“Bu gün təhsil saatına görə Koreyanı da keçmişik” – Siyavuş Novruzov

18/12/2018 - 23:58 3 886 0   1  

Deputatlar təhsil sahəsindəki problemləri qaldırdılar.

“Valideynlər uşaqlarına nəinki repetitor, hətta çanta daşıyan tuturlar. Çünki məktəblilərin çantasının çəkisi 12-14 kiloqramdır. Belə olan halda, aşağı sinif şagirdləri çantasını daşıya bilmir. Bununla bağlı qərar qəbul edilməlidir”.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov “Ümumi təhsil haqqında”qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib:

“Bu qanun layihəsi ciddi və vacib sənədddir. Təhsil elə sahədir ki, bütün Azərbaycan vətəndaşları bu sistemlə bağlıdır. Hesab edirəm ki, orta təhsil sistemi nisbətən sadələşdirilməlidir. Şagirdləri bu qədər yükləmək olmaz. Bu gün məktəblərdə oxuyan şagirdlərdən nə hərbçi, nə əsgər, nə də hüquq-mühafizə orqanlarında çalışan çıxacaq. Çünki əvvəllər uşaqlar həm əylənəcəyə, həm idmana, həm də təhsilə vaxt ayırırdılar. Bu gün isə təhsil saatına görə Koreyanı da keçmişik. Uşaqlar səhər saat 8-dən axşam 10-a qədər təhsillə məşğul olurlar. Hansısa dövlətin mexanizmini olduğu kimi tətbiq etmək olmaz”.

Deputat yeni məktəblərin tikilməsinin də vacib olduğunu deyib: “Elə ərazilər var ki, orada çoxlu sayda məktəblər var. Amma həmin məktəblərdə 3 uşaq oxuyur. Bunun həlli var. Kanadada,

ABŞ-da kənar yerlərdə yaşayan uşaqları avtobusla məktəbə gətirirlər. Bizdə də bu tətbiq edilə bilər”.

Siyavuş Novruzov

Deputat özəl təhsil müəssisələrinin qiymətləri ilə bağlı məsələyə də toxunub. O deyib ki, kim təhsil müəssisəsi tikirsə, özündən qiymət qoyur:

“Təhsil müəssisəsi bununla bağlı bir dəfə də hesabat vermir. İstər ali, istərsə də orta özəl təhsildə hər kəs istədiyi qiyməti qoyur. Heç bir əsas da göstərmir ki, qiymətlər niyə belədir? Birinin qiyməti 1000, digərinin 5000, o birinin isə 7500 manatdır. Baxdıqda görürük ki, bahalı məktəblərin müəllimləri dövlət məktəblərində çalışan müəllimlərdən çox məvacib almır. Belə olan halda, o boyda maliyyə hara gedir? O maliyyə təhsilə gedirmi? Bunlar müəyyənləşdirilməldir”.

Barmaq sayı qədər tələbə var ki, o, repetitor yanına getməyib

Deputat Qüdrət Həsənquliyev deyib ki, bu gün təhsildə əsas problem repetitor məsələsidir: “Lakin “Ümumi təhsil haqqında” qanun layihəsində bununla bağlı heç bir müddəa yer almayıb. İndi kim repetitor yanına getmir, demək olar ki, o, ali məktəbə daxil ola bilmir. Bu gün ali məktəbə qəbul olunanlar arasında barmaq sayı qədər tələbə var ki, o, repetitor yanına getməyib”.

Deputat vurğulayıb ki, repetitor tutmaq valideynlərin büdcəsinə ziyan vurur:

“Bəzən valideynlər öz uşaqlarını lazımı qidalandırmır, amma onları müəllim yanına hazırlığa göndərir. Bunun qarşısının alınması üçün müəllimlərin maaşı artırılmalıdır. Əgər repetitorluq dövlət tərəfindən qəbul olunursa, o zaman qanunda nəzərdə tutulmalıdır. Yox, əgər qəbul olunmursa, o zaman bunun həlli tapılmalıdır”.

Q.Həsənquliyev çıxışı zamanı iki növbəli məktəblərlə bağlı fikirlərini bildirib. O deyib ki, iki növbəli tədris olmamalıdır:

“Avropada iki növbəli tədris ləğv olunub. Əgər məktəb çatışmazlığı varsa, o zaman yeni məktəblər tikilməlidir. Bu məsələləri həll etmədən ciddi dəyişikliklərə nail ola bilməyəcəyik”.

Qüdrət Həsənquliyev foto google.az

Deputatın sözlərinə görə, Azərbaycan ali təhsil müəssisələrinin sayına görə, region dövlətlərindən geri qalır:

“Bundan başqa, Azərbaycanda ali məktəblərə qəbul sadələşdirilməlidir. Ali məktəbə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilməlidir. Əgər bu həll olunarsa, o zaman repetitorla bağlı məsələlər həllini tapacaq. Əks halda, nə qədər ciddi qanunlar qəbul olunsa da, müsbət heç nəyə nail ola bilməcəyik”.

Kimlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaq?

"Ümumi təhsil haqqında" qanun layihəsi 5 fəsil 33 maddədən ibarətdir.

"Ümumi təhsilin təşkili" adlı 13-cü maddəyə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif edilirlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Sənədə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxs, ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə, əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Bildirilib ki, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.  //MeydanTV