MeydanTV-nin şübhələndiyi...

09/05/2019 - 22:37 10 129 0   0  

MeydanTV-nin saytına DDOS (xidmətdən imtina hücumu - Denial of Service Attack) hücumları olduğu bildirilir .

Bu barədə AzadlıqRadiosuna MeydanTV-dən danışıblar.

Oradan verilən məlumatına görə, 10 gündən artıqdır MeydanTV-nin saytına davamlı DDOS hücumlar edilir: «Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə «tab gətirmir». Hücumlar əsasən Azərbaycan daxilindən və bir neçə xarici serverlərdən edilir».

Media qurumundan deyiblər ki, bu hücumlar əsasən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı dərc edilən araşdırmadan sonra başlayıb. Həmin araşdırmada SOCAR rəhbərliyinə bağlı olduğu iddia edilən bəzi şirkətlərin fəaliyyətindən bəhs olunur.

MeydanTV-dən qeyd edildiyinə görə, hal-hazırda çalışırlar ki, problemləri aradan qaldırsınlar. «Biz hesabat gözləyirik və bundan sonra tam dəqiqliyi ilə bilinicək ki, hansı əməliyyat sistemlərindən istifadə edərək bu hücumu reallaşdırıblar».

Bütün bu deyilənlərə, hələlik, SOCAR təmsilçiləri və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma, bir qayda olaraq, Azərbaycanın rəsmi qurumları belə hallarda iştiraklarını inkar edirlər.

Ə.Məmmədli

Ekspert rəyi...

Media üzrə ekspert Ələsgər Məmmədli isə hesab edir ki, DDOS hücumlar eyni anda çox istifadəçinin saytdan istifadə etmə təşəbbüsü kimi görünən legitim müdaxilədir: «Yəni normalda səhifənin eyni anda 10 min nəfərə xidmət etməyə potensialı yoxdursa, çökmə ehtimalı var belə hücumlar olanda».

Ə.Məmmədlinin sözlərinə görə, DDOS hücumlara qarşı ən yaxşı önləyici tədbir səhifənin istifadəçi imkanlarının geniş tutulmasıdır. «Bu tip məsələlərdə səhifənin infrastrukturu düzgün qurulsa, çökmə baş verməz».

Ekspertin bildirməsinə görə, haker hücumları qanunsuz əməldir və bunu edənlər məsuliyyət daşıyırlar. «Əgər xaricdən kimsə qanunsuz yollarla internet informasiya resurslara müdaxilə edərsə və kiberhücumlara məruz qoyarsa, bununla bağlı cinayət qanunvericiliyində müddəalar var. Bu, kibercinayətkarlıq hesab olunduğu üçün o çərçivədə qiymətləndirilə bilər».

Xatırlatma

Meydan TV 2013-cü ildə yaradılıb. Onun 2014-cü ildə Bakı bürosu qapadılıb. Daha sonra bu media orqanının rəhbər şəxsləri ilə bağlı cinayət işi açılmışdı. Onlar qanunsuz sahibkarlıq və vergidən yayınmada ittiham edilirdilər. MeydanTV rəhbərliyi ittihamları əsassız saymışdı.