"Azərbaycan ərazisindəki erməni məliklikləri milli mənsubiyyətcə türk idilər" - Tarixçi ŞAHLAR HACIYEV

05/06/2020 - 16:08 9 775 11   1  

Azərbaycanın qərb zonasına - indiki Ermənistan ərazisinə ermənilərin köçürülməsindən əvvəl burada ermənilərin öz adlarına çıxdıqları, islamın bölgəyə yayılması dövründə dini mənsubiyyətini saxlayan, milli mənsubiyyəti isə türk olan və alban adını qoruyub saxlayan əhali haqda tarixçi Şahlar Hacıyev məsələyə aydınlıq gətirmişdir.
"Bu mövzu tədqiqata çox ehtiyacı olan mövzudur. Qarabağdakı məlikliklərin (məlik- ərəblərin xristianlara verdiyi tituldur) dördü də xristian qıpçaqlara (alban) aiddir. Hətta Qafan Alban, Kilikiya Alban məliklikləri də türklərə məxsusdur.
1828 -1916 cı ilə qədər olan zaman kəsiyində ermənilərin sayının 8 dəfə artması qətiyyən o demək deyil ki, rusların erməni-hayları Azərbaycan ərazisinə kütləvi surətdə köçürməyə başlamasından öncə bu ərazilərdə haylar yaşamışdılar. Azərbaycanda bircə dənə də olsun, erməni-hay kəndi yox idi. Əvəzində isə İslamı qəbul etməyib, digər soydaşlarından fərqli olaraq öz əski etnik adı olan "alban" adını qoruyub saxlayan və danışdıqları dili "qıpçaq dili" və ya "bizim dil", bəzənsə "tatar dili" adlandıran albanlar yaşamaqda idilər. Onlar da yerli xalq və qonşuları tərəfindən "erməni" adlandırılırdılar. Həmin dövrdə "erməni" adı həm hayların, həm albanların, həm də bu iki xalq kimi monofizit xristian həbəşlərin, suryanilərin, qriqorian tatların və digər monofizit xalqların mənsub olduqları məzhəbin adı idi. Ölkədə az sayda katolik alban da yaşamaqda idi ki, yerli xalq onları "firəng" adlandırırdı. 
Gəlmə (köçürülmüş) monofizitlər (ermənilər) haylar, yerli monofizitlər (ermənilər) isə albanlar idi. Rusların məqsədyönlü siyasətləri nəticəsində artıq gəlmə erməni-hayların sayı yerli alban türklərinin sayını 8 dəfə üstələməyə başlamışdı. Bununla belə, albanlar hələ öz etnik köklərini unutmamışdılar və özlərinin türk mənşəli olduqlarını bilməkdə idilər. Təsadüfi deyil ki, erməni-hayların bütün dünyaya erməni-hay aşığı kimi tanıtmağa çalışdıqları alban aşığı Sayat Nova türkcə qələmə aldığı bir şerində özünün türk olduğunu bildirməkdədir:
"Vəslinə eylədi ərk Sayat Nova.
Məcnuna görk Sayat Nova.
Aşıq Sayat Nova
Türk Sayat Nova".
Eyni halla başqa bir alban aşığı Aşıq Qriqor Yayxanyanın bir bayatısında da rastlaşmaqdayıq.
"Əzizinəm qurd mənəm.
Yad deyiləm türk mənəm.
Nə olsunki Qriqoram.
Məndə bir türkmənəm".
Maraqlıdır ki, Sayat Nova erməni hay dilində qələmə aldığı başqa bir şerində özünü "Mən inancıma görə erməni Sayat Nova " kimi təqdim edir, yəni monofizit xristian olduğunu bildirir....
Sovetlər dövründə Azərbaycan alimlərinə alban müəlliflərinin dövrümüzədək alban, başqa sözlə qarqar-qıpçaq dilinə yetişmiş əsərləri məlum deyildi.
Onlar Zəngəzur və Qarabağda yaşayıb yaratmış alban alimlərinin əsərlərini məhz bu dildə yazdıqları və bu dilin Albaniya hökmdarları Aranşahların ana dili olduğunu hələ bilmirdilər . Albanların hay olmadığını sübut etmək üçün daha çox "udin" konsepsiyasını irəli sürür və albanların qafqazdilli olduqlarını iddia edirdilər. Vəziyyət 2010 cu ildə B.Tuncayın nəşr etdirdiyi "Qafqaz Albaniyasının dili və ədəbiyyatı" monoqrafiyasının işıq üzü görməsindən sonra dəyişdi və elm aləmi nəhayət ki, XII əsrdə Gəncə şəhərində yaşamış Mxitar Qoşun türk dilində yazdığı "Törə Bitigi" adlı möhtəşəm kitabı, eləcə də Albaniya katalikosu Nersesin, Vanağanın, Kirakos Gəncəlinin, Yovhannes Sarğavağın dövrümüzədək alban türkçəsində (qarqar-qıpçaq dolində) yetişmiş əsərləri ilə orjinallarının dilində tanış olmaq imkanı qazandı.
Maraqlıdır ki, bu gün bir çox alban müəlliflərinin türkçə yazmış olduğu çox sayda əsərin elm aləminə məlum olmasından sonra, erməni müəlliflərindən bəziləri artıq albanlardan "azərbaycanlılar tərəfindən türkləşdirilmiş", " türkdilli ermənilər" kimi söz açmağa başlamışlar".

Suveren.az