SERBİYA SİLAHLARININ GÜRCÜSTANDAN ERMƏNİSTANA DAŞINMASINI RUSİYA TƏMİN EDİB - Bu silahlar Ermənistana çatar-çatmaz Tovuza hücum edilməsinin pərdəarxası... / TƏHLİL

26/07/2020 - 00:18 4 159 1   2  

İki gün əvvəl Muxalifet.az-da dərc olunan "Gülləni bizə atanı deyil, onu erməniyə satanı ittiham etmək..." sərlövhəli yazımızda Rəsmi Bakının mövqeyini tənqid etmişdik. Qeyd etmişdik ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təxribat məqsədilə ortaya atılan bir informasiyanın girovuna çevrilib. Söhbət Serbiyanın ermənilərə silah satmasından və bunun Gürcüstan üzərindən daşınmasından gedir. 

Doğrudur, belə bir alqı-satqının olduğu inkar edilmir. O cümlədən, qonşu Gürcüstan da həmin silah-sursatın bu ölkənin üzərindən daşındığını dolayısı ilə etiraf edir. Amma Gürüstanın dövlət rəhbərlərinin - istər baş nazir, istər xarici işlər naziri, istər də spikerin açıqlamalarından belə anlaşılır ki, rəsmi Tiflis bu məsələdə hüquq normalarından kənara çıxmayıb. Gürcüstan burada sadəcə tranzit rolu oynadığından, hər üç dövlət rəsmisi bu silahların daşınmasına əngəl ola bilmədiklərini açıqlamağa çalışıblar. 
Təbii, gürcü rəsmilər bu silahların Gürcüstan vasitəsilə daşındığını rəsmi olaraq etiraf etmirlər. Bununla belə, hər üç dövlət rəsmisinin mətbuata açıqlamasında bu sualdan diplomatik qaydada yayınması və həmin informasiyanın təxribat məqsədilə ortaya atıldığını xüsusi olaraq vurğulaması məsələnin nə yerdə olduğuna kifayət qədər aydınlıq gətirir. 
Gürcüstan rəsmilərinin açıqlamalarında diqqətdən qaçan bir məsələ isə, yaranmış qalmaqalın arxasında duran qüvvələrin kimliyini və onların gerçək məqsədini ortaya qoyur. Maraqlıdır, gürcülərin də dediyi kimi, bu informasiya təxribat məqsədilə tirajlanıbsa, bəs, burada hansı qüvvələrin rolu var? Əlbəttə, bu fakt Gürcüstan rəsmilərinə çox yaxşı bəllidir. O cümlədən Azərbaycan rəhbərliyində də bu haqda kifayət qədər geniş məlumat olduğu istisna deyil. Hər iki tərəfin davranışlarından anlaşılan odur ki, burada üçüncü qüvvənin əli var. Şübhəsiz, bu qüvvə həmin informasiyanı heç də Azərbaycanı sevdiyi, yaxud ermənilərin silahlandığından narahat olduğu üçün gündəmə ötürməyib. Görünən odur ki, burada məqsəd məlum faktdan yararlanıb, Gürcüstan və Azərbaycan arasındakı münasibətləri gərginləşdirməkdir. O zaman isə ortaya belə bir sual çıxır: hazırda bu iki ölkə arasında əlaqələrin pozulması kimə lazımdır? 
Şübhəsiz, burada ilk olaraq ağıla gələn Rusiyadır və ikinci bir ehtimal da düşünülmür. Görünür, ortada da məhz Rusiya faktoru dayandığından, Gürcüstan rəsmiləri təxribatçının kimliyini açıq şəkildə ifadə edə bilmirlər. Həmçinin, bu fakt rəsmi Bakıya da bütün çılpaqlığı ilə bəlli olduğundan, Gürcüstanla bağlı heç bir diplomatik gəlişmə qeydə alınmadı. Azərbaycan XİN sadəcə ermənilərə silah satan Serbiyanın Bakıdakı müvəqqəti işlər vəkilini dəvət edib, öz etirazını çatdırmaqla öz işini bitmiş hesab etdi. Bu haqda ötən yazımızda ətraflı qeyd etdiyimizdən, həmin məsələyə təkrar qayıtmağa lüzum görmürük.
Lakin hazırda diqqətimizi çəkən bir məsələ də var: bu informasiya onu tirajlayan mediaya hansı qüvvələr tərəfindən ötürülüb. Əlbəttə, ilk baxışdan düşünmək olardı ki, burada Azərbaycan xüsusi xidmət orqanlarının əli var(sayt hərbi mənbələrə istinad edir - müəl.). Amma bu günlərdə rusiyalı jurnalist M.Şevçenkonun açıqlaması diqqətləri yenə də Moskvaya yönəldir. Rus jurnalist “Osoboye mneniye” verilişində iddia edib ki, Rusiya hələ Mixail Saakaşvili dönəmində rəsmi Tiflisin boynuna Ermənistana hərbi yüklərin göndərilməsi üçün koridor təmin etmək öhdəçiliyi qoyub. Bu informasiyanın həqiqiliyinə inansaq, Serbiyanın ermənilərə satdığı silahın Gürcüstan üzərindən daşınmasında Rusiyanın rolunun olduğu ortaya çıxır. Görünür, Gürcüstan rəhbərliyinin "bu informasiya təxribat məqsədilə yayılıb" açıqlaması da, dolayısı ilə diqqətləri Moskvaya yönləndirmək olub. Üstəlik, bu məsələ həm də onu deməyə əsas verir ki, Rusiya ilə Gürcüstan arasında məlum hərbi anlaşma mövcud olduğundan, rəsmi Tiflisin Serbiyadan alınan silahları Ermənistana ötürməkdən başqa şansı qalmayıb. 
O ki qaldı Rusiya və Gürcüstan arasında silahların daşınması ilə bağlı sözügedən anlaşmaya, nəzərə alsaq ki, Ermənistanda hələ sovetlər birliyi dönəmindən Rusiyaya məxsus 102-ci hərbi hissə mövcuddur və Kreml buradakı silahları zaman-zaman yeniləməyə məcburdur, deməli, məlum öhdəçiliyin olduğu şübhə doğurmur. Ən azı ona görə ki, Gürcüstan hazırda Rusiyanın Ermənistandakı hərbi bazasına silah ötürmək üçün yeganə quru sərhhəddidir və Moskvanın bu anlaşmanın çoxdan imzaladığı istisna deyil.

Konkret olaraq Serbiyanın Ermənistana satdığı silahların ötürülməsinə gəldikdə, burda haqlı olaraq belə bir sual meydana çıxır: Rusiyanın özü bütün dünyaya silah satdığı halda, Ermənistan nə üçün Serbiyadan silah almağa meyl edib? İstisna deyil ki, bu alqı-satqı Ermənistanı özünün "forpostu" gözündə görən Rusiyanın razılığı ilə baş tutub. O halda Kreml nə üçün belə bir anlaşmaya razılıq verib? Bu suala cavab tapmaq üçün alınan silah-sursatın həcminə nəzər salmaq kifayət edər. Hansı ki, Serbiya rəsmilərinin açıqladığına görə, Ermənistana satılan silahın dəyəri 1 milyon avrodan az olub. Bu isə onu deməyə əsas verir ki, Gürcüstan üzərindən Ermənistana cəmi 1 yük maşını silah daşınıb. 
Üstəlik, bu alqı-satqının 2020-ci ilin may-iyun ayında baş tutduğunu və bu silahların isə Ermənistana ən azı bir neçə həftəyə çatdırıldığını təxmin etsək, burada diqqətimizi daha bir vacib məsələ cəlb edir. Demək, Serbiya silahları Ermənistana çatar-çatmaz düşmən ölkə Tovuza hücum edib. Bu zaman isə illərdir Rusiyanın erməniləri pulsuz olaraq təmin etdiyi silahlardan deyil, məhz Serbiyadan alınan minamyotlardan istifadə edilməsi təsadüf ola bilməz. Görünən odur ki, Serbiyadan alınan silahlar məhz Tovuzda hərbi təxribat törətmək məqsədi daşıyıb. Və nəzərə alsaq ki, bu silahların alınması və daşınmasında Rusiya təminatçı rolunu oynayıb, o cümlədən Tovuza hücumun arxasında da məhz Kreml dayanır, deməli, plan dəqiqliklə icra olunub. Yəni Rusiya "bir daşla iki quş vurub", həm son vaxtlar Rusiyadan və ruspərəst məmurlardan xilas olmağa çalışan Azərbaycanı cəzalandırmağa çalışıb, həm də Serbiyadan alınan silahların Gürcüstan üzərindən daşınması haqda informasiyanı bu və ya digər yollarla Azərbaycan mediasına ötürməklə, iki qonşu ölkə arasındakı münasibətləri korlamağa çalışıb. 
Bu isə Rusiyaya bir neçə səbəbdən sərf edir. Birincisi, hazırda Gürcüstan və Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədə olduğundan, bu ölkələrin yaxınlığı Moskvanı narahat edir. Çünki "Şimal ayısı" hər zaman öz ovunu təkləyərək yeməyin tərəfdarıdır. 
İkincisi, Rusiya yaxşı bilir ki, Azərbaycan bu və ya digər şəraitdə Gürcüstana iqtisadi dəstəyini dayandırsa, rəsmi Tiflis Moskvaya daha çox ehtiyac duyacaq. 
Üçüncüsü, hər iki ölkənin - Azərbaycan və Gürcüstanın son vaxtlar Türkiyə ilə daha çox yaxınlaşması, hətta əlaqələrin hərbi əməkdaşlıq səviyyəsinə yüksəlməsi Kremli narahat etməyə bilməz.
Burada Moskvanın Azərbaycanın Avropa ilə əlaqələrini pozmaq niyyəti də ortadadır. Hansı ki, Rusiyanın Azərbaycan-Serbiya münasibətlərini son vaxtlar gərgin bir nöqtəyə çatdırmaqla, öz niyyətinə çatdığını da görmək mümkündür. 
O cümlədən, həmin informasiyanın ardınca, bu gün müsəlman ölkəsi olan İordaniyanın da Ermənistana silah satdığı haqda informasiyanın eyni mənbədən yayılması heç də təsadüf deyil. Bu informasiyanın "Azərbaycanın hərbi-strateji müttəfiqi Ermənistana silah satır" kimi təqdim olunması isə daha düşüncüdür. Doğrudur, mənbə Müdafiə Nazirliyinin saytına istinadə edərək İordaniyanın Azərbaycanın hərbi-strateji tərəfdaşı olduğunu bildirir. Halbuki, indiyədək Azərbaycanla İordaniya arasında hərbi-strateji tərəfdaşlıq sahəsində hansısa əlaqənin şahidi deyilik. Belə ki, 1993-cü ilin fevral ayından diplomatik əlaqələr qursaq da, islam faktoru xaricində, bu ölkə ilə münasibətlərimiz parlamentlərarası əlaqələr səviyyəsini keçməyib. Bu baxımdan, yenə o fikrin üzərində qalırıq ki, biz hansı dövlətin "iqtisadi cəhətdən çökmüş" Ermənistana silah satdığının axtarışına çıxmaqdansa, daha müasir silahların alınmasına çalışmalıyıq. O halda Serbiyanın, İordaniyanın, yaxud da başqa bir dövlətin düşmənə silah satması biz çox da narahat etməyəcək. Çünki bu və ya digər halda düşmənə daha sarsıdıcı zərbə vura biləcəyik. 
Məsələnin siyasi tərəfinə gəldikdə isə, şübhəszi, bu gün ermənilər aldığı silahlara deyil, onların arxasında duran Rusiyaya daha çox güvənirlər. Düşmən yaxşı bilir ki, Kremlin dəstəyi olmasa, o silahları Azərbaycan əsgərinə atmağa cəsarətləri çatmayacaq. 
Amma son günlər qardaş Türkiyənin və çox sayda dost ölkənin Azərbaycana açıq dəstəyini və çağırışlarını nəzərə alsaq, torpaqların hərbi yolla işğaldan azad edilməsi üçün əlverişli zamanın çatdığını da deyə bilərik...
Muxalifet.az