"Əgər "TransXəzər" baş tutsa, ölkəmizin həm siyasi çəkisi, həm də tranzit gəlirləri artacaq" - NATİQ CƏFƏRLİ

26/03/2019 - 00:54 18 166 0   0  

"Azərbaycan yenə transmilli layihələrin mərkəzində yer alıb, sivil dünyaya yumşaq inteqrasiya, Qarabağ məsələsinin həlli üçün əlavə fürsət pəncərəsi açır"

"Bu fürsətdən yararlanmaq üçün idarəetmə sistemi dəyişməli, demokratik institutlar yaranmalı, istehsala dayalı yeni iqtisadi modelə keçid baş verməlidir"

"ABŞ prezidenti Donald Tramp Türkmənistan prezidentinə Novruz Bayramı münasibəti ilə təbrik məktubu göndərib. Həmin məktub "Neytral Türkmənistan" qəzetində çap olunub, mətndən sitat: "Ümid edirəm ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcək". Bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

REAL-ın icra katibinin sözlərinə görə, bundan başqa, fevralın 20-də Avropa İttifaqı Türkmənistana Avropaya qazı Azərbaycan vasitəsi ilə tədarük etməyi təklif edib: "Avropa İttifaqının Büdcə və İnsan Resursları Komissiyasının üzvü Günter Ettinger Azərbaycanın mavi yanacaq tranziti üçün infrastruktura malik olduğunu diqqətə çatdırıb. Avropa Birliyi ilə Türkmənistan arasında qaz tranziti ilə bağlı texniki komissiya yaradılıb. Hər iki xəbər Azərbaycan üçün çox önəmlidir, əgər "TransXəzər" baş tutsa, ölkəmizin həm siyasi çəkisi, həm də tranzit gəlirləri artacaq. Ölkəmizin tək özünün qaz ixracı potensialı Avropa üçün maraqlı deyil. Avropa Birliyi ölkələrinin illik qaz istehlakı 500 mlrd. m3-dir, Azərbaycan isə təkbaşına Avropaya ildə cəmi 10 mlrd. m3 qaz ixrac edə bilər ki, bu da Avropanın kiçik ölkəsi olan Macarıstanın təlabatını belə ödəmir - bu ölkənin illik təlabatı ildə 11,5 mlrd. m3-dir".

"Qərb "Cənub Qaz Dəhlizi" layihəsi ilə bir neçə məsələni həll etmək istəyir"

Avropa və ABŞ üçün "Cənub Qaz Dəhlizi"nin çox önəmli olduğunu vurğulayan Natiq Cəfərlinin fikrincə, Qərb bu layihə ilə bir neçə məsələni həll etmək istəyir: "Birincisi, Rusiya Avropa qaz bazarında təhlükəli domenant mövqedədir, ildə 150-160 mlrd. m3 qaz satır ki, bu da Avropa istehlakının 30%-nə bərabərdir. Rusiyanın təsirlərini azaltmaq istəyirlər. İkincisi, ABŞ özü Avropaya sıxılmış qaz satmaq istəyir. Amerika qaz hasilatında dünyada 1-ci yerə çıxıb, ildə 60-80 mlrd. m3 qaz satmağa imkanı var. Amma bunun üçün Rusiyanın bazar payı tədricən azalmalıdır. Üçüncüsü, gələcəkdə İraq, İran (əgər sanksiyalar qalxsa - qalxacaq da, daim sanksiya rejimi olmur), hətta İsrail qazı da hazır, Azərbaycanın puluna çəkilmiş boru xəttlərinə qoşula biləcək. Bununla da "Cənub Qaz Dəhlizi"nin illik qaz nəqli potensialı 33-35 mlrd. m3-ə qalxacaq. Beləliklə, Azərbaycan yenə iri, transmilli layihələrin mərkəzində yer alıb, bu məmləkətin sivil dünyaya yumşaq inteqrasiyası, Qarabağ məsələsinin həlli üçün də əlavə fürsət pəncərəsi açır. Amma bu fürsətdən yararlanmaq üçün məmləkətin idarəetmə sistemi dəyişməli, demokratik institutlar yaranmalı və oturuşmalı, istehsala dayalı yeni iqtisadi modelə keçid baş verməlidir. Yoxsa Qərb yenə öz maraqları çərçivəsində Azərbaycandan istifadə edəcək, əvəzində isə puldan başqa heç nə verməyəcək. Sonra həmin pulu da əlimizdən alıb əvəzinə heç vaxt istifadə edə bilməyəcəyimiz silah, bahalı uçaqlar, maşınlar, günlük istifadə üçün dərman, ərzaq verəcək. Yəni verdikləri pul yenə öz istehsalçılarına geri dönəcək".

Vazeh BƏHRAMOĞLU