Azərbaycanda 230 məhkum elektron qolbaq daşımaqla azadlıqdadır

02/11/2018 - 10:11 1 900 0   0  

Əliməmməd Nuriyev: “Bu gün həbsə alternativ cəzaların sayı və miqyası genişlənməkdədir”

Prezident İlham Əliyev 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı sərəncamdan bu günə qədər 230-dan çox məhkuma elektron qolbaq tətbiq olunub. Cinayət-hüquq siyasətinin liberallaşdırılması çərçivəsində atılan bu addımlar təqdir edilsə də, yetərli hesab olunmur.
Bu haqda “Yeni Müsavat”a danışan Əliməmməd Nuriyev cəza siyasətinin yumşaldılması istiqamətində atılan addımların tədricən genişləndiyini bildirib: “Həmin sərəncamdan sonra Azərbaycanda azadlıqdan məhrumetmə məsələsi əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Sərəncamdan sonrakı dövrü əhatə edən statistikaya baxsaq, görərik ki, prosessual məcburetmə tədbirlərinin miqyası 25 faiz artıb. Böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərlə bağlı cinayət işlərinin istintaqı zamanı məsuliyyətə cəlb edilmiş şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi praktikası 3-5 faiz həcmində olub. Əksəriyyət haqda həbslə əlaqədar olmayan digər tədbirlər seçilib. Başqa yerə getmək haqda iltizam alınma, zaminliyə verilmə, ev dustaqlığı, girov müqabilində azad etmə kimi tədbirlər seçilib.
Probasiya xidmətinin təşkili, elektron qolbaqların tətbiqi ilə bağlı da işlər görülməkdədir. Elektron qolbaqların tətbiqi praktikası genişlənməkdədir. Amma bu o demək deyil ki, bütün məhkumlara, hansılara ki, azadlıqdan mərhrumetmə ilə bağlı olmayan cəzalar tətbiq edilibsə, mütləq şəkildə elektron qolbaqlar tətbiq edilməlidir. Belə deyil. Bu gün həbsə alternativ cəzaların sayı və miqyası genişlənməkdədir. Bunun üçün bir qədər də zaman tələb olunur".
Əliməmməd Nuriyev deyir ki, Azərbaycan məhkəmələrinin həbsə meylli olmasını Azərbaycan prezidenti İlham Əliyev, ədliyyə naziri Fikrət Məmmədov, prezidentin köməkçisi, hüquq-mühafizə orqanları və təhlükəsizlik məsələləri üzrə şöbənin müdiri Fuad Ələsgərov da dəfələrlə vurğulayıblar: “Artıq bu praktika da tədricən aradan qalxacaq. Qeyd olunan sərəncamdan sonra kəskin şəkildə azalma prosesi müşahidə olunur. Həmin sərəncamdan sonra azadlıqdan məhrumetmə ilə bağlı cəzalar 33 faizə qədər enib. Hazırda 44-46 faizə qədər enmə var. Mümkündür ki, belə məlumatlar yetərli ictimaiyyətə çatdırılmır, amma proses aparılır. Həmin sərəncamdan sonra bir çox ictimai təhlükə törətməyən cinayətlər Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilib.
Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin 5 dəfə, yəni 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Yeni normalara əsasən bu kateqoriyadan olan bir sıra cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilirlər. Daha böyük məbləğdə (xeyli və külli miqdarda) ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə etmiş şəxslər isə dəymiş ziyanı tamamilə ödədikdə və bundan əlavə, cinayət nəticəsində vurulmuş ziyanın 1 misli, bəzi cinayətlərə görə 2 misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilirlər.
Sərəncama uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üçün Probasiya Xidməti təşkil olunub. Həmin cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron Monitorinq Mərkəzi fəaliyyət göstərir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron qolbaqların tətbiq olunması həmin cəzaların effektiv icrasına nəzarətin təşkilinə imkan yaradır. Bu gün 230-dan çox məhkum elektron qolbaq daşıyır. Onlar müvafiq cəzalarını çəkirlər və Elektron Monitorinq Mərkəzi tərəfindən fasiləsiz təsirli nəzarət həyata keçirilir. Bütün bunlar ümumilikdə həmin sərəncamdan irəli gələn tədbirlərdir və həmin tədbirlər genişlənməkdədir”.