Mehman Hüseynov müddətsiz aclıq elan edib

27/12/2018 - 23:26 20 008 0   0  

Dünən yeni ittiham irəli sürülmüş bloger Mehman Hüseynov 10 günlük karserə salınıb. Buna etiraz əlamət olaraq M.Hüseynov müddətsiz aclıq elan edib.

Bu barədə Turan-a Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov məlumat verib.

"Bu gün Mehman evə zəng edib və karserə salındığını, təzyiqə məruz qaldığını deyib. Mehman vəkilləri ilə görüş tələb edir. Amma vəkili onun yanına buraxmırlar", - deyə E.Hüseynov bildirib.

Mehman Hüseynov 2017-ci ilin martında Nəsimi rayon polis rəisinin qaldırdığı böhtan iddiası ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Dünən ona qarşı cəzaçəkmə müəssisəsinin əməkdaşını döymək ittihamı irəli sürülüb.

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Arlem Dezir azadlığa buraxılmasına bir neçə ay qalmış Mehman Hüseynova qarşı yeni ittiham irəli sürülməsindən narahatlığını ifadə edib.

O öz Twitter mikrobloqunda bloqerin tezliklə azad olunacağına ümid etdiyini bildirib.