Rusiya deportasiya edilmiş gürcülərə təzminat ödəməlidir - Avropa Məhkəməsi

31/01/2019 - 21:35 5 449 0   0  

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Rusiya dövlətinin Gürcüstana 10 milyon avro (11,5 milyon dollar) ödəməsi haqda qərar çıxarıb. Bu məbləğ 2006-cı ildə Gürcüstan vətəndaşlarının Rusiyadan kütləvi deportasiyasına görə ödənməlidir.

Məhkəmənin yanvarın 31-də çıxardığı qərarda deyilir ki, məbləğ azı 1500 gürcüstanlıya deportasiya kampaniyası zamanı gördükləri ziyana görə ödənməlidir.

Qeyd edək ki, 2014-cü ilin iyulunda çıxarılmış ilkin instansiya hökmündə Strasburq məhkəməsi Gürcüstanın iddialarını təmin edib. Gürcüstan tərəfi deyir ki, Rusiyada yaşayan gürcüstanlıların “saxlanması, həbsi və qovulması hakimiyyətin koordinasiya olunmuş siyasəti” idi.

Məhkəmə qovulmaların “qanunsuz” olduğunu, Avropa İnsan Haqları Konvensiyasının pozulduğunu bildirib. Rusiya bu qərardan Böyük Palataya şikayət verib və bu qurumun qərarları yekun sayılır.

Gürcüstan hökuməti bildirir ki, 2006-cı ilin sentyabrından 2007-ci ilin yanvarınadək 4 min 600-dən çox deportasiya qərarı çıxarılıb, 2 min 300-dən çox gürcüstanlı saxlanaraq ölkədən məcburən çıxarılıb.

Rusiya hakimiyyəti isə bu kampaniyanın gürcüstanlıları hədəfə almadığını, deportasiyaların qanunsuz miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində həyata keçirildiyini deyir.

“Human Rights Watch” (HRW) insan haqları təşkilatı 2007-ci ilin sentyabrında yaydığı hesabatında bildirib ki, saxlananların təməl hüquqları pozulub, məsələn, vəkillə təmin olunmayıblar. Üstəlik, qovulanların çoxunun Rusiyada qanuni yaşadığı qeyd olunub.

“Gürcüstanlılar bəzən dəhşətli şəraitdə saxlanıb, hədələrə, pis rəftara məruz qalıb”, – Nyu Yorkda mənzillənən qurum bildirib. Deportasiyanı gözləyən iki gürcüstanlının isə təcridxanada dünyasını dəyişdiyi qeyd edilir.

“Azadlıq” radiosu xatırladır ki, mübahisəli deportasiya kampaniyasından iki il sonra, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında beşgünlük müharibə baş verib. Bundan sonra Moskva Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrinin müstəqilliyini tanıyıb.