Həmsədrlər Cənubi Qafqaza səfərlərinin yekunları haqda

02/11/2018 - 22:28 21 334 0   0  

ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və qurumun fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə okyabrın 29-dan noyabrın 2-dək Cənubi Qafqaz regionuna səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.

Virtualaz.org bildirir ki, bu barədə ATƏT-in rəsmi saytı xəbər yayıb.

Bildirilir ki, səfərin əsas məqsədi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycanla Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olub.

Onlar səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri əvəzi Nikol Paşinyanla görüşlər keçirib, Ağdam rayonu ərazisində, Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttindəki növbəti monitorinqdə iştirak edib, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Qızıl Aypara Cəmiyyətinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri ilə vəziyyəti müzakirə ediblər. Həmsədrlərlə görüşlər zamanı hər iki ölkənin liderləri təmas xəttindəki vəziyyətin xeyli səngidiyini təsdiqləyiblər.

Həmçinin Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin ilin sonunadək görüş keçirmək barədə razılığa gəldikləri də qeyd olunur.