“Hadi Rəcəblinin 17 villası, 9 benzindoldurma məntəqəsi, 4 şadlıq evi...”

15/05/2019 - 15:35 6 874 0   0  

“Prezident İlham Əliyev cənabları son uşaq pullarının bərpası ilə bağlı mühüm addımlar atıb. Birinci qrup əlil uşaqlara 0 yaşından 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat müavinət ayırdı. Eyni zamanda çoxuşaqlı ailələr üçün müavinətlər artırıldı”.

Suveren.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ONA-ya müsahibəsində deyib. O, bildirib ki, prezident özəl müəssisələrdə oxuyan əlil uşaqlar və gəncləri təhsil haqqı ödəməkdən azad etdi. Doğuşa görə analara müavinətlər iki dəfə artırıldı. Bu addımların hər biri ailəyə dəstək məqsədi daşıyır: “Yeri gəlmişkən, mənim parlamentdəki həmin çıxışım da təhrif edilmişdi. Guya mən demişəm ki, uşaq pulu verilməsin. Mən jurnalistlərə də müraciət edirəm ki, belə təhriflərə qarşı çıxsınlar. Parlamentdə mənim qədər imkansızlara dəstək verməyə çalışan, qayğıları ilə məşğul olan var? Səhər tezdən işə gəlib, axşam saat 19.00-da gedirəm. Fantaziyalarının ən ifrat dərəcəsiylə yazırlar ki, Hadi Rəcəblinin 17 villası, 9 benzindoldurma məntəqəsi, 4 şadlıq evi, daha nəyi, nəyi var. Bu yazır, digərləri də bundan götürür, başqa biri yazır ki, Hadi Rəcəbli qənaətdən danışır, utanmır… Bu da bizim bəlamızdır, belə olmaz. Bu, tərbiyəsizlik, mənəviyyatsızlıq, şərəfsizlik, ləyaqətsizlikdir”.
Nəyə görə hədəfdə olmasına gəldikdə H. Rəcəbli deyib ki, bu dövləti təmsil etməsi, hakimiyyətin sözünü deməsi ilə əlqəlidir: “Hakimiyyəti gözdən salmaq üçün hakimiyyətin sözünü deyən adamları şübhə altına salmağa çalışır, belə insanların sözlərini təhrif edirlər. Bu, dünyada istifadə edilən siyasi texnologiyadır. Ən zəif siyasi mübarizə aparan qruplar yalandan, təhrifdən istifadə edirlər”.