KXDR nüvə reaktorlarının tikintisini davam etdirir – BAEA

22/11/2018 - 23:33 24 166 0   0  

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) hesab edir ki, Şimali Koreya nüvə reaktorlarının tikintisini davam etdirməkdədir.

Bunu agentliyin baş direktoru Yukiya Amano təşkilatın 35 üzvdən ibarət Direktorlar Şurasının Vyanada keçirilən iclasında bildirib. Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Yonqbyon nüvə kompleksində nüvə reaktorlarının tikintisini davam etdirməkdə şübhəli bilinir. Müşahidələr əsasında həmin kompleksdə reaktorların soyuducu sistemlərində iş aparılmasına dair məlumatlar əldə edilib. Söhbət, eyni zamanda, tikintisi hələ başa çatmamış reaktorlar üçün nüvə komponentlərinin istehsalı ilə bağlı fəaliyyətlərdən də gedir. Şübhələrin təsdiq və ya təkzib edilməsi isə yalnız agentliyin müfəttişləri tərəfindən həmin ərazidə yoxlamalar aparılmasından sonra mümkün ola bilər.

Qeyd edək ki, KXDR 2009-cu ildən BAEA müfəttişlərinin bu ölkədəki nüvə komplekslərinə girişinə icazə vermir. Həmin vaxtdan BAEA bu ölkədəki nüvə fəaliyyətini yalnız peyk vasitəsilə izləyə bilir. Son dövrlərdə ABŞ və KXDR arasında başlanan siyasi proses bu ölkənin nüvə proqramına son qoymasına gətirib çıxarmalıdır. Lakin beynəlxalq agentlik Şimali Koreyanın nüvə silahının ləğvinə dair vədlərə ciddi yanaşmasına şübhə edir.