İlqar Altaydan dövlətə, vətənə yeni dəstək formatı - TƏKLİF

15/04/2019 - 23:28 8 026 0   0  

 “Konkret əlaqələrim olmasa da, xaricdə ictimai, siyasi, diaspora tipli təşkilatlarımız çoxdur. Amma açıq deyim ki, onların əksəriyyətinin mövqeyi, fəaliyyəti və davranışı məni qane etmir. Çünki sırf xalq, vətən, dövlət üçün çalışan, necə deyərlər, vətən dövlət üçün döyünən ürək görmürəm....”

 

Bunu Versus.Az-a hazırda xaricdə yaşayan siyasi ekspert İlqar Altay "Xaricdə yaşayan azərbaycanlılar dövlətimiz üçün xeyirli təbliğatçıya çevrilmələri üçün koordinasiya olunurmu" mövzumuza açıqlamasında bildirib.

 

İ.Altay təəssüf hissi ilə qeyd edib ki, xaricdə olan həmyerlilərimizin əsas fəaliyyətləri daha çox özünə qulluq və öz koorporativ maraqları naminə bir-birinə qarşı yönəlməkdən ibarətdir:

 

“Onların şüurunda daha çox başqasına badalaq vurmaqla irəli çıxmaq ideyası görünür. Onlarda çox çalışmaq ideyası, istəyi yoxdur. Başlarını girləyib, daha çox pul, qrant almaq istəyənlər vətənə, dövlətə nə xeyir verəcəklər”.

 

İlqar Altay hesab edir ki, dövlətə yeni bir dəstək formatı üçün bütün dünya azərbaycanlılarını Azərbaycan dövlətinin qanadı altına yığmaq lazımdır. Onun sözlərinə görə, dövlətdən mümkün qədər mənəvi və maddi dəstək göstərilərsə, onları yaxşı təbliğatçıya çevirməklə hər birinin şüuruna “Azərbaycan-ana vətən” ideyasını yeritmək olar. Bu da dünyada yaşayan sıravi azərbaycanlıların dövlətimizin düşmənlərinə qarşı bir sipər, etiraz amili kimi dayanmasıdır. Dünyada uğur qazanan hər bir azərbaycanlı isə təbii ki, özünün əhatə olunduğu çevrədə ölkəsinin adını təmsil edən, yerli əhali arasında dövlətinə rəğbət qazandıran bir elçi olacaq:

 

“Təsəvvür edin, dünyada 60 milyona yaxın - Rusiya, Orta Asiya, ABŞ, Kanada, Gürcüstan, İran, Avropa və başqa-başqa yerlərə yayılıb, səpələnmiş formada yaşayan azərbaycanlılarımız var. Bu gün biz Avropa, ABŞ, Rusiyaya 10 milyonluq kiçik respublikanı yox, dünyaya yayılmış öz sözünü deyə bilən, təəssübkeş 60 milyonluq bir xalqı, milləti təqdim etməliyik. O zaman onlar bizə daha çox hörmət edər və hesablaşarlar. Dünya azərbaycanlılarının qurultayını Bakıda keçirmək olar. Lakin ora digər qurultaylardakı kimi yalnız diaspora nümayəndələrini yox, sadə azərbaycanlıları da cağırmaq lazımdır. Çünki hər bir sıravi azərbaycanlı xalqın, dövlətin səsini yayacaq bir təşkilatın yaradıcısıdır. Məsələn, belə tədbirlərə Qazaxstandan ağsaqqal Cəfər əmini, İqdırdan agbirçək Gülsüm nənəni çağırmalıyıq. Hansı ki, onların ürəkləri azərbaycanlı qanı ilə döyünür, dillərindən Azərbaycan, Bakı düşmür”.

 

İ.Altay belə bir siyasətin əslində gürcülərdə, yəhudilərdə, eləcə də işğalçı erməni dövlətində aparıldığını müşahidə etdiyini qeyd edib. İ.Altayın fikrincə, məhz bu cür güclü lobbiçilik, güclü diasporaların yaradılması siyasəti xaricdə yaşayan insanların şüurlarında, “böyükdür və güclüdųr” hissini yaradacaq. Və “biz, 10 milyonluq xalqıq” hissindən yalnız bu yolla qurtula biləcəyik:

 

“Təklif etdiyim təşkilatın üzvləri əsasən sıravi insanlardan olmaqla, tam demokratik prinsiplərlə hər bir azərbaycanlının ola bilər. Hər bir sıravi vətəndaş istənilən vaxt internet və sair əlaqələr vasitəsi ilə özünə dayaq, milli istinad, gųvən yeri kimi bu təşkilata üz tuta bilər. Təşkilat bütün dünya azərbaycanlıları arasında internet və sair tədbirlər vasitəsi ilə şəbəkə yaratmaqla arzu etdiyi zənciri yarada bilər. Təşkilatın mərkəzini Avropada - Almaniyada yaratmaq və hər bir ölkədə, məsələn, Orta Asiya, Rusiya, Amerika və digər yerlər üzrə yerli bölgə strukturlarını formalaşdırmaq olar. Bu təşkilat öz sıravi ųzvləri ilə dünyada ən böyük və əhatəli qurum olar və hər bir azərbaycanlı bu qurumu öz doğma evi hesab edər”.

 

İlqar Altay bütün azərbaycanlıları birləşdirmək üçün təklif etdiyi təşkilatın adını da açıqlayıb:

 

“Təşkilatın adını məqsədinə uyğun olaraq, "Dünya Azərbaycanlıları İnkişaflı, Demokratik Azərbaycan Uğrunda" qoymaq olar. Təşkilat bu adla bütün dünya azərbaycanlılarını əhatə edib, Azərbaycanı ana vətəni kimi diqqətdə saxlayıb onun inkişafını əsas götürər. Avropa - hamı görər ki, bu təşkilat demokratiya uğrundadır. Təşkilatın sondakı "Uğrunda", sözü mübarizə, dinamika deməkdir, yəni bu təşkilat məşvərət, yığıncaq, söz-söhbət yox, dinamika, hərəkət, mübarizə təşkilatıdır. Bu təşkilatın kadr heyətini, mətbuat orqanını təşkil etmək olar. Məqsədimiz, illərlə şüurlarda parçalanıb, səpələnərək kiçildilmiş Azərbaycanı öz həqiqi böyük məqamına qaytarmaqdır. Bu bir fikirdir və daha müvafiq təklif və ideya üçün açıqdır”.

 

ARZU
Versus.Az