Alman şirkəti Bakınını Baş planın aldı - 6,3 milyon dollara nələr dəyişəcək?

15/04/2019 - 09:32 3 472 0   0  

“AS+P“ Qahirə, İskəndəriyyə, Sürix,  Şanxay, Moskva və  İstanbul kimi şəhərlərin ərazi planlaşdırılmasında iştirak edib

Bakının uzun müddətdir haqqında danışılan Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinə start verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, iki mərhələdən ibarət olan bu prosesin birinci mərhələsində təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilib. Komitənin, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti seçilib.

Bildirilir ki, qalib gəlmiş “AS+P” - qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunub “AS+P” şirkəti tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihə uğurla icra olunub. Şirkətin təcrübəsi Almaniyanın Münhen, Köln və Frankfurt, Misirin Qahirə və İskəndəriyyə, həmçinin Sürix, Tiflis, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.

Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Baş plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir. Maliyyəyə gəlincə isə bildirilib ki, Bakı şəhərinin Baş planı 6,3 milyon dollara başa gələcək.

Bakıda tarixi binaların inkişafında alman mühəndislərin rolu böyük olub. Belə ki, məlumatlara görə, İncəsənət muzeyinin, Bakı Lüteran kilsəsinin, Kukla teatrının, Hökumət evinin inşasında alman mühəndislərin birbaşa və dolayı iştirakı olub.

O da məlumdur ki, Bakıda uzun müddətdir ki, plansız şəkildə binalar inşa olunub, obyektlər tikilir. Bəs Baş planın hazırlanması prosesində həmin tikililərin aqibəti necə olacaq?

“Yeni Müsavat”a danışan sahə üzrə ekspert Əzim Məsimov bildirib ki, Bakıda bir çox binaların söküntüsü və ya sürüşdürülməsi həyata keçirilə bilər: “Baş plan ayrı-ayrı tikintilər demək deyil. Bunlar arasında böyük fərq var. Baş plan olmalıdır ki, bu tikintilərin yerini biləsən. Plana uyğun olaraq binalar tikilir ki, həmin tikili, digərləri ilə harmoniya yaratsın. Yaxud da küçələr salınan zaman da harmoniya uyğunluğu nəzərə alınır. Bakıda isə indiyə qədər necə gəldi, binalar tikilib. Almanların Baş plan hazırlama bacarıqlarına şübhə yoxdur. Ancaq nəzərə alaq ki, Bakının indiyə qədər 4 Baş planı olub. Ümumilikdə, 1-ci Baş planı hazırlayırlar, 2-ci planda 1-cinin inkişafı nəzərdə tutulur. 3-cü Baş plan isə 2-cinin inkişafını təmin edir. Beləliklə, növbəti, ondan əvvəlkinin inkişafı əsasında qurulur. İndi də bütün Baş planlar nəzərdən keçirilməli və yeni konsepsiya hazırlanmalıdır. Bununla bərabər şəhərdə olan bütün mövcud problemlər də nəzərə alınır”. 

Əzim Məsimov ile ilgili görsel sonucu

Ekspert bildirib ki, Bakının bütün Baş planlarında Abşeron yarımadası vahid formada göstərilir: “Burada insanların istirahətindən, iş yerlərindən tutmuş hər bir detal qeyd edilir. Abşeronun da ərazisi keçmişdə, Moskvadan da böyük idi. Bu aspektlərə də diqqət edib, yeni layihənin cizgilərini müəyyənləşdirmək lazımdır. Ərazi istifadəsi, mühəndis şəbəkələrinin inkişafı məlum olmalıdır. Buraya yollar, su və kanalizasiya, elektrik xətlərinin təchizatı və sairə daxildir. Bu işləri də öyrənmək üçün heç olmasa işə yeni mütəxəssisləri cəlb edib, əvvəlki sənədləri qaldırmaq lazımdır. Yəni kənardan bizə Baş plan hazırlayıb versələr də bu plan kor ola bilər. Yuxarıda qeyd etdiyim bütün sənədlərə baxış keçirilməlidir. İndiyə qədər Bakıda xeyli binalar tikilib. Ola bilər ki, bir neçə bina yol çəkilişi üçün əngəl yaratsın. Çünki görürük ki, nə qədər çalışsalar da, şəhərin daxilində tıxac problemi aradan qalxmır. Ona görə də lazım gəlsə bir neçə binanı sökə bilərlər. Yaxud da sürüşdürmə aparıla bilər. Moskva hökumətinin yerləşdiyi bina küçənin ortasında olub, onu sürüşdürüb, indiki yerinə aparıblar. Dünya təcrübəsində bu cür hallar baş verib”.

Ə. Məsimov vurğulayıb ki, pul hərisliyi Bakını indiki halına salıb: “Yeri alıb, maksimum çalışdılar ki, orada bina tiksinlər, çoxlu pul qazansınlar. Ancaq nəzərdə tutulmuşdu ki, köhnə binalar sökülən zaman onun yerində nə qədər mümkündürsə, küçələri genişləndirsinlər. Ancaq yeni binalar tikilən zaman bunu nəzərə alan olmadı. Baş plan əslində var idi, ancaq bunu kənara qoydular ki, sovet dövründən qalıb. Məndə olan məlumata görə, Bakı şəhər icra başçısı 10 il sonra deyib ki, gətirin Baş plana baxaq. Təəssüf ki, bu cür hərəkətlər hazırkı xaosu yaradıb. Bir bina deyil, iki bina deyil. Özü də əksəriyyəti mərkəzdə tikilib. Nə sökmək mümkündür, nə də sürüşdürmək. Ona görə də bu kimi problemlər olacaq. Bu işə yerli mütəxəssislər cəlb olunub, onların fikirləri dinlənməlidir. Kənardan oturub, bunu etmək çox çətin məsələdir. Məsələn, Bakıda turizmin inkişafı üçün böyük problemlər var. Hazırda Bakı 2-3 milyon turisti güclə qarşılayıb, yola sala bilir. Sabah bu rəqəm 10 milyon olarsa, nə edəcəklər? Bütün bu problemlər nəzərə alınıb, işlənməlidir”./musavat