PUTİNİN İDLİB PLANININ PƏRDƏARXASI - Türkiyə Kremlin Suriyadakı hökmranlığına son qoya biləcək?

27/02/2020 - 11:47 14 842 0   0  

Qabil Hüseynli: “NATO-nun, Amerikanın da Suriyada daha fəal iştirakının şahidi olacağıq”

Son vaxtlar Türkiyə və Rusiyanın Suriyada geosiyasi maraqlarının kəskin şəkildə toqquşması bir çox  iddialara yol açır. Belə ki, türk politoloq Taha Dağlının sözlərinə görə, Rusiya Əsəd rejiminə verdiyi dəstəyi dayandırmayacaq, eyni zamanda Türkiyə ilə də açıq qarşıdurmaya girməyəcək: “Rusiyanın hədəfi M4 və M5 magistral yollarına nəzarəti ələ keçirməkdir. Bununla Hələb və İdlibi Ləzgiyə və Dəməşqə bağlamağı planlaşdırırlar”.

Taha Dağlının iddiasına görə, Rusiya hər iki yola nəzarəti öz üzərinə götürməklə, İdlibi Türkiyəyə güzəştə getməyə hazırdır.

T. Dağlı onu da vurğulayıb ki, Moskva və Dəməşq üçün İdlib çox da önəmli deyil: “Suriya və Rusiyanın əsas hədəfi M4 və M5 avtomobil yollarına nəzarəti ələ keçirməkdir. Bu yolları aça bilsələr, Hələb və Dəməşqi bir-birinə bağlaya biləcəklər”.

Maraqlıdır ki, Moskva və Dəməşq üçün doğrudanmı İdlib çox da önəmli deyil, məqsəd yalnız M4 və M5 avtomobil yollarına nəzarəti ələ keçirməkdir? “Hürriyyət”in bu və digər suallarını keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli cavablandırdı.

- Bəlkə Taha Dağlıdakı son məlumatlardır və daha dəqiqdir. Amma mənim bildiyimə görə, Rusiyanın əsas niyyəti bütünlüklə Əsəd rejiminin əleyhdarlarını ya vurub Türkiyədən çıxartmaqdır, ya da məhv etməkdir. Rusiya İdlib məsələsində də əvvəllər Türkiyəyə güzəştə getməyi heç hazır deyildi, Türkiyəni də idlibdən çıxartmaq və Suriya Azadlıq Ordusunun qalıqlarını da orada məhv etmək fikrində idi. Amma sadəcə olaraq Türkiyə ordusunun son hücumları və hücumlarda Türkiyə ordusunun göstərdiyi qeyrət və cəsarət, üstəlik də Türkiyəyə olan NATO-dan və dünyanın başqa ölkələrindən dəstək Rusiyanı müəyyən qədər dayandırdı və ola bilsin ki, müəyyən kompromisə gedə bilsin. Bəli, M4 və M5 yolları Suriyanın paytaxtı ilə Hələbi, elə İdlibin özü ilə də bağlayan əsas magistraldır. Bu yollara nəzarət etmək həmin ərazilərə nəzarət etmək anlamına gəlir. Amma əgər İdlibi güzəştə gedəcəklərsə, İldib ən azından Suriya ərazisinin 20%-ni təşkil edən böyük vilayətdir, strateji üstünlüklərə malikdir. Bu nöqteyi-nəzərdən belə olarsa, deməli, Türkiyəni sakitləşdirə bilərlər. Amma məsələ burasındadır ki, Suriya prosesləri təkcə İdliblə bitmir. Burada Suriya Azadlıq Ordusu, Suriya müxalifəti var. Əvvəlcədən Soçi və Astana görüşlərində nəzərə alınmış Suriyada yeni konstitusiya hazırlanıb, bunun üçün hətta iki heyət də yaradılıb və bu konstitusiyanın müddəalarına uyğun olaraq yeni seçkilər keçirilməlidir. Rusiya bunun hamısının üstündən xətt çəkmək və Bəşər Əsədi Suriya ərazisində hakimi mütləqə çevirmək istəyir. Bu nöqteyi-nəzərdən yanan ocaq tam söndürülmür. Sadəcə olaraq ocağı bir qədər söndürür, amma onun korun-korun tüstülənməsinə şəraiti də qoruyub saxlayır.

- Rusiyanın  M4 və M5 magistral yollarına nəzarəti ələ keçirməkdə məqsədi nədir?

- O yollar daha çox Bəşər Əsəd üçün lazımdır. Bəşər Əsəd isə Rusiyanın itidir. Yəni Rusiya bununla Suriyada tam hökmranlığı ələ keçirmiş olur. Rusiyanın iştahası durmadan artır. Həmin mövqeləri ələ keçirdikdən sonra mən inanmıram ki, o, İdlib məsələsində axıra qədər geriyə çəkilsin. İdlibi də Suriyanın ərazisinə qatmaqla bütövlükdə Suriyanı özünün koloniyasına çevrimək istəyir. Rusiya artıq Suriyaya Ermənistan xarakterli bir dövlət, yəni Yaxın Şərqdə öz forpostu kimi baxır. Eyni zamanda suriyalılardan, burada olan kürdlərdən Türkiyəyə, bölgədəki müxtəlif dövlətlərə qarşı istifadə etməyə çalışacaq.

- Bu yolların Türkiyə üçün strateji əhəmiyyəti nələrdir?

- Bu yollar şox böyük strateji əhəmiyyətə malikdir. Ölkənin paytaxtına, iri şəhər olar Hələbə gedən yollardır. Ondan sonra, ölkənin neft olan rayonlarına gedən yollardır. Ümumilikdə ölkənin qan-damar sistemidir. Əlbəttə, Türkiyə istərdi ki, ölkənin qan-damar sisteminə özü nəzarət etsin. Əvvəl o yolları ələ keçirmişdi, sonradan Suriya  Azadlıq Ordusunun nəzarətinə verdi, onlar da qoruyub saxlaya bilmədilər.

- İddia olunduğu kimi, Rusiya hər iki yola nəzarəti öz üzərinə götürsə, İdlibi Türkiyəyə güzəştə gedə bilər, yoxsa..?

- Acığını demək lazımdır ki, Rusiyadan hər şeyi güclə, müharibə yolu ilə, necə deyərlər, onun ağız-burnunu əzişdirməklə, əldə etmək olar. Rusiya başqa cür nə məntiqi, nə də reallıqları qəbul edir və özünü demək olar “ağa” kimi aparır. Bu nöqteyi-nəzərdən həm Ərdoğanın qətiyyəti, həm Türkiyə ordusunun rəşadəti Rusiyanı müvəqqəti də olsa, güzəştə getməyə məcbur edə bilər. Üstəlik də qarşıda danışıqlar prosesi dayanır.

- Məlumata görə, Əsəd ordusu İdlibin cənubundan keçən Hələb-Ləzgiyə yolunu (M4) ələ keçirmək üçün hücumların sayını artırıb. Bildirilir ki, martın 5-də keçiriləcək Rusiya və Türkiyə prezidentlərinin görüşündən əvvəl M4 və ətrafını ələ keçirməyi planlaşdırır. Sizcə, sözgedən görüşdən əvvəl Əsəd ordusu niyyətinə çata biləcəkmi?

- Əgər Rusiya ordusu, xüsüsi ilə silahlı qüvvələri yardım edcəksə, ola bilsin ki, niyyətinə çatsın. Amma Türkiyə ordusu da, Suriya Azadlıq Ordusu da Bəşər Əsəd ordusuna qarşı çox ciddi surətdə dayanıb. Məsələ burasındadır ki, Bəşər Əsədin ordusunun içərisində, xüsusən şəxsi heyətin təxminən 60 faizindən çoxu İranın “Həşti-Şəbi” qüvvələridir. Bəşər Əsəd Ordusundan çox cüzi bir şey qalıb. Türkiyə bu saat Rusiyaya, İrana, “Hizbullah” a qarşı vuruşur. Ən qorxulusu da odur ki, Türkiyə bu ərazilərə hava hücumundan müdafiə sistemləri gətirə bilmir. Rusiyadan aldığı hava hücumundan müdafiə sistemləri ölkənin dərinliklərində yerləşir. Üstəlik də aydın olur ki, Rusiyadan o silahı alınca, bunu Amerikadan almaq daha əlverişli olardı və bunu da istənilən yerdə istifadə etmək olardı. Görünən odur ki, baş verənlər təhlükəli proseslərdir. Türkiyə Liviya məsələsində müəyyən güzəştlərə gedə bilər, amma Suriya məsələsində güzəştə getməsi ağlabatan deyil. Çünki Suriyadan daima Türkiyəyə qaçqınlar ordusu gəlir. Üstəlik də bu qaçqınlar ordusu təkcə Türkiyəni təhdid etmir, Avropaya da yönlənir. Avropa da bundan narahatdır. Ona görə, Suriya məsələsində NATO üzrə müttəfiqlər, o cümlədən Amerika fəal surətdə Türkiyəyə kömək etmək məcburiyyəti qarşısında qalacaqlar.

- Yeri gəlmişkən, ABŞ dövlət katibi Mayk Pompeo dünən bəyan edib ki, Əsəd əsla hərbi qələbə qazanmayacaq…

- Bəli, artıq o dəstəyi necə həyata keçirməyin yolları müzakirə olunur. Çox yaxın vaxtlarda biz NATO-nun da, Amerikanın da Suriyada daha fəal iştirakının şahidi olacağıq. Ən azından onlar Türkiyəyə müxtəlif hərbi silahlar nöqteyi-nəzərindən yardım göstərməklə, eləcə də Suriyada olan Amerikan qoşunları da müəyyən hərəkətlərə getməklə, Türkiyənin işini asanlaşdıracaqlar. Amerika yaxşı başa düşür ki, Rusiyanı Suriyadan vurub çıxarmadan Yaxın Şərqdə sülhü bərqərar etmək mümkün olmayacaq və son hədəf də bundan ibarətdir.