Sərhədçilərə atəş açıldı, Elçin Quliyev “Göytəpə”yə getdi - Fotolar

01/12/2018 - 00:01 25 822 0   0  

Azərbaycan sərhədini pozaraq ölkəyə girməyə çalışan silahlı şəxs zərərsizləşdirilib. “Qafqazinfo” Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, noyabrın 29-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin silahlı şəxslər tərəfindən pozulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin istiqamətdəki sərhəd zastavalarının xidməti gücləndirilib, zəruri qabaqlayıcı tədbirlər görülüb.

Cəlilabad rayonunun Edişə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan istiqamətində ayaq izləri və sərhəd axtarışında olan 2 nəfər naməlum şəxsin qaçması aşkar edilib. Həmin şəxslər sərhədçilərə qarşı avtomat silahdan atəş açıb, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub.

Digər sərhəd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunub. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılıb, güllələrdən biri xidməti avtomobilə dəyib, sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.

Bu gün isə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirib, silahlı sərhəd

pozucularının aşkar edilərək zərərsizləşdirilməsində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib.