Kürdlər İŞİD-çiləri azad etmək fikrindədir

21/12/2018 - 21:32 20 083 0   0  

Suriyanın şimalındakı kürd silahlı birləşmələri bəyan ediblər ki, əgər regionda vəziyyət nəzarətdən çıxarsa, əsir götürdükləri yüzlərlə (3 mindən çox) İŞİD terrorçusunu daha həbsdə saxlaya bilməyəcəklər.

Bu barədə Suriyadakı silahlı kürdlərin liderlərindən biri olan İlham Əhməd Parisdə keçirilən konfransda bəyan edib.

“Türkiyə dövlətinin təhdidi altında olaraq və İŞİD-in yenidən dirçəlmə ehtimalını nəzərə alaraq, qorxuram ki, vəziyyət nəzarətdən çıxacaq və biz daha əsir aldığımız terrorçuları saxlaya bilməyəcəyik” – Əhməd xəbərdarlıq edib.

Onunla birgə çıxış edən Suriya Demokratik Qüvvələri Şurasının həmsədri Riad Darar isə ABŞ qoşunlarını Suriyadan çıxardıqdan sonra Fransadan kömək istəyərək, Parisin daha aktiv rol oynayacağına ümid edib.

Konfransdan bir qədər əvvəl Əhmədlə Darar Fransa prezidenti Emmanuel Makronun məsləhətçilri ilə görüşərək Trampın ABŞ hərbi qüvvələrini Suriyadan çıxarmaq qərarını müzakirə ediblər.

Qeyd edək ki, Suriyada İŞİD-ə qarşı vuruşan beynəlxalq koalisiyanın tərkibində Fransanın 200 xüsusi təyinatlı hərbçisi var. Həmçinin, Fransa Suriyaya hava zərbələri endirir.

Xatırladaq ki, 19 dekabrda ABŞ prezident Donald Tramp İŞİD-i məğlub etdiklərinə görə artıq Suriyada qalmaqları üçün bir səbəb olmadığından ABŞ qoşunlarının oradan çıxarılması barədə qərar qəbul edib. Daha sonra isə Ağ Ev açıqlama yayaraq ABŞ hərbçilərinin Suriya ərazisindən çıxarılma prosesinə başlanıldığını deyib. “Reuters” isə bildiirb ki, amerikalı hərbçilər 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq.