Gürcüstanla yaranmış sərhəd probleminin əsl səbəbi

08/05/2019 - 23:37 12 859 0   0  

Rusiyanın yeni Qafqaz oyununun pərdə arxası

“Gürcüstanla Keşikçidağ məsələsini hadisələr bir qədər səngidikdən sonra həll etmək lazımdır, hələ ki, hadisələri qızışdırmağa meylli qüvvələr çoxdur və istənilən qərar onları fəallaşdıra bilər”.

İstiPress-ə bu barədə müsahibəsində Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

Qabil Hüseynli - politoloq
Qabil Hüseynli - politoloq

Onun sözlərinə görə, hadisələrin qəflətən qızışdırılmasında Rusiyanın izi açıq görünür: “Bütün bunlar Rusiyanın adamı olan oliqarx Bidzina İvanişvilinin və onun adamı Salome Zurabişvilinin oyunlarıdır. Ola bilər ki, Rusiya onların vasitəsi ilə müəyyən məqsədlərə çatmaq istəyir, lakin bu, baş tutan deyil. Gürcüstan NATO yolu seçib, İvanişvili və Zurabişvili kimilər buna mane ola bilməzlər. Prezident Zurabişvilinin Gürcüstan siyasətində elə bil rolu yoxdur, çünki ölkə parlament ölkəsidir”,- deyə Qabil Hüseynli vurğulayıb.

Politoloqun fikrincə, problem beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır: “SSRİ Nazirlər Sovetinin inzibati-ərazi xəritəsi var və delimitasiya onun əsasında aparılmalıdır. Başqa variantlar da mümkün olar bilər. Yəni məsələ həll olunandır”.   

Son gərginləşmənin Rusiyadan qaynaqlandığını rus KİV-lərini izlədikdə də görmək olur. Məsələn, Rusiyanın ermənipərəst “Regnum” portalının ermənipərəst şərhçisi Stanislav Tarasov Keşikdağ məbəd kompleksinin Qafqaz Albaniyasının irsi olmasını xatırladır və iddia edir ki, Azərbaycan  bu məbəddən imtina edərsə bütün alban irsindən, o cümlədən Dağlıq Qarabağdakı alban məbədlərindən imtina etmiş sayılacaq.  Yəni həmişə Azərbaycanın düşməni kimi davranmış Tarasovun bu sözləri gerçəyə uyğun deyil və sadəcə aranı qarışdırmaq məqsədi daşıyır.   

Təbii ki, Keşikçidağ məbədlər kompleksi  ilk başdan Gürcüstana məxsus olmayıb və ilk dəfə ibadət yeri kimi Qafqaz Albaniyasının xristianlaşdırılmasında rolu olmuş suriyalı missionerlər tərəfindən seçilib. Daha sonra albanların müsəlmanlaşmasından sonra 12-ci əsrdə Gürcüstanın xristian hakimiyyətinin nəzarəti altına keçib. Lakin məbədlərdə ərəbcə yazılara da rast gəlinməsi, oranın müsəlmanlar üçün də ziyarət və ibadət yeri olduğunu göstərir.     

 

Azərbaycan - Gürcüstan dövlət sərhədinin keçdiyi 25 kilometrlik məsafədə təpələr boyunca səpələnmiş kompleksin bəzi abidələri Azərbaycan ərazisinə düşür və əraziyə Azərbaycan sərhədçiləri nəzarət edirlər. Aprelin sonlarında və mayın əvvəllərində bəzi gürcü KİV-ləri Azərbaycan sərhədçilərinin gürcü zəvvarların məbədlərə buraxılmasına maneçilik törətdiyini iddia etməyə başladılar. Hadisələri qızışdırmaqda Rusiya pravoslav kilsəsi ilə yaxın əlaqələri olan bəzi gürcü pravoslav keşişlərin əli olması barədə də xəbərlər dolaşdı. Araqızışdıranların son aksiyası isə bəzi gürcü fəalların məbəd ərazisində əl-ələ tutaraq həmrəylik nümayiş etdiriblər.

Lakin Azərbaycan sərhədçiləri aksiyaların keçirilməsinə heç bir maneçilik törətməyiblər. Üstəlik, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi gö­rüşü ke­çiriblər. Görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələ­rinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Yəni göründüyü kimi, üçüncü qüvvələrin təxribatı alınmadı və Gürcüstanda Azərbaycana qarşı formalaşmış dost münasibəti öz möhkəmliyini qoruyub saxladı.