Nəcməddin Sadıqov erməni diversantı əsir götürən hərbçiləri cəzalandırdı - ONLAR NIYƏ ORDUDAN XARİC EDİLDİ VƏ...

12/09/2020 - 00:51 4 867 0   0  

Bu gün sosial şəbəkələrdə cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilərin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun əmri ilə ordudan qovulması barədə xəbərlər yayılıb. İddialara görə, həmin hərbçilər nizamnaməni pozmaq və orduda qadağan olunmuş smartfonlardan istifadə bəhanələri ilə  cəzalandırılıblar.  

Suveren.az-ın məlumatına görə, Virtualaz.org bu iddialarla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Müdafiə Nazirliyindən bəyan ediblər ki, həmin hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır.

“Bu deyilənlər uydurmadır, ordu rəhbərliyinə qarşı böhtandır. Baş verənlərlə bağlı bunları bəyan edirik ki, bəzi hərbi qulluqçular Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”, - nazirliyin bəyanatında bildirilir.