SABİQ DEPUTAT 100 MİNLƏRLƏ DOLLARI ALANDA ANLAQSIZ OLUB? - Cahangir Hüseynovun iş adamları ilə pul çəkişməsi davam edir

30/10/2019 - 17:32 8 704 0   0  

Binəqədi Rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə keçmiş deputat Cahangir Hüseynovun 31 saylı Dövlət Notariat Kontoruna, Kazımov İlham Davud oğluna, Baxışov Azər Sirac oğluna və İsayeva Qətibə İsmayıl qızına qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib.

Keçmiş deputat iddia ərizəsində göstərib ki, ağır xəstə olmasından istifadə edərək ona imzalatdırılan “Barışıq sazişi” ləğv olunmalıdır.

Xatırladaq ki, mübahisə “Məkan” MTK tərəfindən 2004-cü ildə 9-cu mikrorayonda bina tikmək üçün Cahangir Hüseynovdan alınan 21.6 sot torpaq sahəsilə bağlıdır. Keçmiş deputat bunun əvəzində MTK rəhbərliyindən nəğd pul, tikilən çoxmərtəbəli binadan evlər, qeyri- yaşayış sahələri alıb. Amma bir müddətdən sonra əldə etdiyi payla razılaşmayıb və məhkəməyə üz tutub. Məhkəmədən istədiyi qətnaməni əldə edib.

2016-ci ilin sonlarında keçmiş deputatın oğlu Yadigar Hüseynov barışıq təklifi ilə qarşı tərəfə müraciət edib. (Qeyd edək ki, Yadigar Hüseyn hazırda SOCAR-ın İsveçrədə rəsmi nümayəndəsidir).

C.Hüseynovun indi ləğvini istədiyi “Barışıq sazişi” bu müraciət əsasında üç il əvvəl – 2016-cı ilin 30 dekabrında imzalanıb. Daha sonra Cahangir Hüseynov, oğlu Yadigar Hüseyn tərəfindən imzalanıb, Binəqədi Rayon Məhkəməsinin 6 yanvar tarixli qərardadı ilə təsdiqlənib və işə xitam verilib.

Bu razılaşmadan keçmiş deputat və oğlu 400 min dollar əldə edib. Tərəflər razılaşıblar ki, 200 min dollar Yadigar Hüseynə çatsın, 200 min dollar isə Cahangir Hüseynovun “YAPI KREDİ Bank”da olan hesablarına köçürülsünOğlu Yadigar Hüseyn göstərilən məbləği yanvar ayının 5-də notariusda alıb. Daha sonra C.Hüseynov şəxsi bank rekzivitlərini göndərərək, qalan 200 min dolların onun hesabına köçürülməsini istəyib.

Bu sazişdən 2 il 6 ay keçdikdən sonra Cahangir Hüseynov yenidən məhkəməyə müraciət edərək, sazişin ləğv olunmasını tələb edir. Hazırda onun şikayəti üzrə məhkəmə prosesi davam edir.

312a2094467e2c6436333ba0d8c922d3Hakim Səadət Səlimova bildirdi ki, iddiaçı və cavabdehlər tərəfindən məhkəməyə bəzi sənədlər daxil olub. 31 saylı Notariat Kontorunun hüquqlarını müdafiə edən vəkil Bəhruz Bayramov kontorun rəhbəri Ramiz Hümbətovun məhkəməyə məktubunu, imzalanan sazişin, tərəflərin şəxsiyyət vəsiqələrinin və bank rekviztlərinin sürətlərini hakimə təqdim etdi.

Hakim Ramiz Hümbətovun məktubunu oxudu. Məktubda sazişin imzalanması ilə bağlı təfərrüat qeyd olunurdu və prosesin tam şəffaf, qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirildiyi vurğulanırdı. R.Hümbətov sonda xahiş edirdi ki, burada yazdığı fikirlər onun məhkəmədə ifadəsi kimi də qəbul olunsun.

Vəkil Bəhruz Bayramov əlavə olaraq bildirdi ki, mübahisələndirilən saziş C.Hüseynovun oğlunun, cavabdehlərin və notariat kontorunun rəhbəri Ramiz Hümbətovun iştirakı ilə hazırlanıb və imzalanıb. Keçmiş deputatın oğlu Yadigar Hüseyn notariat kontorunda sənədə imza atıb, daha sonra atasının səhhətində müəyyən problemlər olduğuna görə notariatdan onun evinə getməsini xahiş edib. Ramiz Hümbətov bu xahişi yerinə yetirərək C.Hüseynovun Maştağada yerləşən evinə gedib. Cahangir Hüseynov sazişlə ətraflı tanış olduqdan sonra onu imzalayıb.

O, təsdiq etdi ki, notariat əməkdaşları onun evinə gəliblər və orada “Barışıq sazişi”nə imza atıb. Ancaq orada notariat kontorunun rəhbəri Ramiz Hümbətov iştirak etməyib. Ona görə də məhkəmədən xahiş edir ki, həmin nümayəndələr məhkəmədə dindirilməlidirlər.

Cavabdehin vəkili bildirdi ki, həmin nümayəndələrin şəxsiyyəti məlum deyil, ona görə bu vəsatət rədd olunmalıdır. Cavabdehlərdən İlham Kazımov, və AzərBaxışov da vəkilin mövqeyini müdafiə edərək vəsatətin rədd edilməsini istədilər.

İlham Kazımov üzünü Cahangir Hüseynova tutaraq bildirdi ki, həmin vaxt sazişin bütün müddəaları sizinlə razılaşdırılaraq imzalanıb: “Cahangir müəllim, mən sizi yaxşı tanıyıram. “Barışıq sazişi” imzalananda təklif olundu ki, siz xəstəsiniz, nümayəndəniz imzalasın, ancaq mən buna qəti etiraz etdim. Bilirdim ki, siz bundan istifadə edib yenə problem çıxaracaqsınız. Ona görə xahiş etdim ki, notarius evinizə getsin, orada sazişə imza atasınız”.

Hakim S.Səlimova yerində müşavirə edib C.Hüseynovun vəsatələrinin qismən təmin olunduğunu bildirdi.
Daha sonra C.Hüseynovun vəkili yeni vəsatətlə çıxış etdi. O, bildirdi ki, məhkmə mübahisələri başa çatanədək cavabdehlərin malik olduqları bütün əmlaklara həbs qoyulmalıdır. Vəkil vəsatəti belə əsaslandırdı ki, bu müddətdə cavabdehlər əmlakı sata, dəyişdirə və başqa adlara keçirə bilməsinlər.

Hakim: Söhbət hansı əmlaklardan gedir?

Vəkil: Əqd etibarsız olanadək cavabdehlərin malik olduqları bütün əmlaklardan.

Hakim: Vəsatəti əsaslandırın!

Cahangir Hüseyinov: Hörmətli hakim, əvvəlki məhkəmə çəkişməsi zamanı cavabdehlərin bütün əmlaklarına həbs qoyulmuşdu. Hesab edirəm ki, bu dəfə də belə olmalıdır.

Bundan sonra keçmiş deputat həbs qoyulmasını tələb etdiyi əmlakın siyahısını oxudu. Cavabdeh İlham Kazımovun vəkili bildirdi ki, sözügedən əmlakların cavabdehlərə məxsus olması barədə sübut yoxdur. O qeyd etdi ki, hazırda məhkəmə tərəflər arasında imzalanmış “Barışıq sazişi”nin ləğv olunması barədə iddiaya baxır. Ona görə də iddiaçının belə vəsatətlə çıxış etməsi əsassızdır.

1İlham Kazımov: Hörmətli hakim, məlumat üçün bildirim ki, “Barışıq sazişi” bağlanmazdan əvvəl C.Hüseynovun iddiası üzrə əmlaka qoyulan həbs qərarı Binəqədi rayon Məhkəməsinin hakimi Emin Əliyev tərəfindən ləğv edilib. Daha sonra Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
İ.Kazımov daha sonra üzünü Cahangir Hüseynova tutaraq dedi: “Cahangir müəllim, bu oyunları qurtarmaq lazımdır. Nə istəyirsiniz axı? Sizdən 21.6 sot torpaq almışıq, özümüzə məxsus 64 sota əlavə edib binalar tikmişik. Bir manat da pul qoymadan milyonlarla gəlir, əmlak əldə etmisiniz. Hamısı sizin, yaxınlarınızın adlarına sənədləşdirilib, satmısız, bəzilərini indi də işlədirsiniz və s. İndi iddia etdiyiniz əmlaklar çoxdan satılıb qurtarıb, mənzillər 500-dən artıq soydaşımıza məxsusdur. Orada “Məkan” MTK-nın adına bir dənə də olsun əmlak yoxdur, ümumiyyətlə bu MTK ləğv olunub, onun yerində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılıb. Ona görə də bu vəsatətlərin tamamilə əsassızdır və rədd olunmalıdır.”

Cahangir Hüseyinov isə yenə vəsatətini müdafiə edərək cavabdehlərin əmlakına həbs qoyulmasını tələb etdi.
Hakim S.Səlimova bu idda üzrə müşavirəyə getdi. Və sonra qərardadını elan edərək iddiaçının cavabdehlərin əmlakına həbs qoyulması tələbinin təmin edilmədiyini açıqladı.

Daha sonra keçmiş deputat hakimə daha bir vəsatətinin olduğunu bildirdi. Hakim ona söz verdi.

Cahangir Hüseynov: Mən tələb edirəm ki, Bəhruz Bayramov cavabdehlərin vəkilliyindən uzaqlaşdırılmalıdır. Ötən prosesdə o məni təhqir edib. Mən bu barədə Vəkillər Kollegiyasına da müraciət etmişəm. Bundan əlavə o, proseslərin birində cavabdehlərdən Rəşad müəllimin nümayəndəsi olub.

Vəkil Bəhruz Bayramov: Hörmətli hakim, mən Cahangir müəllimə nə demişəm axı? Mənə dedi ki, sənin kimi yüzlərlə tələbəm olub, mən də cavab verdim ki, Allah eləməsin, mənim müəllimim olasan. Mən təhqir etsəydim, yəqin ki, hakim barəmdə cinayət işinin açılması, yaxud araşdırma aparılması barədə müvafiq qurumlara müraciət edərdi.

Cavabdehlər də çıxış edərək Cahangir Hüseynovun vəsatətinin əsassız olduğunu bildirdilər. Hakim vəsatəti təmin etmədi.

Sonra İlham Kazımovun vəkili Nüsrət Hüseynov məhkəmənin diqqətinə çatdırdı ki, Mülki Prossesual Məcəllənin tələblərinə görə əqdlərin ləğv olunması müddəti bir ildir. Sözügedən iddia isə təxminən 3 il əvvəl bağlanmış sazişi əhatə etdiyinə görə bu iddianın təmin olunması üçün hüquqi əsaslar mövcud deyil. Vəkil qeyd etdi ki, saziş imzalanarkən C.Hüseynov ambulator şəraitdə müalicə olunub, huşu özündə və qərar vermək imkanında olub. Bunu təsdiq edən xəstəlik kağızı da onlarda var. Bundan başqa sazişdən sonra 400 min dollar pul vəsaitinin alınması, köçürülməsi barədə onların təsdiq olunmuş imzaları var.

Cahangir Hüseynov isə hakimə bildirdi ki, o, “Barşıq sazişi”ndən 2019-cu ildə xəbər tutub. Onun bu iddasi cavabdehlərin və onların vəkillərinin kəskin narazılığına səbəb oldu. Bildirdilər ki, 2017-ci ildə saziş notarial qaydada təsdiq olunub, vəsaitlər ödənib, Cahangir Hüseynov həmin pulları alıb və ondan istifadə edib. Bunun əksini iddia etmək absurddur.

Daha sonra cavabdehlərdən İlham Kazımov prosesdə çıxış etdi. O, keçmiş deputatla şərikliyi dövründən sonra aralarında yaranan mübahisələrə geniş aydınlıq gətirib bunları dedi: “Hesab edirik ki, Cahangir Hüseynovun iki il yarım keçdikdən sonra Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi heç də “Barışıq sazişi”nin ləğv olunması deyil, qanunsuz varlanmaq cəhdidir. Belə ki, 2017-ci ili əvvəlində qəbul edilmiş qərardadı 2019-cu ilin ortalarında mübahisələndirmək o anlama gəlir ki, o, öz xeyrinə qərar qəbul etdirəcəyindən arxayındır. O, özünə o qədər əmindir ki, 200 min dolları alıb sazişə imza atdıqdan sonra “anlaqsız” olduğunu əsas gətirə bilir. Fikrimizcə, “Barışıq sazişi” imzalanarkən C.Hüseynov anlaqsız olması barədə məhkəməyə heç bir tibbi komissiyanın rəyini sübut kimi təqdim edə bilməyib. Diqqətə çatdırılası məqamlardan biri də odur ki, bir sıra sənədlər Cahangir Hüseynovun özü və oğlu tərəfindən şəxsən imzalanıb. Həmin sənədlərdən biri də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Cahangir Hüseynovun özü və oğlu tərəfindən notarial qaydada imzalanaraq ünvanlanmış ərizədir. Həmin ərizədə tərəflər arasında mübahisə ilə əlaqədər barışıq əldə olunduğundan iddianı təmin etmə tədbiri barədə qərardad qəbul edilməsi, əmlakların üzərinə qoyulan həbslərin götürülməsi xahiş edilmişdir. Burada ortaya maraqlı sual çıxır: əgər Cahangir Hüseyinov dediyi kimi “Barışıq sazişi” imzalanarkən anlaqsız vəziyyətdə olubsa, necə olur ki, hesablaşma hesabının hansı bankda olmasını, hesab nömrəsini deyə bilib?! Onun oğlu Yadigar Hüseyn Azərbaycanın nüfuzlu neft şirkəti – SOCAR-ı xaricdə təmsil edir, savadlı, qabiliyyətli oğlandır. Necə ola bilər ki, bu zaman o atasının anlaqsız vəziyyətdə olduğnu hiss etməsin?”

Daha sonra vəkil Bəhruz Bayramov “Barışıq sazişi” ilə bağlı İlham Kazımova suallar ünvanladı. Cavadeh suallara cavab verdikdən sonra Cahangir Hüseynovun vəkili İlham Kazımova sualı olduğunu bildirdi.

Vəkil: İlham müəllim, niyə şəhərdə bu qədər notariusu qoyub Ramiz Hümbətovun Binədə yerləşən 31 saylı Notarius Kontoruna müraciət etdiniz?

İlham Kazımov: Ona görə ki, saziş imzalanan gün dekabrın 30-u, ilin son iş günü idi. Mən bir neçə notariusa zəng elədim, hamısı ilin sonu olduğuna görə dolu idi, daha sonra Ramiz müəllimə müraciət etdim. Çünki Cahangir Hüseynovun oğlu məni tələsdirirdi ki, saziş bu gün mütləq imzalanmalı, pul da qısa müddətdə onlara verilməlidir.

Növbəti məhkəmə prosesində isə hakim S.Səlimova C.Hüseynovun cavabdehlərin əmlakına həbs qoyulması tələbinin rədd edilməsi barədə qərardadından şikayətinin Apellyasiya Məhkəməsinə göndərildiyini bildirib.
Görünür, çəkişmənin ən maraqlı hissəsi hələ qarşıdadır, bizi izləyin.

AzPolitika.info