Avropa İttifaqının səfiri: "Danışıqlar prosesi gedir, biz sona yaxınlaşırıq"

09/05/2019 - 00:41 13 564 0   0  

Azərbaycanla Avropa İttifaqı arasında "danışıqlar prosesi bitən kimi sənəd imzalanacaq və bu dəqiq, hərtərəfli anlaşma bizim gələcək əməkdaşlığımızın yeni əsası olacaq", - Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.

O, BBC News Azərbaycancaya Azərbaycanla Aİ arasında imzalanması gözlənən sazişlə bağlı eksklüziv müsahibə verib.

Cənab Yankauskas sazişin detallarına dair məlumat verməsə də, texniki işlərin tez bitirilməsi üçün səy göstərdiklərini bildirib: "Proses gedir, biz sona yaxınlaşırıq. İşləyirik ki, bu anlaşma imzalansın. Hələliksə, danışıqlar prosesi davam edir".

Sazişin nə vaxt imzalanmasına dair heç bir təxmini olmadığını deyən səfir vurğulayıb ki, "Azərbaycan indiyədək qarşısına qoyulan öhdəliklərə əməl edib, hələ də buna çalışır".

"Düşünürəm ki, bizim əməkdaşlığımız buna nail olmağa gətirib çıxarıb. Biz indiyə kimi edilmiş işlərdən razıyıqmı? Bəli. Daha yaxşı ola bilərdimi? Bəli. Gələcəkdə biz daha yaxşı etməliyikmi? Bəli", - səfir söyləyib.

Azərbaycanla Aİ arasındakı öncəki anlaşmanın tarixinin 90-cı illərdə başladığını xatırladan cənab Yankauskas, anlaşmanın həmin vaxtların reallığını əks etdirdiyini, amma həmin reallığın indi də qüvvədə olduğunu söyləyib.

"Həmin reallıq qüvvədədir, amma indi dünya daha çox irəli gedib və yeni əməkdaşlıq "yeni tənzimlənən əsaslar" tələb edir. Yeni anlaşma üçün isə Azərbaycana qarşı gözləntilər 2 il öncə irəli sürülüb".

"Avropa dəyərləri"

Kestitus Yankauskas əməkdaşlıq üçün "toplaşmaq, söz azadlığı, qanunun aliliyi, bazar iqtisadiyyatı, dözümlülük kimi dəyərlərin vacibliyini" vurğulayıb.

"Hər şeydən öncə bunlar Avropa İttifaqının dəyərləridir. Onların bəziləri anlaşmada da əks olunub. Azərbaycan isə artıq Avropa Şurasının üzvüdür. Düşünürəm ki, bu dəyərlərin qorunmayacağından narahat olan bəzi şəxsləri sakitləşdirməliyəm. Dəyərlərin qorunmamasının mümkün olduğunu düşünmürəm".

Səfir "dəyərlərin qorunmasına" misal kimi bu ilin martında Azərbaycanda verilən "böyük əfv"i göstərib.

"Azərbaycanda ötən ay böyük bir əfv fərmanı imzalandı. Hesab edirəm ki, Azərbaycan anlaşmanı razılaşdırmağa çalışır, yeni əməkdaşlıq qurur və bu əməkdaşlığı digər sahələrdə də genişləndirməyə çalışır. Biz bəyan etdik ki, gələcəkdə də oxşar addımların atılacağını gözləyirik", - Kestutis Yankauskas vurğulayıb.