"Heç kimin həyatda təhlükəsizlik zəmanəti yoxdur..." - ADPU-nun keçmiş əməkdaşından rektora ŞOK MÜRACİƏT

24/12/2019 - 20:07 7 198 0   0  

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) keçmiş əməkdaşı Hüseynov Vidadi Fərzəli oğlu tərəfindən Suveren.az-ın redaksiyasına müraciət daxil olub. Saytımız vasitəsilə ADPU-nun rektoru Cəfər Cəfərova AÇIQ MƏKTUB ünvanlayan V.Hüseynovun müraciətini olduğu kimi dərc edirik:
"Hörmətli Cəfər müəllim!
Siz artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali vəzifə hesab edilən rektor kimi fəaliyyət göstərirsiniz. Bu vəzifəyə Sizi Azərbaycan Respublikasının Prezidenti təyin edib.
Bu illər ərzində Universitetdə özünüzə uyğun tərzdə islahatlar aparmış, Sizə edilən etimadı doğrultmağa çalışmısınız. Təbii ki, hər bir rəhbərin özünə uyğun qayda və prinsipləri olur. Amma hər bir rəhbər işlədiyi müəssisəyə yeni təyin olunarkən yüksək peşəkarlığı olan əməkdaşları öz ətrafına toplayar, işinin daha səmərəli olması üçün öz təklif və tapşırıqlarını verər. Əgər sonradan bu əməkdaşlar onu qane etməzlərsə, yeni təyinatlar qaçılmaz olar.
Siz mənim illərlə fəaliyyət göstərdiyim Universitetə yeni vəzifəyə təyin olunan kimi, barəmdə çox sərt qərar verdiniz və mənim işdən azad olunmağıma imkan yaradanların arzularını reallaşdırdınız. Mən artıq 2016-cı ildən işsizəm. Oğlum ali təhsil aldıqdan sonra cəbhə bölgəsində hərbi xidmətdədir. Mənim məsələmlə bağlı cəbhə bölgəsində psixoloji sarsıntı keçirir, bununla əlaqədar hospitalda müalicələr alır. Ali Baş Komandana əsgər olaraq israrla müraciət etmək istəyir, çünki əsgər ailələrinə qayğı hər zaman Prezidentimiz üçün prioritet məsələ olmuşdur. Lakin mən ona mane olaraq Sizinlə danışıqlar aparmağı üstün bildim.
Təbii ki, o universitet nə Sizin, nə də mənim atamdan miras qalmamışdır. Hər kəs gəldi-gedərdir. Möhtərəm Prezidentimizin son günlər ali vəzifələrdə apardığı ciddi kadr islahatları da bundan xəbər verir. Mən haqlı olaraq bu 3 il ərzində mübarizə apardım, ətrafınızda olan bəzi naqis adamlar Sizinlə aramızda çox ciddi soyuqluqlar, uçurumlar yaratdılar. Halbuki Siz humanistlik, böyüklük edərək mənim işsizlik problemimi aradan qaldıra bilərdiniz və belə bir addımı atmışdınız da. Buna misal olaraq 2018-ci ilin iyul ayında məni qəbul etməyinizi, Kadrlar şöbəsinə mənim işə götürülməyimlə bağlı müvafiq göstəriş verməyinizi göstərə bilərəm. Bu alınmadıqda, 2019-cu ilin fevralında saat hesabı olan vakant yerə aldığım təqdimat da kənara atıldı.  Eldar Aslanovun qərəzli şəkildə təqdimatı geri qaytarması və Sizin də Eldar Aslanovu müdafiə etməyiniz aramızdakı uçurumun yaranmasına və mənim də dövlət orqanlarına müraciət etməyimə səbəb olmuşdur. Məlum məsələdir ki, mənim işlədiyim vəzifə üçün ödənilən məvacib Sizin cibinizdən deyil, mənim də vergisini ödədiyim dövlət büdcəsindən veriləcəkdi. 
Artıq olan oldu. Mən Sizinlə münasibətlərimizin müsbətə doğru düzəlməsini istərdim. Çünki möhtərəm Prezidentimizin yeni kadr islahatlarının başqa kimlərə təsir edəcəyi hələ məlum deyil. Gəncləşdirmə siyasəti yəqin ki, bütün dövlət strukturlarını əhatə edəcək. Mən istərdim ki, Sizinlə təkbətək görüşəm və Siz böyüklük edərək mənim yenidən işimə bərpa olunmağım məsələsinə bir də baxasınız. Bizim aqressiv mövqeyimiz heç kəsə üstünlük gətirməyəcək.
Azərbaycan Respublikası Təhsil Nazirliyinə və digər dövlət qurumlarına etdiyim şikayətlər, təbii ki, bir gün öz mövqeyi olan, işinin məsuliyyətini dərk edən və şikayətə obyektiv baxan şəxsin əlinə keçə və bu zaman hər şey dəyişə bilər, heç kimin həyatda təhlükəsizlik zəmanəti yoxdur. Ali rəhbərlərin “sorğusu” isə daha “ali” olur. 
Hörmətli Cəfər müəllim!

Tarix boyu ədalətli insanları dəstəkləyən çox olub və onlar öz adlarını qəlblərdə yaşadıblar. Siz özünüz də məlumatlısınız ki, hələ 1991-ci ildə yaranmaqda olan Yeni Azərbaycan Partiyasının qurulmasında, Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması tədbirlərində, yaş senzinin aradan qaldırılması ilə bağlı tədirlərdə mən çox yaxından iştirak etmişəm, eləcə də Universitetin çoxsaylı tələbələrini də bu işə cəlb edərək Ulu Öndərimizə dəstək olmuşam. Siyavuş Novruzov, Elmar Qasımov kimi  YAP funksionerləri buna canlı şahiddir. Bəzi məmurların təbirincə, onda belə çıxır ki, çətin vaxtlarda mən lazım olmuşam, indi artıq hər şey qaydasındadır, stabil inkişafı olan dövlətdə yaşayırıq, lakin mənim dövlətçilik potensialım gərəkli hesab olunmur. İndi gəlin baxaq, yeni işə qəbul edilmiş kadrların hansının mənim qədər dövlətə və dövlətçiliyə xidməti, Ulu Öndərə yaxından dəstəyi olmuşdur? 
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu proseslərdə iştirak edən aktivistlərə çox böyük dəyər verir və həmin zaman Ulu Öndər Heydər Əliyevə dəstək olanları çox böyük dəyərləndirir və bunu unutmadığını deyir. 
Sizinlə olan münasibətimizin müsbətə doğru düzəlməsini ona görə istərdim ki, dövlətimizə birgə dəstək olaq, tələbələrimizi maarifləndirək, onları dövlətimiz əleyhinə mitinqlərə istiqamətləndirə biləcək təşviqatlara qarşı möhkəmləndirək, öz dövlətçilik təbliğatımızı birgə aparaq. Axı Ulu Öndərin siyasəti qanına hopmuş bir müəllim üçün bu heç də çətin bir məsələ deyil!
Mənim, ailəmin dövlətə, Ulu Öndərimizin irsinə, möhtərəm Prezidentimizə sadiqliyimizi dərin bilən Lerik rayonunun ictimaiyyətinin nümayəndələri (321 nəfər), ağsaqqallar, eləcə də Bakı şəhərində yaşayan çoxsaylı həmyerlilərimiz onların mənim məsələmlə bağlı müraciətlərinə müsbət qərar verilmədiyi üçün daha radikal addımlar ataraq, KİV-nin iştirakı ilə AR Təhsil Nazirliyinin və ADPU-nin inzibati binasının qaşısında piket keçirməyi, səslərini Prezidentimizə çatdırmağı labüd bilirlər. Mən bu qərara gəldim ki, demokratik müzakirə üçün məni qəbul edəsiniz və birgə razılaşma əldə edərək Prezidentimizi də narazı salacaq bir problemin qarşısını vaxtında almış olaq. Əminəm ki, müraciətim düzgün anlaşılacaq, xoş olmayan gərginlik aradan qaldırılacaq.
Cavabınızı gözləyirəm".

Suveren.az

Redaksiyadan: Qeyd edək ki, müəllif bu müraciətini noyabr ayında rəsmi şəkildə ADPU-nun rektoruna göndərsə də, dediyinə görə, indiyədək cavab çıxmayıb. Bu səbəbdən, C.Cəfərova mətbuat vasitəsilə açıq məktub ünvanlamağı məqbul hesab edib.