İcra başçısının sökdürdüyü evlə bağlı məsələ böyüyür - Açıqlama

13/04/2019 - 21:52 5 179 0   0  

Abşeron rayon icra hakimiyətinin başçısı İradə Gülməmmədovanın göstərişi ilə Saray qəsəbəsində yaşayış evi uçurulub. Ev sahibinin sözlərinə görə, 1999-cu ildən həmin evdə yaşayırlar, bu gün - aprelin 13-də isə ailədə toy olmalıydı.

Tikili uçurularkən gəlinin cehizləri evdəymiş və bir çox əşyalar yararsız hala düşüb. Abşeron rayon icra hakimiyyətindən mətbuata verilən açıqlamada isə evin məhkəmə qərarıyla söküldüyü bildirilib

Millət vəkili Aqil Abbas sözügedən hadisəyə münasibət bildirərkən Sfera.az-a deyib ki, ölkə başçısının müvafiq sərancamına əsasən bu kimi tikililərə kupça verilməlidir. "Qanuni əsaslarla torpaq sahibisənsə 12 metrdən hündür olmamaq şərtilə həmin ərazidə layihəni icra orqanına təqdim etməklə fərdi ev tikmək olar”.

Aqil Abbas evi sökdürənin yox, tikdirənin yaddaşlarda yaşadığını vurğulayıb. "Bircə onu deyə bilərəm ki, yaddaşlarda tikdirən yaşayır, sökdürən yox. Kiminsə evini sökmək çox ağır məsələdi. Bu kimi halları qınayıram. Evi sökülən vətəndaş evini uçurduran qurumu məhkəməyə verə bilər. Həm də söhbət 20 ilin evindən gedirsə burada kifayət qədər araşdırmalı məqamlar var”.