Gürcüstanda erməniyə heykəl qoyulmasını kim sifariş edib?

27/01/2019 - 21:22 21 097 0   2  

“Gürcüstanın ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində Qarabağda dinc azərbaycanlıların qətlində iştirak etmiş erməni Mixail Avaqyana heykəl qoyulması Rusiyanın maraqlarına uyğundur”.

Suveren.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Gürcüstan İctimai Televiziyasının reportajına istinadən Rusiyanın “Vzqlayd” qəzetinin Tiflisdəki müxbiri bildirir.

Reportajda deyilir ki, Avaqyana heykəl qoyulmasına görə Bakı ilə Tiflis arasında diplomatik qarşıdurmanın yaranması ancaq Moskvanın işinə yarayır:

“Rusiya etnik azlıqların məskunlaşdığı bölgələrdə gərginliyin meydana çıxmasında, beləliklə də Gürcüstana əlavə problemlər yaranmasında maraqlıdır”.

Hakim “Gürcü arzusu” koalisiyasının parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze isə telekanala deyib ki, heykəlin qoyulması “mərkəzi hakimiyyətlə razılaşdırılmayıb”.

Gürcüstan XİN isə məsələ ətrafında ajiotaj qaldırmamağa çağırıb, bildirib ki, rəsmi Bakı ilə kommunikasiya qurulub və izahat verilir.

Xatırladaq ki, Axalkalaki rayonunun Buqaşeni kəndində “Kobra” ləqəbli Mixail Avaqyana heykəlin qoyulması Tiflislə Bakı arasında diplomatik gərginliyə, habelə Azərbaycan ictimaiyyətinin və KİV-lərinin kəskin reaksiyasına səbəb olub. Mixail Avaqyan həmin kənddə anadan olub, Ermənistanda yaşayıb və Qarabağ müharibəsi zamanı Qubadlı, Cəbrayıl, Füzuli rayonunun işğalında, habelə Xocalı qətliamında iştirak edib. 1994-cü ildə Horadiz döyüşləri zamanı öldürülüb.