“Türkiyənin Batuma qarşı da öhdəçiliyi var” – VASİF QAFAROV

23/07/2020 - 11:36 3 650 1   0  

“Türk qoşunları Batum vilayətindən geri çəkiləndə, əhali Türkiyəni dəstəklədiyinə görə, rus qoşunları altmış min nəfər acara qarşı qırğın törətdi”

“Qars müqaviləsinin ən mühüm cəhəti budur ki, bu müqavilə müddətsiz imzalanıb”

“Türkiyə Moskva müqaviləsi ilə Batumla bağlı suverenlik hüquqlarını Gürcüstana buraxıb. Amma Gürcüstan Batumda yaşayan əhalinin mədəni və dini hüquqlarını təmin etməli, inzibati cəhətdən Batuma geniş muxtariyyət verməli, eyni zamanda Batum limanında Türkiyə üçün sərbəst ticarət üçün şərait yaratmalı idi…”

 Mətbuatda 1921-ci ildə Türkiyə ilə Rusiya arasında bağlanan Moskva və Qars müqaviləsi ilə bağlı ziddiyyətli fikirlər səslənir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovla söhbətimizdə bu müqavilələri bir daha gözdən keçirdik.

– Vasif müəllim, Moskva və Qars müqavilələri ilə bağlı mətbuatda ziddiyyətli fikirlər səslənir. Odur ki, ilk olaraq bu haqda qısa məlumat vermənizi xahiş edirik.

– Moskva müqaviləsi 1921-ci ilin 16 martında Türkiyə ilə Rusiya arasında bağlanıb. Əslində 1921-ci ilin martın 18-bağlanmışdı, lakin türk tərəfinin təklifi ilə müqaviləyə 18 mart deyil, İstanbulun işğalının ildönümü günü olan 16 mart tarixi yazıldı. Moskva müqaviləsi Türkiyə ilə Rusiya arasında münasibətləri müəyyən etdi. Bu müqavilə 16 maddə və üç əlavədən ibarət idi. Qars müqaviləsi də Moskva müqaviləsinin Qafqaza aid maddələrini bir daha təsdiq etdi. Yəni orada əsas iki məsələ – Batum və Naxçıvan məsələləri var idi. Moskva müqaviləsində ən çox müzakirə olunan da Batum və Naxçıvan məsələləri idi. Hər iki məsələ Moskva müqaviləsində təsdiq olundu.

Moskva müqaviləsinin 2-ci maddəsi Batuma, 3-cü maddəsi isə Naxçıvana aid idi. Burada sərhədlər göstərilirdi. İkinci maddədə göstərilirdi ki, Türkiyə bu müqavilənin birinci maddəsində göstərilən sərhəddin şimalında yerləşən və Batum dairəsinin tərkib hissəsini təşkil edən ərazilərə Batum şəhəri və limanı üzərindəki suverenliyini Gürcüstana güzəştə getməyə razı olur, bu şərtlə ki; Birincisi: hazırki müqavilənin bu maddəsində göstərilən yerlərin əhalisi inzibati cəhətdən hər bir icmanın mədəni və dini hüquqlarını təmin edən geniş yerli muxtariyyətdən istifadə edəcək və göstərilən yerlərdə əhali onun arzularına müvafiq olan torpaq qanunu müəyyən etmək imkanına malik olacaqdır; İkincisi: Batum limanı vasitəsilə rüsumsuz olaraq Türkiyəyə gedən və oradan gələn hər cür malların sərbəst tranzitinə imkan veriləcək, bunun üçün heç bir maneə törədilməyəcək, həmin mallara heç bir vergi tətbiq edilməyəcək və heç bir xüsusi vergi ödəmədən Batum limanından istifadə hüququ veriləcəkdir.

Moskva müqaviləsinin üçüncü maddəsi Naxçıvanla bağlı idi. Burada göstərilir ki, razılığa gələn hər iki tərəflər bu müqavilənin I C əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir. Naxçıvan ərazisinin Araz talveqinin şərqi ilə Dəhnə dağı (3829) – Vəli dağ (4121) – Bağırsaq (6587) – Gomürlü dağ (6930), xətti arasında yaranmış ücbucaq kəsimi, bu torpaqların Gömürlü dağdan (6930) başlayıb, Saray bulaq dağından (8071) və Ararat stansiyasından keçərək Qara Suyun Arazla birləşdiyi yerdə başa çatan sərhəd xətti, Türkiyə, Azərbaycan və Ermənistanın səlahiyyətli nümayəndələrindən ibarət komissiya tərəfindən təshih olunacaqdır. Moskva müqaviləsinin Batumla bağlı ikinci və Naxçıvanla bağlı üçüncü maddələri Qars müqaviləsində də təsbit olundu.

– Qars müqaviləsində Naxçıvanın Türkiyə tərəfindən qorunması məsələsi var. Batum barədə də belə bir oxşar müddəa varmı?

–  Qars müqaviləsi 1921-ci il oktyabr ayının 13-də imzalandı, 20 maddə və üç əlavədən ibarət idi. Qars müaviləsi bəzi kiçik dəyişikliklər nəzərə alınmasa, Moskva müqaviləsinin eynidir. Amm Naxçıvan və Batumla bağlı Moskva müqaviləsində olan bəzi nüanslar Qars müqaviləsində əks olunmadı. Qars müqaviləsinin beşinci maddəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini qəti olaraq həll etdi. Burada göstərilirdi ki, Türkiyə hökuməti ilə Ermənistan və Azərbaycan Sovet hökumətləri Naxçıvan vilayətinin bu müqavilənin 3 nömrəli əlavəsində müəyyən edilmiş sərhədlər daxilində Azərbaycanın himayəsi altında muxtar bir ərazi olduğu məsələsində müttəfiqdirlər. Müqavilə maddəsindən də göründüyü kimi, burada Moskva müqaviləsinin üçüncü maddəsinin müəyyən bir hissəsi, yəni, “Azərbaycanın bu himayəçilik haqqını üçüncü bir dövlətə heç bir zaman güzəştə gedə bilməməsi” öz əksini tapmamışdı. “Naxçıvanın ərazisi” adlı 3 nömrəli əlavədə isə bölgənin sərhədləri müəyyənləşdirildi. Sovet dövründə, xüsusilə də 1920-ci illərdə ola bilərdi ki, Azərbaycan Naxçıvana himayəçilik hüququ Ermənistana güzəşətə gedilə bilərdi. Sovet imperiyasının çökməsi ilə bu təhlükə də sovuşdu. İndi belə  təhlükə yoxdur. Azərbaycan özünün tərkib hissəsi olan Naxçıvanı ən yüksək səviyyədə qoruyur. Qars müqaviləsinin 6-cı maddəsində Moskva müqaviləsinin Batumla bağlı 2-ci maddəsi təsbit olunur. Burada göstərilirdi ki, Türkiyə Batum şəhəri və limanı və bu müqavilənin 4-cü maddəsində göstərilən sərhədlərdən şimalda yerləşən və Batum dairəsinin bir hissəsini təşkil edən ərazilər üzərindəki suverenliyini bu şərtlə Gürcüstana güzəştə getməyə razılıq verir ki, 1) bu maddədə göstərilən yerlərin əhalisi hər icmaya onun mədəni və dini hüquqlarını təmin edən inzibati baxımdan geniş yerli muxtariyyətdən faydalanacaq və əhaliyə göstərilən yerlərdə onun istəyinə uyğun torpaq qanununu müəyyənləşdirmək imkanı veriləcək; 2) Türkiyəyə Batum limanı vasitəsi göndərilən və ya Türkiyənin göndərdiyi bütün mallara rüsumsuz, hər hansı bir ləngitmə və hər hansı gömrük yığımı qoyulmadan sərbəst tranzit, Türkiyəyə Batum limanından buna görə ondan xüsusi rüsumlar tutlmadan istifadə hüququ veriləcək. Bu maddənin həyata keçirilməsi üçün bu müqavilə imzalandıqdan dərhal sonra razılığa gələn tərəflərin nümayəndələrindən ibarət komissiya yaradılacaq. Yəni Türkiyə Batumla bağlı suverenlik hüquqlarını bir sıra şərtlər daxilində Gürcüstana buraxır.

-Bəs belə bir razılşama var idi ki, əvvəl Türkiyə vətəndaşı sayılan əhali, Qars müqaviləsindən sonra, istəsə Gürcüstan vətəndaşlığından imtina edib Türkiyə vətəndaşlığına keçə bilərdi. Belə hal yaşandımı və Batum məsələsində Qars müqaviləsinə tam əməl olundumu?

– Bəli, bu məsələ Qars müqaviləsinin 13-cü maddəsində təsbir olunmuşdu. Bu maddədə qeyd olunurdu ki, 1918-ci ilə qədər Rusiyanın bir hissəsini təşkil etmiş və indi Türkiyənin suverenliyi altında olduğu tanınan ərazilərin hər hansı sakini əgər arzu edərsə, sərbəst şəkildə Türkiyəni tərk etmək, özü ilə əşyalarını, öz əmlakını və ya onun dəyərini götürmək hüququna malikdir. Eyni şəkildə üzərindəki suverenliyin Türkiyə tərəfindən Gürcüstana güzəşt edilmiş ərazilərin bütün sakinləri əgər arzu edərlərsə, Gürcüstan vətəndaşlığından çıxmaq, Gürcüstan ərazisini sərbəst şəkildə tərk etmək və özü ilə öz əşyalarını, və əmlakını və ya onların dəyərini götürmək hüququna malikdir. Yuxarıda göstərilən maddədə xatırlanan sakinlər xatırlanan əraziləri tərk etmək arzılarını bildirdikdən sonrakı bir ay müddətində hərbi mükəlləfiyyətdən möhlət hüququndan faydalanacaqlar. O dövrdə də bu hüquqdan istifadə edən kifayət qədər insanlar oldu.

– Əvvəl Türkiyənin təbəəsi olmuş əhaliyə sovet dövründə heç təzyiq oldumu?

-Ümumiyyətlə, Qars, Ərdəhan və Batum vilayətləri 1877-1878-ci illər rus-türk müharibəsi nəticəsində Osmanlı dövlətinin ödəyə bilmədiyi təzminatın əvəzində Rusiyaya verilmişdi. Çünki Osmanlı dövləti bu müharibədə məğlub oldu və Osmanlının üzərinə 1 milyard 410 milyon rus rublu miqdarında təzminat qoyuldu. Osmanlı da bu təzminatı ödəyə bilmədiyi üçün bu üç vilayəti çar Rusiyasına verməli oldu. Osmanlı dövləti bu əraziləri verdikdən sonra təzminatın miqdarından 1 milyard çıxıldı. Bu ərazilər Rusiyaya keçdi. Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra “ilhaqsız və təzminatsız sülh” şüarı elan etdi. Osmanlı hökuməti də Brest-Litovsk sülh konfransında bundan istifadə edib, faydalandı. Osmanlı tərəfi bəyan etdi ki, əgər bolşeviklər ilhaqsız və təzminatsız sülhdən bəhs edirlərsə, Qars, Ərdəhan və Batum vilayətləri də təzminatın əvəzində Rusiyaya verildiyinə görə, bu vilayətlər geri qaytarılsın. O ərazilər Brest-Litovsk müqaviləsinə görə bölgədə keçiriləcək plebissitin nəticələrinə uyğun olaraq Türkiyəyə verildi. 1918-ci iln yayında bu vilayətlərdə plebissit keçirildi, əhalinin 97-98 faizi, yəni mütləq əksəriyyəti Osmanlı hakimiyyəti altında yaşamaq istədiklərini ifadə etdilər və bununl da Elviye-i Səlasə adlanan bu üç vilayət 40 illik fasilədən sonra yenidən ana vətənə – Türkiyəyə qatıldı. Birinci dünya müharibəsində Osmanlı dövləti məğlub oldu. 1918-ci il oktyabrın 30-da imzalanan Mudros barışığına görə, Osmanlı dövləti 1914-cü il hüdudlarına çəkilməli oldu. Buna görə Osmanlı qoşunları Qars, Ərdəhan və Batum vilayətlərini boşaltmalı oldular. Osmanlı qoşunları bu bölgələri boşaltdıqdan sonra gürcülər Batumda fəallaşdılar, ermənilər Qars və Ərdəhanda yerli əhaliyə divan tutdular, soyqırımlar törətdilər, müsəlman əhaliyə qarşı irqi-dini-milli zəmində böyük qırğınlar həyata keçirdilər. Nəhayət bu ərazilərin statusu 1921-ci il Moskva müqaviləsi ilə qərarlaşdırıldı. Qars, Ərdəhan Türkiyədə qaldı, Batum isə gürcülərə güzəştə gedildi.

– Türkiyə Batumu vermək istəmirdi?

– Təbii, Batumu türklər vermək istəmirdilər. Amma ruslar Moskva konfransında dirəniş göstərdilər ki, Türkiyə Batum gürcülərə versin. Buna görə də qarşılıqlı razılığa görə, istər Naxçıvan, istərsə də Batumun statusu ilə bağlı Türkiyə və Rusiya qarant rolunda çıxış etməli idilər. SSRİ dağılsa da, bu gün onun varisi Rusiya federasiyasıdır, Türkiyə Cümhuriyyəti də öz öhdəliklərinə sadiqdir. Rusiya və Türkiyə bu müqavilənin şərtlərinin həyata keçirilməsi üçün qarant rolunda çıxış edirlər. Qars müqaviləsinin ən mühüm cəhəti budur ki, bu müqavilə müddətsiz imzalanıb.

-Türkiyə istəsə, bu əraziyə iddia irəli sürə bilər?

-Türkiyə bu ərazi üzərində suverenlik hüquqlarını Gürcüstana verib. Əgər Batum və Naxçıvanla bağlı Moskva və Qars müqavilələrinin müddəaları pozularsa, Türkiyə və Rusiya bu müqavilələrin şərtlərinin yerinə yetirilməsi üçün qarant rolunda çıxış edə bilərlər. Azərbaycanın tərkibində yaradılan Naxçıvan Muxtar Vilayəti ilə bağlı artıq təhlükə sovuşub. Batumda Gürcüstanın tərkibində Acarıstan Muxtar Vilayəti yaradılıb, amma onun muxtariyyətinin səlahiyyətləri Saakaşvilinin hakimiyyəti dövründə gürcü hökuməti tərəfindən məhdudlaşdırılıb. 2004-cü ildə Gürcüstan hökuməti Acarıstana qoşun yeritdi, Abaşidzeni zorla hakimiyyətdən kənarlaşdırdı. Gürcüstan parlamentinin qəbul etdiyi qanuna görə, Acarıstan konstitusiyadan məhrum edildi. Məsələni belə qoydular ki, bir ölkədə iki konstitusiya ola bilməz. Acarıstan konstitusiyası ləğv edildi və qərar verildi ki, bölgə Gürcüstan konstitusiyası əsasında mövcudiyyətini davam etdirməlidir. İndi Acarıstanın baş naziri muxtariyyətin birinci şəxsi hesab olunur və Gürcüstan prezidentini təqdimatı ilə parlament tərəfindən təsdiq olunur. Həmçinin prezidentə Acarıstan parlamentini buraxmaq səlahiyyəti də verilib. Gürcüstan parlamentinin Acarıstan parlamentinin qəbul etdiyi qərarı ləğv etmək hüququ da təsbit olundu. Əvvəlki statusdan fərqli olaraq, Acarıstan hökumətində təhlükəsizlik və müdafiə nazirliklərinin yaradılması yolverilməz hesab olundu. Bununla da Acarıstanın muxtariyyəti böyük ölçüdə məhdudlaşdırıldı.

-Belə çıxır ki, hazırda Acarıstanın muxtariyyəti formal xarakter daşıyır…

– İndi Acarıstanın siyasi muxtariyyəti demək olar ki, yoxdur, yalnız dini və mədəni muxtariyyət var.

– Batum əhalisinin böyük əksəriyyətinin ruslar tərəfindən soyqırıma məruz qalması haqda nə deyə bilərsiniz? Hansı ki, 52 min nəfərdən cəmi 7 min sakinin sağ qaldığı bildirilir…

-1914-cü ildə Osmanlı-Rusiya müharibəsi başlananda Osmanlı ordusu Acarıstana doğru irəlilədi. Bu zaman burada Rusiya hakimiyyətinə qarşı üsyan baş verdi. Türk qoşunları Batum vilayətindən geri çəkiləndə isə rus qoşunu yerli əhaliyə qarşı böyük qırgın törətmişdi. Yəni Acarıstanın əhalisinin böyük bir qismi Türkiyəyə mühacirət etməyə məcbur oldu, yerdə qalan təxminən 60 min əhaliyə qarşı isə Osmanlı hakimiyyətini dəstəklədikləri üçün rus qoşunları tərəfindən qırğın törədildi.

-Amma sonradan Qars, Ərdəhan və Batum Türkiyədə qaldığına görə gürcülər yenə narazı idilər.

– Yox, o üç vilayət Osmanlı dövlətinə verilmişdi. Osmanlı dövləti müharibədə məğlub olduğu üçün ondan tələb etdilər ki, 1914-cü il sərhədlərinə çəkilsin. Sonra isə hakimiyyət dəyişikliyi oldu, Atatürkün başçılığı ilə Anadolu hərəkatı başladı. Bu zaman Sovet hökuməti Qars, Ərdəhan və Batumu Türkiyədən geri almağa cəhd göstərdi. Türkiyə isə buna getmədi və dirəndi. Son nəticədə Türkiyə Batumu Rusiyaya güzəştə getməklə, Qars və Ərdəhanı özündə saxladı.

-Sizcə, Saakaşvili hökuməti nəyə görə Acarıstanın muxtariyyətini məhdudlaşdırdı? Gürcüstan Abxaziya və Cənubi Osetiyanı itirdiyi üçünmü?

-Abaşidze hakimiyyəti dövründə Acarıstan muxtariyyətindən maksimum istifadə edirdi. Müstəqil siyasət yürüdürdü. Bu da Gürcüstan hökumətini narahat edirdi. Buna görə də Saakaşvili hökuməti Acarıstana qarşı məhdudiyyətlər tətbiq etdi. Çünki Acarıstanın muxtariyyətini tam ləğv edə bilməzdi, bu səbəbdən 2004-cü ildə Acarıstanın muxtariyyətinin səlahiyyətlərini maksimum azaltdılar.

Ülviyyə ŞÜKÜROVA, Hurriyyet.org