Burundi ÜST əməkdaşlarını “persona non-qrata” elan etdi! – “Ölkədən çıxmaları üçün 3 gün möhlət veririk”

14/05/2020 - 21:57 10 345 1   0  

Suveren.az Hurriyyet.org-a istinadla xəbər verir ki, Şərqi Afrikada yerləşən Burundi dövlətinin Xarici İşlər Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının Burundi təmsilçisi ilə 3 mütəxəssisinin ölkədə “arzuolunmaz şəxs” elan eildiyini və 3 gün ərzində ölkəni tərk eləmələri üçün nota verildiyini bəyan edib.

Burundi XİN-in, ÜST Mərkəzi Afrika Bürosu ilə Burundi Bürosuna göndərilən yazılı notada təşkilatın Burundi üzrə nümayəndəsi Kazadi Mulombo ilə ÜST-ün digər 3 nəfər mütəxəssisinin 15 may tarixinə qədər ölkəni tərk etməsi tələb olunub.

Burundidən olan mənbənin, Frans Press Agentliyin verdiyi məlumatda ÜST komandasının yeni tipli koronavirus ilə mübarizəyə dəstək vermək adı altında ölkəyə gəldikləri bildirilir: “Onlar ÜST-ün koronavirusla mübarizəyə dəstək üzrə məsul komandasının üzvləridir. Onlar ölkədən çıxarılacaqlar. Çünki Səhiyyə Nazirliyi ÜST-ü koronavirus probleminin həllindən uzaqlaşdırır və onu bu məsələyə yolverilməz müdaxilədə ittiham edir”.

Bir ay bundan əvvəl artıq Burundi belə bir prosedura başlasa da ölkə prezidenti Pyer Nkurunza ilə ÜST-ün baş direktoru Tedros Adanom Qeybreysusun danışığından sonra dayandırılmışdı.

Burundi rəhbərliyi dəfələrlə tibb işçiləri və müxalifətçilər tərəfindən tənqid və yoluxma hallarının sayını gizləməkdə ittiham edilib. Rəsmi statistikaya görə, hazırda Burundidə cəmi 27 yoluxma, 1 ölüm halı qeydə alınıb.

20 may tarixində ölkədə prezident və parlament seçkiləri keçiriləcək. Burundi koronavirusun yayılması ilə əlaqədar sərhədlərini bağlasa da, pandemiyanın yayılması ilə bağlı başqa tədbirlər həyata keçirilməyib. Seçki kampaniyası başlanandan bəri ehtiyat tədbirləri görülmədən müxtəlif kütləvi siyasi yığıncaqlar, görüşlər keçirilir.