Rəsmilər siyasi məhbusların olmasını inkar etsə də, Azərbaycandakı siyasi məhbusların üzləşdiyi xüsusi qadağalar var

17/12/2018 - 23:12 18 595 0   0  

“Açıqlama etmədən qadağan edirlər”.

Azərbaycanın rəsmiləri ölkənin cəzaçəkmə müəssisələrində siyasi məhbusların olmasını inkar etsə də, əksər yerli və beynəlxalq insan haqları təşkilatları bununla razılaşmırlar. Bir çox köhnə və hazırkı siyasi məhbus ailələri, siyasi fəaliyyətinə görə həbs edilənlərin nəinki ədalətsiz olaraq azadlıqdan məhrum edildiklərini, hətta onların kitab oxumaq və ailələri ilə danışmaq kimi sadə haqlarından da məhrum qoyan qadağalarla üzləşdiklərindən danışırlar.

Siyasi məhbusların Müdafiə Mərkəzinin hazırladığı hesabata əsasən, hazırda Azərbaycanda 150-dən çox siyasi məhbus var.

“Amnesty İnternational”, “Human Rights Watch” və “Freedom House” kimi beynəlxalq insan haqları təşkilatları dəfələrlə Azərbaycan hökumətinə qarşı jurnalistlərin aktivistlərin təqib və həbs edilməsini pisləyən sərt açıqlamalar veriblər.

Buna baxmayaraq, hakimiyyət ölkədə siyasi məhbusların olmasını inkar edir.

Mütaliə qadağası

Siyasi məhbus İlkin Rüstəmzadənin anası Atlas Hüseynova deyir ki, dəfələrlə İlkinin özü istədiyi kitabları həbsxanaya aparsa da, içəri keçirməyəcəklərini deyib geri qaytarıblar.

“Bir neçə dəfə kitablar göndərməyə çalışdıq. Onlardan bəzilərinə icazə verildi və bəziləri geri göndərildi. Son dəfə onlar heç birinə icazə vermədi. Kitablar siyasi deyildi, əksəriyyəti dünya ədəbiyyatından seçilmiş kitablar idi. Amma heç bir izahat vermədən onları qadağan etdilər”, — deyə Hüseynova OC Media-ya bildirib.

Demokratiya naminə NİDA Vətəndaş Hərəkatının üzvü olan İlkin Rüstəmzadə Azərbaycan ordusundakı əsgər ölümlərinə etiraz etdiyinə görə beş ildən çoxdur ki, həbsdədir. Rüstəmzadə 2013-ci ildə həbs olunub və “kütləvi iğtişaşları təşkil etmək” ilə ittiham olunurdu. “Human Rights Watch” bu ittihamı “saxta” adlandırıb.

Müsavat Partiyasının divan üzvü Tofiq Yaqublu, 2013-ci ildə İsmayıllıda baş verən iğtişaşları təşkil etməkdə günahlandırılaraq həbs edilmiş və 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Tofiq Yaqublu deyir ki, həbsxanalarda məhkumların hamısı məhdudiyyətlərlə üzləşirlər, amma siyasi məhbuslara nəzarət daha sərtdir.

“Siyasi kitablar bir cinayətkara, ya da narkotik satıcısına gətirilərsə, heç bir məhdudiyyət tətbiq edilmir. Onlar kitabları içərisində narkotik olub-olmadığına görə yoxlayırlar. Lakin siyasi məhbus kitab istədikdə dərhal məzmununa və kitabın adına baxırlar”.

Tofiq Yaqublu deyir ki, bu cür məhdudiyyətlərin əsl səbəbi nəzarət etməkdir və səlahiyyətli şəxslərin birbaşa göstərişi ilə reallaşır.

Yaqublu onu da əlavə edir ki, məhbusları gərginlikdə saxlamaq üçün süni maneələr yaradılır:

“Həbsxanada olduğum zaman mənə və digər siyasi məhbus dostlarıma müxalifət qəzetlərini almağa icazə vermirdilər. 10 saylı Kürdəxanı təcridxanasında mənimlə birgə olan yeddi siyasi məhbus uzun müddət şikayət edib, tələbimizi irəli sürdük. Bir müddət sonra şikayətimiz təmin olundu. Qəzet oxumaq üçün yalnız bir saat verildi ki, bir saatda yeddi adam arasında iki qəzeti oxumaq fiziki mümkünsüz idi”.

Fariz Namazlı foto sosial şəbəkə

Azərbaycanlı hüquqşünas Fariz Namazlı qeyd edir ki, qanunla qadağan edilmiş kitabların rəsmi siyahısı var, lakin çox halda siyahıya alınmamış kitablar da qadağan edilir.

Namazlı OC Media-ya bildirib ki, öz müşahidələrinə əsasən bu “xüsusi” qadağa adətən siyasi səbəblərdən tutulanlara tətbiq olunur.

Kommunikasiya qadağası

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin may ayında Gürcüstanda oğurlanıb və bir gündən sonra Azərbaycan həbsxanasında olduğu məlum olub. Əfqan Muxtarlı qaçaqmalçılıq, qanunsuz sərhədi keçmə və polisə müqavimət göstərməkdə günahlandırılaraq, 6 il həbs cəzasına məhkum edilib.

Qanuna görə Muxtarlı hər həftə ailəsi ilə danışma hüququna malikdir. Lakin həyat yoldaşı Leyla Mustafayeva deyir ki, son zamanlar Əfqan ayda cəmi bir dəfə zəng edə bilir.

“Həbsinin ilk ayında heç danışıq olmadı. Daha sonra isə davamlı olaraq hər həftə təxminən eyni vaxtda zəng edirdi. Lakin son bir neçə ay ərzində mən yalnız bir dəfə onunla danışa bilmişəm. Əfqan deyir ki, danışmağa mane olurlar”, — deyə Mustafayeva OC Media-ya məlumat verib. Mustafayeva deyir ki, hətta Əfqan Muxtarlının istədiyi bir neçə kitabı da içəri keçirməyə qoymayıblar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının baş katibi Natiq Adilovun sözlərinə görə, may ayında həbs edilmiş üç partiya üzvü — Babək Həsənov, Aqil Əli Məhərrəm və Ruslan Nəsirli də dörd aydır ki, ailə üzvləri ilə telefonla danışa bilmir.

"Hər məhbus hər dörd gündən bir ailələri ilə danışmaq hüququna malikdir. Məhbusların hüquqşünasları rəsmi şikayətlə müraciət edirlər, lakin onları heç bir əsaslandırma verilmədən bu hüquqlardan məhrum edirlər. Hətta ciddi cinayətləri törədən məhbuslar bu fürsətə malikdirlər, lakin siyasi məhbuslar deyil. Bu qərəzli münasibət bu həbslərin siyasi motivli olduğunu sübut edir”.

Əli Həsənov foto Azərtac

Təzyiq və tərk edilmişlər

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevral ayında mətbuata bildirib ki, siyasi məhbus problemi Qərb ölkələrində daha qabarıqdır:

“Azərbaycan demokratik bir dövlətdir və konstitusiya normalarına uyğun olaraq ölkədə qanunvericilik, icra və məhkəmə orqanlarının müstəqil fəaliyyəti təmin edilir. Buna görə də, bəzi “faktlara” əsasən hökumət şöbələrinin, müəyyən dövlət orqanlarının imicini zərbə altında qoyan qərəzli bəyanatları qəbul etmirik”.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun sözlərinə görə, həbsxana orqanları hər hansı bir məhbusu öz qanuni hüquqlarından məhrum etmir. Sadəcə dini və irqçi ekstremizmi və ya əxlaqsızlığı dəstəkləyən kitabların həbsxanalara keçirilməsi qadağandır.

Sadıqov OC Media-ya deyir ki, qohumları və dostları tərəfindən məhbuslara gətirilən bütün kitablar nəzarətçilər tərəfindən yoxlanılır və əgər bu kitablar qanunla icazə verilirsə, onlar məhbuslara göndərilir, əks halda geri qaytarılır:

“Biz siyasi məhbusları digər məhbuslardan fərqləndirmirik, üstəlik, cəzaçəkmə müəssisələrində “siyasi məhbus” anlayışı yoxdur. Ümumiyyətlə, onlar hamısı məhbuslardır və qanun hamı üçün bərabərdir”.

Sadıqov deyir ki, Penitensiar Xidmət məhbusların intellektual qabiliyyətlərini inkişaf etdirmək üçün həvəsləndirmək məqsədilə həm dövlətin hesabına, həm də QHT-lərin dəstəyi ilə kitabxanaları zənginləşdirir.

Dövlətə xəyanət və casusluq ittihamı ilə siyasi məhbus olmuş jurnalist Rauf Mirqədirov deyir ki, məhbusların həbsxanadan siyasi proseslərə qoşulması mümkün deyil və hökumət bunu bilir. Sadəcə məqsəd birbaşa psixoloji gərginlik yaratmaqdır. Çünki ziyalılar belə situasiyada özlərini əzilmiş, tərk edilmiş hiss edirlər.

“Digər səbəb isə oxumağa maraq göstərən siyasi məhbuslar üçün informasiya çatışmazlığı yaratmaqdır”, — deyə Mirqədirov əlavə edib.  //OC-Media