“Biz bratvayıq, bandayıq...” - Polis Akademiyasi rəisi bu sözlərə görə işdən azad edildi

05/01/2019 - 23:01 21 490 0   0  

Qazaxıstan Polis Akademiyasının rəisi Yeni il gecəsi sosial şəbəkələrdə yayılmış qalmaqallı videotəbrikə görə işdən qovulub. Qazaxıstan Daxili İşlər Nazirliyi yanvarın 4-də bildirib ki, general Can  Kenjetayev  Karakanda şəhərində yerləşən polis akademiyasının rəhbəri vəzifəsindən azad olunub.

Onun vəzifədən çıxarılmasından bir gün əvvəl DİN-in sözçüsü Almas Sadubaev Facebook-da yazırdı ki, akademiya rəhbərinin kadetlərlə iş üzrə müavini Askar Tastaybekov “dövlət xidmətini gözdən salan hərəkətə yol verib”.

Hakimiyyət orqanları bildirirlər ki, Tastaybekovun  göründüyü video dekabrın 31-də çəkilib. Videoda Tastaybekov  firavan Qazaxıstan arzu edir ki, bunun hesabına polis “bratvasının” (kriminal dildə qardaşlıq) qarşıdan gələn nəsilləri də  firavan yaşasın.

O sonra 1990-cı illərdə göstərilmiş Rusiya kriminal filmindəki “Antibiotik” ləqəbli personajdan sitat gətirir: “Gəlin bizim dostluğumuz təmənnasız olsun…Biz heç bir təşəkkür gözləmədən işləyək, çünki biz “bratvayıq”, sadə desəm, bandayıq. Qoy Qazaxıstan və ailələrimiz çiçəklənsin. Urra yoldaşlar!”

Bunun ardınca həmin məclisdə olan onlarca polis uniformalı şəxs də “urra” qışqırır.

Videonun yayılması böyük qalmaqal yaradıb, Polis Akademiyasına xüsusi komissiya göndərilib, rəhbərliyə daxil olan şəxslər barədə tənbeh tədbirləri görülüb.

Yanvarın 3-də Tastaybekov  işdən qovulduqdan sonra fəallar və tənqidçilər sosial mediada hökumətin çox yumşaq tədbir görməsindən narazılıq və məyusluq ifadə ediblər. Hərçənd sosial şəbəkə fəalları Tastaybekovun yeni il təbrikinə çoxsaylı memlər qoşublar. Bir çoxları yazıb ki, o, “həqiqəti dediyi üçün cəzalandırılıb”, çünki Qazaxıstanın polis orqanları doğrudan da “bandadır”. Belə ki, Qazaxıstanın hüquq-mühafizə orqanlarında polis qəddarlığı və korrupsiya illərdir ki, insan haqları fəalları tərəfindən tənqid edilir.(virtualaz.org)