6 fənn üzrə olimpiada qalibi, vunderkind Kamil –“11 məşhur universitetin pulsuz təhsil təklifinə “yox” dedim, çünki...”-MÜSAHİBƏ

23/05/2019 - 21:37 17 794 0   0  

160 nömrəli orta məktəbin XI sinif şagirdi Kamil Məhərrəmovdan söhbət açacağıq. Doğrusu, onunla apardığımız müsahibə zamanı Kamili daha yaxından tanıyacaqsınız:  Dəfələrlə olimpiada qalibi olan, yazdığı esse 150 000 yazı arasında I yerə layiq görülən, eyni vaxtda Amerikanın 3 universitetinə təqaüdlə qəbul qazanan Kamil Məhərrəmovu...

“Başa düşdüm ki, olimpiadalar elə mənim üçündür”

AzEdu.az-a müsahibə verən Kamil Məhərrəmli öncə onu bildirib ki, o, olimpiadada ilk dəfə IV sinifdə oxuyarkən iştirak edib:

“Ovaxtlar bu, respublika deyil, məktəb səviyyəsində olurdu. Sonradan başa düşdüm ki, olimpiadalar elə mənim üçündür. (gülür)

V-VI siniflərdə də məktəb olimpiadalarında iştirak etdim. 4 dəfə I yeri qazandım:2 dəfə İngilis dili, 2 dəfə isə Riyaziyyat üzrə.

VII sinifdə ilk dəfə respublika səviyyəsinə çıxdım. Proqramlaşdırma üzrə respublika qalibi oldum. Həmin ildə Riyaziyyatdan respublika üzrə IV yeri tutdum. Amma sertifikatı ilk üçlüyə verirdilər.

VIII sinifdən artıq fənləri dəyişib, Fizikanı seçmək qərarına gəldim və respublika ikincisi oldum”.

Liseyin İngilis bölməsində tam təqaüdlə pulsuz oxuyan yeganə şagirdi...

Kamil həmin uğurundan sonra bir çox məktəbə dəvət alır. O, isə Heydər Əliyev adına Müasir Təhsil Kompleksini seçir. Liseyə qəbul imtahanında  50 baldan 49-u toplayıb ingilis bölməsinə düşür. Məktəbin 20 ildən çox fəaliyyət göstərməsinə baxmayaraq, Kamil Məhərrəmov ingilis bölməsində tam təqaüdlə pulsuz oxuyan yeganə şagirdi olur:

“Həmin il daha da ruhlanaraq Riyaziyyat və Multikulturalizm üzrə 2 müsabiqədə iştirak etdim. İkisində də beynəlxalq səviyyədə I yeri tuta bildim. Multikulturalizm olimpiadasında rusca yazdığım esse 150 000 yazı arasında I yeri tutdu.  Bu yarışmaya təkcə ölkəmizdən 11 000 esse gəlmişdi. Riyaziyyat olimpiadasında isə maksimum balı toplamışdım. Həmin il ayağım gipsdə olduğuna görə, məni xaricə apara bilmədilər. İmtahanı Təhsil Nazirliyində verdim. İzolyasiya olunmuş otaqda 4 kamera var idi. Olimpiada çox ciddi təşkil olunsa da, bütün sualları düzgün cavabladım”.

Ən perspektivli orta təhsil müəssisələrindən birində oxusa da, həmin il Kamil Məhərrəmov məktəbini dəyişmək məcburiyyətində qalır. Buna səbəb isə IX sinifdə oxuyarkən məktəbdə İngilis bölməsinin bağlanması olur. O, illər əvvəl oxuduğu məktəbə qayıdır. 160 nömrəli tam orta məktəbə...

6 fənn üzrə olimpiadalarda ilk üçlüyə daxil olan yeganə şagird...

Liseydən uzaqlaşsa da, olimpiadalarda iştirak etməyə davam edir:

“Ovaxtdan hər il fənləri dəyişirəm. X sinifdə oxuyanda “Sabahın alimləri” olimpiadasına qatılmağa qərar verdim. Bu, beynəlxalq müsabiqə idi. Kimya üzrə III yeri tutdum. Əlbəttə, bununla qane ola bilməzdim. Qərar verdim ki, gələn il yenidən cəhd edim.

XI sinifdə Biologiya üzrə iştirak etdiyim  müsabiqədə II yerə layiq görüldüm.Yeganə azərbaycanlı şagirdəm ki, 6 fənn üzrə olimpiadalarda ilk üçlüyə daxil olmuşam”.

“1 il Nyu-Yorkda oxuyandan sonra transfer olub, sənədlərimi dünyanın ilk beşliyinə düşən universitetlərə yollayacam”

Kamil 2018-2019-cu tədris ilinin əvvəlində xaricə getməyə qərar verir:

“Hamı deyirdi ki, artıq bunun üçün çox gecdir. Çünki mənə ACT lazım idi və 2 ay vaxtım qalmışdı. Bunabaxmayaraq,imtahan verdim və 1450 bal topladım.  Dünya üzrə 1000 nəfərdən bəlkə də 1-i belə nəticə göstərə bilər.

Sadəcə mənim balım bir az gec çıxdığı üçün dünyanın ən nüfuzlu universitetlərinə müraciət edə bilmədim. Nyu-York Universitetinə qəbul üçün icazə göndərdim. Onlar  məni 54 000 dollar təqaüdlə qəbul etdilər. Sonradan 10-11 əcnəbi ali təhsil müəssisəsindən dəvət gəldi: SanFransisko,Kaliforniya Universiteti, Dubay Universiteti və s. Onlar hər biri məni pulsuz, tam təqaüdlə dəvət edirdilər. Amma Nyu-York Universitetini seçdim. Çünki o, aralarında ən nüfuzlu hesab edilirdi.  Gələn il isə oxuduğum universiteti dəyişmək fikrindəyəm. 1 il NyuYorkdaoxuduqdan sonra transfer olub, sənədlərimi dünyanın ilk beşliyinə düşən universitetlərə yollayacam”.

Zehni istedadına gəlincə isə Kamil bildirib ki, bu, irsi bir şeydir və ona valideynlərindən keçib:

“Atam professordur. Bu yaxınlarda Rusiyada Təbiət Elmləri Akademiyasının  akademiki seçiləcək. Anam isə həkimdir. Buna görə də uşaqlıqdan bu sahəyə maraq göstərmişəm. İnsanlara kömək etmək istəyirdim. Ürək cərrahı olmaq istəyirəm. Düşündüm ki, insana ikinci həyatı bəxş edən məhz ürək cərrahiyyəsidir. Eşitdiyimə görə, indi robotlar beyin, böyrək cərrahiyyəsi də apara bilirlər. Amma ürək cərrahiyyəsində bu, mümkün deyil.

Ən sevdiyim fənn Riyaziyyatdır. Amma I deyil, IV fənn blokuna imtahan verirəm. Humanitar fənlərə marağım yoxdur. Qazandığım yerlər Fizika, Riyaziyyat, Kimya, Biologiya, İnformatika və Multikulturalizm üzrədir”.

“Ən yaxşı tələbə olmayacağımı bilsəm,  heç vaxt o ixtisası seçmərəm”

Bütün bunlarla yanaşı, o, ölkə daxilindəki qəbul imtahanlarında da iştirak edib:

“Bu il qızıl medala namizəd olacağam. Bunun üçün qəbul imtahanlarında iştirak edib 600-dən yuxarı bal toplamalı imişəm. Bu barədə mənə gec məlumat verdilər.

Bilirsiz, mənim ata - anam da o vaxt qızıl medal almaq istəyib. Amma Sovet dövründə buna imkan verməyiblər. Bəlkə də buna görə valideynlərimin ən böyük istəyi qızıl medal almağımdır. Bunun üçün isə 600-dən yuxarı bal toplamaq və olimpiada qalibi olmaq əsas şərtdir. Məktəbdə əlaçı olmaq, bütün qiymətlərin “5” olması da vacibdir. Sırf bu səbəbdən Azərbaycandakı qəbul imtahanlarında iştirak etməyə qərar verdim”.

Kamil XI sinfə qədər heç bir fəndən repetitor yanına getməyib. Cəmi 2 aydır, Biologiyadan hazırlığa gedir. Amma bütün fənlərdən yüksək hazırlıq nümayiş etdirib. İmtahanın ilk mərhələsinin cavablarının  hələçıxmadığını deyən Kamil bu mərhələdə özündən ən azı 250 bal gözləyir. Ümumilikdə isə 630 balı keçəcəyini düşünür:

“Həmişə maksimalist olmağa çalışmışam. İstəmişəm ki, getdiyim yerdə ən yaxşı olum. Məsələn, ən yaxşı tələbəolmayacağımı bilsəm, heç vaxt o ixtisası seçmərəm. Ən nifrət etdiyim şey kimdənsə zəif olmaqdır. Əvvəlcə bu, ibtidai sinifdən başlandı. Sonra paralel siniflər üzrə, daha sonra isə məktəb üzrə ən güclü olmağa çalışdım. Çox prinsipial biriyəm”.

“Heç vaxt bir şeyi 2 dəfə oxumuram”

Dediyinə görə,dərsi daha tez qavramaq üçün öz metodlarından yararlanır:

“Fikrimcə, nəticə müəllimdən çox  şagirdin özündən asılıdır. Çünki hansı mövzudan zəif, hansından güclü olduğunu şagird özü daha yaxşı bilir. O, özü bilir ki, hansı mövzuya daha çox vaxt ayırmalıdır.

Heç vaxt bir şeyi 2 dəfə oxumuram. Hər mövzunu 1 dəfə oxuyur, növbəti dəfə ötəri baxıram. Amma heç vaxt təkrarlamıram. 2-ci dəfə oxumaq insanda natamamlıq yaradır. Düşünür ki, bunu təkrara oxuyuramsa, deməli, nəsə zəifliyim var. Mən isə bu zəifliyi üzə çıxmağa qoymuram. Hər şeyi birinci dəfədən yaddaşıma həkk edirəm. Bundan əlavə, oxuduğumu yadıma salmağa çalışıram”.

“Ən nifrət etdiyim şey kiminsə yanında zəif qalmaqdır”

Maraqlıdır,  sinif yoldaşları onun bu uğurlarını necə dəyərləndirir?

“Düzü, məktəbə həftədə 3-4 dəfə gedirəm. Bilirsiz, mənim öz çevrəm var. Burada yalnız olimpiada iştirakçılarıdır. Biz heç vaxt bir-birimizin zəifliyini üzə vurmuruq. Yadımdadır, bir dəfə olimpiadada mən II, dostum isə I yeri tutmuşduq. Onun  özünə də demişdim ki, bu, xətrimə dəyib və ən nifrət etdiyim şey kiminsə yanında zəif qalmaqdır. O, cəmi 4 balla məni qabaqlamışdı. Təəssüf ki, həmin dostumtam fərqli istiqaməti seçdi və artıq öz bilik səviyyələrimizi yarışdıra bilmədik. İnanın, ətrafımda elə uşaqlar var ki, həqiqətən də istedaddırlar”.

Kamil idmandan da heç vaxt geri qalmayıb:

“4 yaşımdan idmanla maraqlanıram. 12 yaşıma qədər boks, karate ilə məşğul olmuşam. Amma zədələrimlə əlaqədar onu basketbola dəyişdim.

Respublika üzrə I, II yerlərə çıxmışam. Komandanın ən yaxşı oyunçularından idim. Həmin il milli komanda mənimlə müqavilə imzaladı. 2017-ci ildən milli komandanın üzvüyəm”.

“Aşağı bal şagirdin səhlənkarlığının nəticəsidir”

Çoxları orta məktəb proqramının qəlizləşdirilməsindən şikayətçi olsa da, o , əksini düşünür:

“Düzdür, dərsliklərdəinformasiya çoxdur. Amma onun verilməsi asanlaşıb. Məncə məktəb proqramı çətin deyil. Oxuyan hər yerdə oxuyar.

Az bal toplamaq isə şagirdin səhlənkarlığının nəticəsidir. Dərslərinə yetərincə fikir vermirlər. Sonra da özlərinə haqq qazandırmaq üçün deyirlər ki, məktəbdə dərsi yaxşı keçmirlər”.

“10 fənn bloku olsun...”

Dediyinə görə, onu ABŞ-a cəlb edən əsas şey təhsildir. Təcrübəni hər şeydən üstün tutduğuna görə bu qərarı verib:

“Orada müəllimlər dərsi mühazirə zalında deyil, laboratoriyada keçirlər. Əsas faktor müşahidə etdirməkdir. İnformasiyanın 90 %-i  gözlə alırıqsa, deməli, təhsili səsləndirmək deyil, göstərmək lazımdır. Amerikada artıq II kursda tələbəyə cərrahiyyə otağını göstərirlər. Bizdə heç VI kursda da bu baş vermir.

Bizim qəbul imtahanlarına gəlincə isə yaxşı olardı ki, 10  fənn bloku olsun. Hazırda onların sayı  dörddür, amma dəqiqlik yoxdur. Elə ona görə də fənlərin sayı artıqdır. Uşaqlar lazım olan fənlərə  yetərincə diqqət ayıra bilmirlər.  Qrupların sayı artıb, dərslər konkretləşsə, abituriyentlərxeyli uğurlar qazanarlar”.