“Prezident Aparatının qarşısında intihar edəcəyəm” - KƏBİRƏ MƏMMƏDOVA SAHİBKARI İNTİHARA MƏCBUR EDİR

13/08/2019 - 21:19 12 494 0   0  

Bakı şəhər sakini Elsevər Abdullayev tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçi tanınmış iş adamı Kəbirə Məmmədovanın ondan aldığı 60 min ABŞ dollarını qaytarmadığını iddia edir. Zərərçəkmiş deyir ki, hazırda intihar etməkdən başqa yolu qalmayıb:
“Cənab Prezident!
Sizə zəhmət verməyimə zərurət yaradan tanınmış iş adamı Kəbirə Məmmədova tərəfindən hiylə yolu ilə 60 000 (altmış min) ABŞ dolları pulumun ələ keçirilməsi və bütün səylərimə baxmayaraq ala bilməməyim, üstəlik də təhqir olunmağımdır. Ötən müraciətlərimdə qeyd etdiyim kimi, illər öncə ailənin xoş güzəranı naminə doğmalarımdan, yaxınlarımdan borc alıb bir yerə topladığım 60 000 dolları Kəbirə Məmmədovaya verib, onunla müddətsiz müqavilə imzalayaraq, hər biri 23 kvadratmetr sahəni əhatə edən 2 anbar almışdım. Lakin Kəbirə Məmmədova mənə elə yerdən anbar vermişdi ki, ora ildə bir dəfə insan ayağı dəymirdi. Mən elə ilk günlərdən buna öz ciddi etirazımı bildirərək, ya anbarların yerlərini dəyişdirməyi, ya da pulumun qaytarılmasını tələb etməyə başladım. Buna baxmayaraq, Kəbirə Məmmədova bu günə qədər nə pulumu qaytarır, nə də anbarların yerini dəyişdirir.
Hörmətli Prezident!
Sizə ünvanladığım iki müraciətdən və “Bandotdel”in müdaxiləsindən sonra Kəbirə Məmmədovanın qəbulunda olmuşam. O, mənə bildirmişdir ki, aldığı 60 000 dolların yarısını, yəni 30 000 dollarını hər ay 500 manat verməklə hissə-hissə qaytaracaq. Təbii ki, onun bu gülünc doğuran şərti məni razı salmadığından onunla görüşmək üçün dəfələrlə qəbuluna getmək məcburiyyətində qalmışam. Amma ya qəbul etmir, ya da qəbul edib ən nəlayiq söyüşlərlə təhqir edir, həbslə hədələyir və respublikanın ən zəhmli, nüfuzlu rəhbərləri ilə dost, qohum olduğunu dilə gətirir. Lakin Kəbirə Məmmədova anlamır ki, mən həbsdən yox, heç ölümümdən də qorxmuram.
Mən bu gün cəhənnəm əzabını xatırladan elə bir həyat tərzi yaşayıram ki, hər gün, hər saat intihar etməyi düşünürəm. Yoxsulluq, rəzalət, üstəgəl külli miqdarda borclarım, anamın, həyat yoldaşımın onkoloji xəstəlikləri, digər sosial problemlər, bu yandan da Kəbirə Məmmədova. Neçə müddətdir məni bir sual dərindən düşünməyə vadar edir. Necə olur ki, qonşunun toyuğunu oğurlayana dərhal cinayət işi açıb, onu məhkəməyə hakim qarşısına çıxarırlar. Amma yüzlərlə insanın hüquqlarını pozaraq hiylə yolu ilə malını, pulunu ələ keçirən Kəbirə Məmmədova hansısa səbəbdən cəzasız qalır?!
Dövlətçiliyimizi sarsıdan, xalqımızı dövlətimizdən narazı salan və ölkədə sosial gərginlik yaradan bu kimi amillərdir.
Respublika hüquq mühafizə orqanlarında Kəbirə Məmmədovanın sadalanan və sadalanmasına zaman lazım olan çirkin əməlləri barədə kifayət qədər tutarlı materiallar mövcuddur. Amma onun barəsində tədbir görülməməsi təəccüb təsiri bəxş edir və Kəbirə Məmmədovanın dediklərinə, yəni yuxarı eşalonda müdafiə olunmasına inam yaradır.
Cənab Prezident!
Siz 2003-cü ildən başlayaraq prezident seçkilərindən sonra andiçmə mərasimlərində əlinizi Qurani Kərimə qoyaraq hər bir Azərbaycan vətəndaşının prezidenti olacağınıza, insanların hüquqlarını qoruyacağınıza söz vermisiniz. Bu məqamdan istifadə edərək xahiş edirəm:

  • Müraciətimi xüsusi nəzarətə götürün;
  • Tapdanmış hüquqlarımın bərpasına, eləcə də Kəbirə Məmmədova tərəfindən ələ keçirilən 60 000 Amerika dollar pulumun bütövlükdə bir dəfəyə geri qaytarılmasına və onun qanunazidd əməllərini araşdırıb ona cinayət işi başlanılmasına göstəriş verin!

Qeyd edilənlər baş tutmadığı halda Sizləri səmimiyyətimə inandırıram ki, bütün məsuliyyəti və cavabdehliyi Kəbirə Məmmədovanın üzərinə qoymaqla Prezident Aparatının qarşısında intihar edəcəyəm. Məni buna acınacaqlı həyatım, problemlərim xüsusən də külli miqdarda borclarım vadar edir”.

Hurriyyet.org
 
Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.