"Dəqiq araşdırma aparsaq, Azərbaycan tarixinin hər günü işğaldır, matəmdir, itkidir"

26/05/2019 - 21:40 15 238 0   0  
Hər zaman vurğuladığım bir tezisin təsdiqləndiyini gördüyümdə sevinməkdən daha çox üzülürəm. Üzülürəm ki, biz dəyişmirik, biz yanlışlarımızdan uzaqlaşmaq əvəzinə israrla onu davam etdiririk və nəticə də hər zaman bizi, yəni azərbaycanlıları məyus edir. Tez -tez rast gəldiyimiz informasiya olduğuna görə, heç təəccüblə də qarşılamırıq. Yazırlar ki, Laçinin işğal günündə müğənni Eyyub Yaqubov Norveçdə konsert verdi. Dopdolu bir ittihamla artıq bir müğəninin xəyanətkar obrazı yaradılır və bu epizod üzərindən bir həssas vətənşivənlik dalğası adamı eninə-boyuna ağuşuna alıb aparmağa başladı. Yazırlar ki, adam 17 mayda- Laçının işğal günündə konsert verib, ittiham olunan tərəfdən əks cavab gəlir ki, konsert məhz 18 mayda olub. Sənədlərlə tanış olduqda isə Laçının işğalının 18 mayda yekunlaşdığı bəlli olur. Yəni adam düpbədüz işğal günü konsert verib. Əlbəttə, bütün işğal, deportasiya və milli faciə günlərimizin xatırlanması zəruridir, qeyd olunmalıdır və insanlarımızın bu günə duyarlılığı artırılmalıdır. Lakin dəqiq araşdırma aparsaq Azərbaycan tarixinin hər günü işğaldır, matəmdir, itkidir. Dağlıq Qarabağ, itirilən rayonlar, deportasiyalar, soyqırımlar, qanlı terror hadisələri- daha nələr, nələr. Böyük şair və düşüncə adamı Pablo Nerudanın İkinci Dünya müharibəsidə Moskvanın müsahirəsi zamanı şaxtada dondurma yeyən rusları gördüyündə təəccübləməsi və onların qalib gələcəyinə əminliyini qeyd etməsi də bizim necə yanlış düşüncə sahibi olduğumuzu bir daha ortaya qoyur. Xocalı günündə kimsə ucadan güldü, 20 yanvar günü kimsə qol götürüb oynadı, Şuşanın işğal günü futbol oynadı kimi ittihamlar əslində bizim mahiyyətdən çox epizodlara aludə olmamızdan və vətənpərvərliyin modusunun məhz bu epizodlar üzərindən müəyyənləşdirməyimizdən xəbər verir. Biz torpaqları azad etməliyik, biz düşməni əzməliyik, lakin matəm saxlamaq üçün ilin bütün günlərində bir əsasımız tapılacaq, bu matəmçiliyə aludə olmamızın bir faydası olacağını isə təsəvvürə gətirə bilmirəm. Bu, həm də bizlərin Ramazan ayında, Məhərrəmlikdə şənlənmək olmaz, may ayında toyun düşər-düşməzi olar kimi kəhanətlərimizdən qaynaqlanan bir milli-dini modelimiz olsa da, nəhayət ki, matəm psixologiyasında ilişib qalmış bir xalq obrazından qurtuluşun yolunu mütləq tapmalıyiq! Və tapmağa məhkumuq! 
Bir neçə gün öncə "Evrovizion" komandasının İsraildən mətbuat açıqlaması zamanı tərsinə qoyulmuş Azərbaycan bayrağına görə də təqdimatçı jurnalistlərin ittiham olunduğunu izləmişdik. Məsələ anlaşılan kimi adamlar bayrağı düzəltdilər və problem ortadan qalxdı. Əvəzində isə saxta vətənpərvərlik ittihamı yenə də aramsız bir cərəyan kimi üzərlərinə axdı. Bəlkə də məndən, səndən daha çox bayrağa sayğısı olan insanlar bir anlığa bir qorxunc sürünün yeminə çevrilməyə başladılar. 
İndi də Fuad Abbasov məsələsi ortaya çıxdığında bəziləri dərhal körpüdə deşik axtaramağa girişdilər və haradasa sübut etməyə çalışdılar ki, bəs ona qarşı edilənlər özünün əməllərinin nəticəsidir. Halbuki ittihamın adı digər dedi-qoduları bir kənara qoymağa əsas verirdi: millətlərarası ədavəti qızışdırmaq! Xatırlayırsınızsa, bu ittiham ötən əsrin 80-ci illərində SSRİ-nin göbəyindən gələn müstəntiqlərin Bakıda tərtib etdiyi ittihamnamələrdə Xəlil Rza və xalq hərəkatının təmsilçiləri olan digər vətənpərvərlərə qarşı irəli sürülürdü. İndi isə uzun illər keçəndən sonra Moskvada bir azərbaycanlı jurnalistə qarşı Rusiya polisi tərəfindən törədilən vandalizmin bu adla əsaslandırılması baş verib. Yenə də bizim oradakı və buradakı vətənşivənlərimizin yadına körpüdəki deşik epizodu düşüb və ictimai rəyin qorxusundan hələ ki, bu epizod barədə yazışmaları genişləndirə bilmirlər. Bağırmaq istəyirsən ki, adamı kiməsə borcuna görə, kiminləsə münaqişəsinə görə, yaxud özünü reklam etməsinə görə saxlamayıblar, döyməyiblər, təhqir etməyiblər. Adamı məhz Xəlil Rzanı ittiham etdikləri kimi erməniyə qarşı ədavəti qızışdırdığına görə ittiham ediblər. Rusiyada diasporanın başında, önündə və arxasında erməniyə qarşı deyil, məhz azərbaycanlılara qarşı ədavəti olanları razı salmaq üçün erməniyə qarşı ədavəti olanı qandallayır ki, kimsə bu yola bir daha baş vurmasın. Hər hansı bir Rusiya vətəndaşı olan bir azərbaycanlı milli davamızın bu cinahını, bu yükünü öz üzərinə götürməyə çalışmayıbsa, bunu məhz vətəndaşlığı olmayan, hər hansı bir xoşagəlinməyən hərəkətinə görə ən yaxşı halda deportasiya risqi ilə qarşılaşa bilən Fuad Abbasov götürübsə, buna görə sağ ol demək daha doğru addımımız olmazmı? Mən fakta baxaram, bu ora işləyir, o biri başqa yerə işləyir- bu ittihamlar doğru da olar, yanlış da. Adam səndən, məndən fərqli olaraq dəfələrlə Rusiya kanallarından Qarabağ davamız üçün döyüşübsə, artıq niyə xırda, cılız epizodları önə çəkərək mahiyyətdən uzaqlaşırsınız! 
Vətənpərvərliyin meyarlarını mənasız epizodlarda deyil, məhz işin mahiyytində axtarmalıyıq! Müğənni mahnısını oxumalıdır, yazar əsərini yazmalıdır, alim tədqiqatını aparmalı, siyasətçi ölkənin xilası yollarını axtarmalı, hərbçi isə savaş üçün hər an hazırlığını artırmalıdır. 365 günün hər biri ən azı bir şəhidimizin Haqqın dərgahına qovuşduğu gündür, soyqırım, deportasiya, işğal, terrora məruz qalındığı, doğmalarımızı itirdiyimiz, müstəqilliyimizə qəsd olunduğu gündür! Ancaq matəm aurası ilə babalarımız 28 may intibahımızı kəşf edə bilməzdilər, Bakını işğaldan azad edə bilməzdilər, 18 oktyabrı gerçəkləşdirə bilməzdilər! Bu gün daxildəki özümüzdən fərqli olaraq xaricdəki özümüzün bir nəfəri də bizim üçün dəyərlidir, bir fəalımızın təhqir olunaraq susdurulması həm də maraqlarımızın susdurulmasıdır! Bu maraqların qoruyucusu yalnız dövlət ola bilməz, ayrı-ayrılıqda hamımız yanan Kəbəyə ən azı dimdiyində su gətirib söndürməyə çalışan qaranquş qədər səmimi olmağa borcluyuq.
 
Fazil Mustafa, Millət vəkili