Uşaqlar niyə küçələrdən uzaqlaşıb? - ARAŞDIRMA

12/01/2019 - 21:59 6 061 0   0  

Azyaşlıların sosial şəbəkələrdən aktiv istifadə etməsi nəticələrini getdikcə daha çox bəlli edir. Zəmanə uşaqların əyləncələrini dəyişə biləcək qədər güclüdür? Yoxsa hər şeyi zamanın üstünə ataraq günahlardan boyun qaçıran yenə insanlar, valideynlərdir?

Uşaqların formalaşmasında təkcə ailə yox, həm də cəmiyyətin rolu olduğunu hər kəs bilir. Bunu bilə-bilə örnək olmayan insanlardan ibarət sosial şəbəkələrdən uşaqların istifadə etməsinə göz yummaq insanları haraya aparır? Nəticədə, bu gün ağlamalı vəziyyət yaranıb.

Azyaşlı uşaqların ağlına belə səhifə yaratmaq necə gələ bilər? “Instagram”dakı cütlük səhifələrini görərək, əlbəttə ki. Gör-götür dünyasıdır axı.

“Instagram”da bu cür cütlük səhifələri, demək olar, yarışa giriblər və ya sadəcə, özlərinə xoşdur deyə belə səhifə işlədirlər, o, ayrı mövzudur, amma bu gün bu sıraya azyaşlılar da daxil olur.

Məsələ təkcə bu deyil. Gələcəkdə heç bir sahəyə təsirsiz keçməyəcəyini bilə-bilə qarşısıalınmaz vəziyyətə doğru yol açılır. Braziliyalılar deyir, futbol küçədən gəlir.

Azərbaycanda futboldan şikayətçi olanlar bunu heç düşünüblər, görəsən? Futbol sevgisi olan bir çox uşağın sevgisi universitet məcburiyyəti ilə öldürüldü. Hazırda isə topla oynamaq sevgisi uşaq yaşlardan məhv edilməyə başlayır? Əsl uşaq əyləncələri, hərəkətli oyunlar robotlaşmış sistemlə əvəz olunur?

Bunu araşdırdıq və elə azyaşlıların özlərindən sosial şəbəkələrə olan marağın səbəbini soruşduq.

12 yaşlı Ayşən Əlizadə deyir ki, sosial şəbəkələrdən istifadə etməsələr, heç nə itirmirlər. Sadəcə, öz aralarında söhbət edərkən yayılır və maraq inkişaf edir:

“Telefonu dördüncü sinifdə oxuyandan istifadə edirəm. Altıncı sinifdən bəri “Instagram” işlədirəm. Nə qədər telefon işlətmirəm desələr də, əksər uşaqların telefonu var. Əvvəllər sinfimizdə heç kimin “Instagram” hesabı yox idi. İki-üç nəfər hesab açdıqdan sonra bu yayıldı. Bəziləri valideyndən icazəli, bəziləri valideyndən xəbərsiz bunu istifadə edir.

“Instagram”da sinif yoldaşlarımızın paylaşımları və sevdiyimiz kino, serial paylaşımlarına baxırıq. Telefonda daha çox oyunlar oynayırıq. Uşaqlar arasında söhbət edərkən kimsə hansısa oyunu çox tərifləyir və biz də onu telefona yükləyirik.

Çöldə baş verə biləcək təhlükəli hadisələrə görə mənə həyətə düşüb oyun oynamağa icazə vermirlər. Evdə oturmağa məcbur oluram. Evdə də dərs oxuyuram, əyləncə kimi isə telefonla oynamaq, ya da televizora baxmağa məcburam.

Özüm də küçəyə tək çıxmağa çəkinirəm. Uşaq qaçırılması, narkotikə yönəltmə, orqan mafiyası haqda sinifdə xəbərlər eşidirik.

Fiziki tərbiyə dərsini həyətdə keçsək də, o dərsdə də oyun oynamırıq, telefonlarda oynayırıq, mahnıya qulaq asırıq, oyunlara marağımız yoxdur, enerjimiz də yoxdur. Bu yaşlarda biz bir-birimizə təsir etməyi yaxşı bacarırıq. Telefon və sosial şəbəkələri istifadə etməyəndə heç nə dəyişmir, sadəcə, sırf ətrafdakılar tərifləyir deyə hər kəs işlədir. Məndə və bir çox uşaqda maraq bu cür yaranıb”.

15 yaşlı Fərid İsmayılov isə küçədə futbol oynamaq həvəskarı olsa da, vaxt olmadığını və küçədə birlikdə oynayacaq çox adam olmadığını bildirib. O deyir ki, belə getsə, hər kəs telefona qapanacaq.

Psixoloq Gülnar Orucova məsələnin sırf valideyn məsuliyyətsizliyindən irəli gəldiyini deyir:

“Əvvəllər sosial şəbəkələr belə aktiv deyildi, indi küçə oyunları uşaqlar üçün maraqsızlaşıb. Çünki internet - virtual oyunlar uşaqları daha çox cəlb edir.

Övlad ailənin güzgüsüdür. Uşaq valideynlərin əlindən telefonun düşmədiyini görürsə, ona meyillənəcək. Valideynlərdən sorğu keçirsək ki, sonuncu dəfə uşağınızla hansı oyunu oynamısınız? Cavab olacaq: heç bir oyun.

Bağçalarda da vəziyyət belədir. Əvvəllər bağçalarda televizor, kompüterdən istifadə olunmurdu. İndi isə onlara meyillilik yaranır.

İndi dördüncü və beşinci sinifdən başlayaraq uşaqlar sosial şəbəkələrdən istifadə edirlər. “TikTok” kimi proqramlarda bunu görmək olur. Uşaq nədənsə məhrum olanda onu əldə etmək üçün mübarizə aparır. Uşaqları internetdən tamamilə məhrum etmək yox, sadəcə, zaman vermək lazımdır - dərsləri oxuduqdan sonra bir saat, məsələn. Valideynlər uşaq ağlayanda, yemək yeyəndə ona telefon verirlər və uşaq yemək qarşısına gələndə gözləri telefon axtarır. Həyatımızda zərərli heç nə yoxdur, zərərli hədd var”.

Valideynlər də bu fikri təsdiqləyir, məsələnin sırf onların narahatlıqlarından irəli gəldiyini deyirlər.

Valideyn Aytən Dadaşova deyir ki, uşaqları həyətə buraxmamasının səbəbi həyətdəki digər uşaqlardır:

“Dörd və səkkiz yaşlı iki oğlum var. Evdə maşınları ilə oynayırlar və ya bir-birinə riyaziyyat məsələləri deyib həll edirlər. Həyətdəki uşaqların əksəriyyəti söyüş söyür və aqressivdir. Uşaqlarımı onların içərisinə necə buraxa bilərəm?”

Buradan da görünür ki, hər şey ailədə formalaşır və cəmiyyətdə hər kəs bir-birinə təsir edə bilir. Bəlkə də, uşaqlar küçədən küsməyib, sadəcə, əyləncə məfhumlarını qarışdırıblar. Bu gün onlara düzgün yol göstərmək və dünyagörüşlərini, zövqlərini formalaşdırmaq üçün düzgün cəmiyyətdə böyütmək ancaq valideynlərdən asılıdır.  //oxu.az