Mevla və Əli Motemed sui-qəsdinə qatıldıqlarına dair bilgilərə sahib olduğu və bu üzdən də onların ölkədən deportasiya ediləcəyi bildirilib.

İranda islam inqilabı qalib gəldikdən sonra daxildə şah rejimi və onun yaxınlarına qarşı da təhdid kampaniyası başladılıb, minlərlə müxalifətçi dar ağacından asılıb. Eləcə də İran xüsusi xidməti xaricə qaçan müxalifətçilərin izinə düşməyə başlayıb. Avropa və ABŞ-da şahın dövründə vəzifədə olan məmurlara və yeni ortaya çıxan müxalifətə yönəlik sui-qəsd aktları həyata keçirilib.

Məsələn, Şah Rıza Pəhləvinin sonuncu baş naziri Şahpur Bəxtiyar Parisdəki evində bıçaqlanıb. Şahın əkiz qardaşı, şahzadə Əşrəf Pəhləvinin oğlu Şəhriyar Şefiq anasının yaşadığı mənzildən çıxarkən güllələnib. Həmçinin İran Kürdüstan Demokrat Partiyası adlı qurumun lideri Sadiq Şərəfkəndi üç dostu ilə birlikdə Berlindəki restoranlardan birində öldürülüb. Sadiq Şərəfkəndinin ölümündən sonra onun yerinə keçən Əbdülrəhman Qasımlı da sui-qəsd nəticəsində Vyanada öldürülüb. Eyni ssenari üzrə İran Milli Mübarizə Konqresinin rəhbəri Əbdülrəhman Boroumand Parisdəki evinin qarşısında bıçaqlanaraq öldürülüb. Şair və müğənni Fereydoum Ferruhzad Bonn şəhərində öldürülüb. Londonda mağazasının qarşısında öldürülən Rıza Fazildən sonra oğlu Hican Fazildə rejimin casuslarının sui-qəsdinə məruz qalıb.

İran rejimi 1990-cı illərin əvvəllərində, ələlxüsus Sadiq Şərəfkəndinin sui-qəsdlə öldürülməsindən sonra ciddi beynəlxalq təpki ilə üz-üzə qaldığı üçün xaricdə həyata keçirilən sui-qəsd planlarını qismən dayandırıb.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr Vaşinqtonda səfir olduğu dövrdə uğursuz sui-qəsdə məruz qalıb. Bu aktın da İranla bağlantılı olmasına dair ciddi şübhələr olub.

Qeyd edilir ki, ABŞ vətəndaşı olan iranlı casus Mənsur Arbabsiyar ABŞ-da məhkəmə binası önündə Səudiyyənin Vaşinqtondakı səfiri Cubeyrin öldürülməsi planını müzakirə etmək üçün narkotik tacirləri ilə görüşüb, bu məqsədlə dəfələrlə Meksikaya getdiyini etiraf edib. Ancaq Arbabsiyar Meksikda səfiri öldürmək üçün 1,5 milyon dollar təklif etdiyi zaman "tətikçinin" FTB agenti olduğunu bilməyib.