"Azərbaycan ordusu şərti hədəfi yox, əsl hədəfi vurmalıdır"

13/03/2019 - 20:54 8 998 0   0  
Qüdrətli Azərbaycan ordusunun 5 günlük genişmiqyaslı hərbi təlimlərə başlaması ilk baxışda nə qədər sevindirici görünsə də, amma vurularaq məhv edilən hədəflərin şərti olması atılan güllələrin israf edilməsindən başqa bir şey olmayacaq. Çünki əsl "hədəfin" dünən helikopterlə işğal olunmuş Azərbaycan torpaqlarına arxayınlıqla uça-uça gəlməsi və bu gün Xankəndidə Ermənistan təhlükəsizlik şurasının iclasını keçirməsi bilindiyi halda, hansısa cansız hədəfləri topa tutmaq, qəlbində 25 ildən artıqdır ki, intiqam hissi alovlanan bir xalqın elə özünü topa tutmaq deməkdir.  
 
Ermənistan "nazirbaşının" 4-5 martda Brüselə səfəri çərçivəsində çıxışı zamanı Dağlıq Qarabağın həlli məsələsində yeni formatın tələb olunduğunu istəməsi, yəni burada Dağlıq Qarabağa Rusiyanın əli ilə "qondurulmuşların" da danışıqlarda tərəf kimi iştirak edə bilmələrini önə çəkməsi, qarşı tərəfdən olan Avropa Birliyinin genişləndirilməsi məsələləri üzrə komissarı Yoxannes Xan tərəfindən - "Yenilik xatirinə hansısa yeni mexanizm ixtira etməyə dəyməz, yaxşı olar ki, indiki formatı qoruyub saxlamaqla hərəkət edəsiniz" cavabı ilə yumşaqcasına rədd edilsə də, bundan bir qədər əvvəl Rusiya Xarici işlər nazirliyi də mövcud formatın dəyişdirilməsinə yox desə də, amma buna baxmayaraq Paşinyan öz bildiyindən dönmür. Bu azmış kimi, o, Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında çıxışı zamanı əsl erməni oğrusu kimi - "Azərbaycan tərəfi Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar çərçivəsində ümidləri doğrultmadı" deyərək elə bağırdı ki, doğrunun lap bağrı yarıldı. Erməni "paşası" elə hayqırır ki, sanki Azərbaycan ordusu Ermənistan ərazisinə girib və bütün təkidlərə baxmayaraq oranı tərk etmək istəmir. Əgər ermənilərdəki bu arxayınlığı və sırtıqlığı kimsə onların havadarlarından ruhlanaraq etdiyini düşünürsə, o şəxs köklü şəkildə yanılır. Ermənilərdə  artıq arxayınlaşma naturası formalaşıb. Yoxsa, Nikol oğlu Aşotun əsgər olaraq  Qarabağda  nə ölümü vardır? 
Sadəcə ermənilər bütün dünyanı barmaqlarına dolayıb heç kimi saya salmırlar.  Məgər Ermənistan təhlükəsizlik xidməti rəhbərinin bir neçə gün öncə qoşunların təmas xəttinə gələrək, "qırmızı-qırmızı" "Azərbaycana bir qarış da olsun torpaq qaytarmayacağıq" deməsi buna sübut deyilmi?!  
 
Baxın, bu arxayınlığın nəticəsidir ki, bu il "Artsaxforest" qeyri-kommersiya  təşkilatının təşəbbüsü ilə Azərbaycanın işğalda olan Ağdərə, Əsgəran və Xocavənd ərazilərinin 25 hektarında 4000 ədəd qoz tingi əkilib. Ermənilər bu qozlardan hətta 10-12 il ərzində bar götürməyi düşünür. Ötən illərdə isə onlar xurma, nar və ərik bağları saldıqları barədə də məlumat yaymışdılar. Bundan əlavə, onlar Qarabağda geniş tikinti-quruculuq işləri, həmçinin məskunlaşma siyasəti aparırlar. Odur ki, Brüseldən vurub Tehrandan çıxan, bunun ardınca hələ İsrailə səfərə hazırlaşan Paşinyanın Xankəndidə Ermənistan təhlükəsizlik şurasının iclasını keçirməsi, artıq onun bütün dövlətlərə və bütün beynəlxalq təşkilatlara dolayısı ilə "sizin təkliflərə, qərarlara, qətnamələrə və formata bir qoz" deyərək, Dağlıq Qarabağı birbaşa olaraq Ermənistanın ərazisi çərçivəsində görməsindən irəli gəlir.
 
Sözsüz ki, bütün bu həyasızlıqları görən istənilən haqq tərəfdarı az qala top kimi partlamaq istəyir. Top demişkən, bu ilin iyun ayında ermənilər Azərbaycanın işğal altındakı Xankəndidə tanınmamış dövlətlər arasında futbol üzrə "Avropa çempionatı" keçirməyi planlaşdırır. Hətta bu "yeni oyunla" bağlı "Müstəqil Futbol Federasiyaları Konfederasiyası" adlı saxta qurum tərəfindən qərar da qəbul edilib. Əlbəttə, Azərbaycan ordusu nə qədər ki, öz topunu əsl hədəfə doğru tuşlamayacaq, arxayınlaşmış ermənilər Qarabağda gah "eşşək ötüşdürəcək", gah da "top-top" oynayacaqlar.  
 
Azərbaycan beynəlxalq aləmdə bu cür qorxaq görkəmdə görünməsinə nəhayət son qoymalıdır. Çünki iş artıq ataların dediyi - "qorxan gözə çöp düşər" deyimindən çox keçib, indi  gözlərə nəinki çöp, hətta qoz, nar, xurma və ərik kol-kosu girir, bunlar azmış kimi onların üstündən də, doqquzluğa vurulan bir güclü top zərbəsi... 
 
Artıq ötən illər ərzində Qarabağ mövzusunda siyasiləşmiş Azərbaycan cəmiyyətinin ən sadə bir üzvü yaxşı bilir ki, BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq təcavüzə məruz qalmış dövlət bütün üsullardan istifadə edərək öz torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Doğrudur, bu gün beynəlxalq hüquq "ikiüzlülük" edib istənilən səviyyədə işləməsə də, amma onu haqlı tərəf istənilən halda "topa tutaraq" işlək vəziyyətə gətirə bilər. Odur ki, Azərbaycan ordusunun təlimlərdə topdan atacağı mərmilər Xankəndi futbol stadionuna düşsə, bu ermənilər üçün əsl "top-top" oyunu olar. Başqa sözlə desək, Azərbaycan ordusu şərti hədəfi yox, əsl hədəfi vurmalıdır.
 
 
Azərbaycan ordusu belə məqamda Kərbəlayi İsmayıl kimi "şura oyunun" axırını gözləməməlidir, Paşinyanın Xankəndidə keçirdiyi şuranı dağıtmaq üçün "Molla gəlmişkən ölən ölsün, qalan qalsın" deyimini əsas tutaraq, şərti düşməni və ya şərti hədəfləri əsl hədəflərlə əvəz etsə yəqin ki, dünya dağılmaz, əksinə dünya kor gözlərini açmış olar. 
 
Mübariz Azərbaycanlı, müstəqil jurnalist