“Həbsdə də olsam Qarabağı qaytarmağa imkan verməyəcəm…” – KÖÇƏRYAN

05/03/2019 - 20:08 13 276 0   0  

Ermənistanın eks-prezidenti Robert Köçəryan həbsxanadan “168 saat” qəzetinə verdiyi müsahibədə deyib ki, baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağın adından danışıqlar aparmaqdan yaxasını kənara çəkməsi ona çox şübhəli görünür.

Xəbər verilir ki, Köçəryan indiki hakimiyyətin Qarabağı qaytarmaq niyyətində olduğunu istisna etmir. Və hədələyir ki, harada olmasından asılı olmayaraq buna imkan verməyəcək.

“Paşinyan hansı izahatla maskalansa da danışıqlar şübhəsiz ki, gedir. Şübhələri isə danışıqların özü yox, baş nazirin bundan yaxasını kənara çəkmək səyləri yaradır”-Köçəryan deyib.

Onun sözlərinə görə, indiki hakimiyyətin Qarabağ nizamlanmasına dair mövqeyi məlum deyil, çünki bu mövqe indiyədək səslənməyib və məhz bu məqam narahatlıq yaradır.

“Mövqeyini formalaşdırmadan uğurlu danışıqları necə aparmaq olar? Danışıqlar oturub söhbət etmək deyil, əldə edilmiş uğurları möhkəmləndirmək alətidir. Qarabağ nizamlanmasında bir sıra prinsipial məqamlar var və hakimiyyət danışıqları başlamazdan əvvəl onların barəsində dəqiq yanaşmalara malik olmalıdır”-Köçəryan belə deyib.

Ermənistanın eks-prezidentinin və bu ölkəni 20 il idarə etmiş kriminal-hərbi rejimin əsas simalarından birinin fikrincə Azərbaycan prezidenti İlham Əliyev Nikol Paşinyanı “asanlıqla aldadıb”. Çünki Düşənbədə keçirilmiş “lift danışıqları” 2016-cı ilin aprel müharibəsindən sonra çətinliklə əldə edilmiş Vyana və Sankt-Peterburq razılaşmalarını “dəfn edib”.

Köçəryan deyir ki, erməni tərəfi güzəştlər baxımından  Azərbaycanda  və həmsədrlərdə münaqişənin həllinə dair “yüksək ümidlər” yaradıb. Ona görə də Minsk Qrupunun növbəti təklifi “xoş olmaya bilər”.

“Ola bilərmi ki, sizin həbsiniz də Qarabağa dair hansısa razılaşma planı ilə bağlı olsun. Hakimiyyət düşünsün ki, nə qədər siz həbsdəsiniz, bu məsələ ilə bağlı razılaşmaya getmək olar?”-müxbir Köçəryandan soruşub.

R.Köçəryan cavab verib: “Bu hakimiyyətdən nə desən gözləmək olar. İstər belə, istər elə, mən Qarabağın “təhvil verilməsi”inə dair istənilən cəhdə harada olmağımdan asılı olmayaraq mane olacağam”.

Köçəryanın fikrincə ictimaiyyət Paşinyanın Qarabağa dair hər addımını izləməli və onun ziddiyətli bəyanatlarına inanmamalıdır.

Köçəryanın bu müsahibəsi hakimiyyətdən devrilmiş kriminal rejimin Qarabağ kartından istifadə edərək revanş götürməyə çalışdığını təsdiq edir. Bu günlərdə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da belə cəhdlər haqda danışmışdı. Və demişdi ki, keçmiş kriminal rejim ölkədə xaos yaradıb Paşinyanın hökumətini devirsə Qarabağ da əldən gedəcək, Ermənistanın özü də…