Bakıda 20 yanvar qatilinə həsr olunan sərgiyə ETİRAZLAR ARTIR - Bu təxribatın arxasında kimlər var...

31/10/2019 - 13:56 16 375 0   0  

Ötən gün Bakıda  Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində açılışı olan Yevgeni Primakova həsr olunmuş “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərginin keçirilməsi sosial şəbəkələrdə ciddi etiraz doğurub.

Həmçinin Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar qırğınının əsas iştirakçılarından olan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı tədbirin keçirilməsi və onun şərəfinə tələbələrin esse müsabiqəsində iştirak etməsi də ictimaiyyətdə böyük rezonans doğurub.

Bakıda Dövlət Universitetinin professoru Nəsir Əhmədli sosial şəbəkə hesabında etiraz edərək qeyd edib:“20 Yanvar faciəsinin 30 illiyi ərəfəsində bu faciənin birbaşa təşkilatçısı, əsas cəlladı Y.Primakovun şərəfinə Bakıda sərginin açılması Şəhidlərin ruhunun təhqir edilməsidir. Sərgi dərhal dayandırılmalıdır!”.

 

“Rektorun istefasını tələb edirəm!”

 

BSU-da Yevgeni Primakovun 90 illik yubileyi keçirildiyi üçün keçmiş deputat Nazim Bəydəmirli etirazını bildirib: “Bir qarını gətirib qoyublar Slavyan dilləri universitetinə, o da orada KQB-nin filialının açıb, Rusiyanın imperiya siyasətini təbliğ edir..dəfələrlə təmsil etdiyi iqtidar partiyasını da gözdən salacaq hərəkətləri ilə gündəmə gəlib..dəqiq bildiyimə görə rüşvətxorun da biridir.. Qınayıram, istefasını tələb edirəm!”

 

“Bu Yevgeni Primakov məsələsi məni lap dəli elədi”

 

Polkovnik-leytenant Üzeyir Cəfərov  isə Yevgeni Primakova həsr olunmuş sərginin keçirilməsinə görə, bütün gecəni yata bilmədiyini qeyd edib: “Bu Yevgeni Primakov məsələsi məni lap dəli elədi. Buna Bakının göbəyində təmtaraqlı hansısa bəytərifli bir təbdir keçirtmək nədir?! Axı bu alçaq və yaramaz 1990-cı ilin 20 yanvar faciəsinin ən əsas icracılarından biri olub”.

 

“Bu, nə rəzalət və biabırçılıqdır?”

 

Ü. Cəfərov Azərbaycanda olan 20 yanvar və digər vətənpərvər cəmiyyət və təşkilatların rəhbərlərinə, üzvlərinə səslənib: “Günü bu gün durub gedin o sərgini təşkil edənlərin yanına ki, bu, nə rəzalət və biabırçılıqdır?

Fərd olaraq mən bu gün o sərginin təşkil olunduğu rus alkaşlarının xarabasına baş çəkib öz iradımı, etirazımı bildirəcəyəm”.

 

“Bu, xalqı saymamazlıqdı”

 

Keçmiş MTN zabiti İlham İsmayil öz etirazını bildirib: “18 yanvar 1990-cı ildə onun televiziyadakı çıxışı hələ də yadımdadır: “Xəbərdar edirik, bu etirazçıları biz şiddətli atəşlə məhv edəcəyik («уничтожим шквальным огнем»)”. Və etdi də. Primakov haqqında geniş danışmadan bir kəlmə ilə deyək ki, bu adamı Azərbaycan xalqı düşmən bilir və səbəbləri də bəllidir. İndi, niyə bu şəxsin yubileyinin Bakıda qeyd edilməsinə imkan verildi, daha doğrusu bu iş təşkil edildi? Bu, xalqı saymamazlıqdı, bu, xalqı heç hesab etməkdi, nəhayət, bu vassallığın əlamətidir. Rusiya üçün bu adam qiymətli ola bilər, necə ki, qatil Njde ermənilər üçün qəhrəmandır.

 

“Erməni öz “qəhrəmanını” üstün tutur, biz isə 20 Yanvar qırğınının təşkilatçısına yubiley keçiririk”

 

İ. İsmayılı onu da nəzərə çatdırıb ki, ermənilər yeddi mindən çox azərbaycanlını Vedibasarda qayanın başından ataraq qətl etdiyinə görə Njdeyə heykəl qoyublar və Rusiyanın ona münasibətinin necə olmasından asılı olmayaraq, elə Kremlin öz dostu Serj Sarkisyanın hakimiyyəti dövründə bu addım atılıb: “Erməni öz ağasının rəyini vecinə almayıb, öz “qəhrəmanını” üstün tutur, biz isə 20 Yanvar qırğınının təşkilatçısına yubiley keçirir və fikirləşirik ki, Rusiya bunu görüb bizi sevəcək. Bu sadəlövh düşüncə artıq hakim kəsilib. İndiyədək Rusiyanın xətrinə dəyməyib, bəlkə Qarabağda bir kənd almağa cəhd etmişik və Rusiya buna imkan verib, ya Njdenin heykəlini erməniyə irad bildirəndə Rusiya bir kənd almağımıza şərait yaradacaq? Rusiya ilə ehtiyatlı siyasət aparmaq ayrıdır, xalqı təhqir edib az da olsa yerdə qalan heysiyyatına bu qədər ağır zərbə vurulmasına şərait yaratmaq başqa”.

 

“Rusiya Bakıda yerli əhalini qətliam etmiş Y.Primakova sərgi keçirməkdədir”

 

Ümid Partiyasının İctimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı isə fikirlərini belə ifadə edib: “Rusiya Bakıda yerli əhalini qətliam etmiş Y.Primakova sərgi keçirməkdədir, ABŞ Nümayəndələr Palatası isə dünən əksəriyyət səslə qondarma erməni soyqırımını tanıyıb, ermənipərəst Pallone bir daha konqresdə Dağlıq Qarabaq ermənilərinin hüququnu müdafiə məqsədilə çıxış edib və bu gün qondarma qurumun xarici işlər naziri müstəqillik məsələsi haqda çıxış edəcək.

Ey YAP iqtidarı, budurmu sizin xarici siyasətdəki uğurlu, balanslı siyasətiniz? Bir tərəfdə lobbiçiliyə milyonlar xərclədiyiniz Ağ Ev, digər tərəfdə də mənəvi mərkəziniz olan Kreml!”

 

“Heç kim xalqın milli hissi ilə oynaya bilməz”

 

Politoloq Kamran Sultanlı Primakovun şərəfinə sərgi keçirmək qəbuledilməz olduğunu deyib: “Bu Şəhidlərimizin ruhuna hörmətsizlikdir və qəbuledilməzdir. Primakov Rusiya üçün tarixi şəxsiyyət, dahi ola bilər və ya bunu Rusiyaya aid mədəniyyət mərkəzində keçirilsə belə, Primakov bizim üçün bir cəlladdir və tədbir bizim şəhərdə keçirilir. Rusiya səfirliyinin bu tədbiri keçirməsinə Bakı icazə verməməli idi. Bu qədərdə ehtiyatlı siyasət olmaz.

O vaxt BDU-da Qolodomoru keçirməyə qoymadıq amma indi Primakova sərgi keçirməyə icazə veririk. Əgər bu sərgiyə bizdən hansısa rəsmi qatılacaqsa, çox ayıb o zaman və heyf. Buna hər kəs bacardığı qədər etiraz etməlidir. Heç kim xalqın milli hissi ilə oynaya bilməz. Ümid edək ki, rəsmilər buna reaksiya verəcək”.

 

Şamo EMİN,

Hurriyyet.org