DSMF sədri Qarabağ əlillərinin pulunu necə həzm-rabedən keçirir? - Nazirliyə fakt!

05/12/2018 - 22:56 5 536 0   0  

20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək üçün 1-ci qrup əlillərə 14 manat , 2-ci qruplara 12 manat, 3-cü qruplara 10 manat müavinət ayrılması təsbit olunub.

Göstərilən məbləğlərin ortalıq üçdən iki hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına, qalanı “Əlillərin Sosial Müdafiəsi Fondu”nun hesabına ödənilməsi qərara alınıb.

Prezident fərmanı ilə “Əlillərin Sosial Müdafiəsi Fondu” sözləri “Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz olunub. Lakin DSMF nəinki müharibə əlillərinə hesabından vəsait ödəyir, əksinə, büdcədən ayrılan cüzi vəsaiti də mənimsəyir.

Bu barədə Qarabağ savaşı əlili Məğrur Bədəlsoy yazıb. 20 Yanvar, Böyük Vətən Müharibəsi əlillərinə, Çernobıl qəzasının əlil hərbi qulluqçularına ayrılan 26 manat müavinət də şamil edilmir.

DSMF Nazirlər Kabinetinin qərarı ilə hərbi qulluqçu Qarabağ əlillərinə ayrılan müavinətin kəsildiyini bildirib müavinəti mənimsəyir.

Ha deyirsən ki, NK -nın qərarı Prezident Fərmanını ləğv edə bilməz, yenə də Konstitusiyanın 149-cu maddəsinə zidd olaraq baş nazirin prezidentdən üstünlüyü analoqsuzluğuna son qoyulmur.

Bu absurdluq prezidentin 2007-ci il tarixli 514 saylı Fərmanı ilə 26.12.2001 tarixli 613 saylı Fərmanın 1-ci bəndinin 6-cı abzasının qüvvədən düşmüş hesab edilməsindən qaynaqlanır.

Prezident əmək pensiyası alan Qarabağ, Əfqanıstan savaşı veteranlarına ayrılan 11 manat aylıq müavinətin ləğv edilərək sosial müavinətlə əvəz olunmasına qərar verib.

Elə bu qərarı bilərəkdən və ya bilməyərəkdən hərbi qulluqçu Qarabağ əlillərinə də şamil edən DSMF Konstitusiyanı pozmaqda davam edir.

Guya Qarabağ əlillərinə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən kompensasiya sosial müavinətdir və əmək pensiyası alanlara şamil edilmir.

Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanı qüvvədən düşmüş sayılmalıdır. Fərman isə qüvvədədir və eyni zamanda bu 26 manatlıq cüzi kompensasiya məbləğində Qarabağ əlillərinə sosial müavinət təyin olunması nəzərdə tutulmayıb.

Cəmi 450 nəfər civarında sosial müavinətçi Qarabağ əlili var ki, onlara da bu 26 manatdan 3-4 dəfə çox sosial müavinət verilir.

Ümumiyyətlə, bu problem vaxtaşırı gündəmə gəlir. Lakin DSMF və hökumət qurumları laqeydlik nümayiş etdirirlər. Bir sözlə, Qarabağ əlillərinin kommunal və s. xidmətlər əvəzi müavinətlərdən məhrum olunması qanunsuzdur.

Amma bu qanunsuzluğu düzəltmək istəyən yoxdur. Hətta məhkəməyə də DSMF təzyiq edib iddiaya baxılmasına yol vermir.

Ümumi məhkəmə iddianı yolverilməz sayaraq inzibati məhkəməyə göndərir, inzibati məhkəmə isə iddianı mümkünsüz sayır.

Dövlət səviyyəsində sosial mənimsəmə məhkəmə təminatı hüququna qadağa faktı üzə çıxır. Amma kimdir bu faktı araşdıran. Hamı DSMF-in “sosial təzyiqi” qarşısında acizdir…  //cahan.info