Baş kəşfiyyatçının “vurulması”, Moskvadan Aşqabada sürgün – fəxri adları, təltifləri alınan Serovun günahı nəydi?

10/04/2019 - 14:39 3 541 0   0  

O, SSRİ DTK-sının ilk rəhbəri olub. 1954-cü ilin mart ayında SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi yaradılanda Nikita Xruşov heç bir müzakirəsiz İvan Serovu bu quruma sədr təyin edib. Serovun Stalin hakimiyyətinin fəallarından biri olmasına baxmayaraq, Xruşov ona etibar edib, olduqca mühüm bir dövlət qurumunda onun səmərəli fəaliyyət göstərəcəyinə inanıb. Ən əsası isə onun Serovun qısa bir müddət ərzində Beriyanın adamlarını orqanlardan təmizləyəcəyinə şübhəsi olmayıb. Xidməti karyerasında həmişə bəxti gətirən İvan Serov isə ona göstərilən bu etimadı doğruldub. Amma sonda ordu generalı İvan Serov elə Xruşov tərəfindən də hər şeydən məhrum olunub...

İvan Serov 1905-ci ildə Voloqdada anadan olub. Orta təhsil aldıqdan sonra komsomol sıralarına keçərək gənc fəal kimi tanınmağa başlayıb. Komsomol xətti ilə yaxın kəndlərdə siyasi maarifçi kimi fəaliyyət göstərib. Sonra onu Zamoşye kəndinə kənd sovetinin sədri vəzifəsinə təyin ediblər. Gələcəyin generalı 1925-ci ildə ordu sıralarına çağrılıb. Hərbi xidmətdə olarkən könüllü olaraq hərbi məktəbdə təhsil almaq istədiyini bildirib və Leninqradda orta ixtisas hərbi məktəbinə qəbul olunub. 1935-ci ilə qədər ayrı-ayrı hərbi hissələrdə artilleriya komandiri kimi xidmət edib.

Serov 1935-ci ildə Frunze adına Hərbi Akademiyaya daxil olub. 1939-cu ildə akademiyanı bitirdikdən sonra xidmətini xalq daxili işlər orqanlarında davam etdirib. Bir neçə ay “NKVD”-nin baş milis idarəsində rəis müavini işlədikdən sonra o, 1939-cu ilin sentyabr ayında yüksək vəzifəyə, Ukraynanın daxili işlər komissarı vəzifəsinə təyinat alıb.

Bu təyinat İvan Serovun gələcək həyatında böyük rol oynayıb. Serov məhz burada Jukov və Xruşovla tanış olub. Jukov Kiyev xüsusi həribi dairəsinin komandanı, Xruşov isə Ukraynanın birinci katibi vəzifələrində çalışıblar. Hər üçünün arasında möhkəm və sıx dostluq əlaqələri yaranıb. Onlar Ukraynada “güclü üçlük” adını qazanıblar. Serov həmişə arxasında güclü bir insanı, kifayət qədər nüfuza malik Jukovu hiss edib.

1941-ci ildə Serov Kiyevdən Moskvaya, “NKVD”-yə müavin vəzifəsinə gətirilib. Müharibə illərində İvan Serov partizan hərəkatının yaradıcılarından biri olub. Dövlət Müdafiə Komitəsində Serov bacarıqlı və səriştəli kadr kimi qələmə verilib.
Stalinin təşəbbüsü və qərarı ilə Moskvanın alman qoşunları tərəfindən işğalı təqdirdə şəhərin mühüm obyektlərinin partladılması və dağıdılması İvan Serova həvalə olunub.

İvan Serov müharibə illərində bir çox cəbhələrdə iştirak edib, o, həmçinin Jukovla birlikdə Berlinin alınması əməliyyatının içtirakçısı da olub. SSRİ-nin Almaniyadakı qoşunları komandanının “NKVD” xətti üzrə müavini vəzifəsində xidmət edib.
Stalinin vəfatı və dəfni zamanı Moskvada asayişin qorunması kimi məsuliyyətli bir iş də Serova həvalə edilib.

12 ildən artıq bir dövrdə, 1941-ci ildən 1954-cü ilə qədər adları və strukturları tez-tez dəyişən “NKVD”, Dövlət Təhlükəsizliyi Nazirliyi, Daxili İşlər Nazirliyində müavin, birinci müavin işləyən İvan Serov Beriya, Abakumov, Merkulov, Kruqlov kimi hiyləgər, cəllad, təhlükəli birincilərdən özünü qorumağı bacarıb və nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, 1954-cü ildə yeni yaradılmış Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin edilib.

Qeyd edək ki, İvan Serov 1945-ci ildə Jukovun təqdimatı ilə Sovet İttifaqı Qəhrəmanı və “Lenin” ordeni ilə təltif olunub.

“NKVD” orqanlarında bu təltifi əldə etmək hər şeyə qadir olan Lavrenti Beriyaya nəsib olmayıb. (Beriya 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı deyil, Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunub).

Serov “NKVD”-də işlədiyi illər ərzində yaratdığı güclü agentura şəbəkəsi vasitəsi ilə ən məxfi məsələlər haqqında məlumatlı olub. O, bütün məmurların, o cümlədən Nikita Xruşovun da cəmiyyətə bəlli olmayan səhvləri haqqında sübuta yetirə biləcək qədər bilgilərə malik olub.

Stalin hakimiyyətindən sonrakı komanda dəfələrlə Nikita Xruşova Serovun çox mətləblərdən agah olduğunu anladıblar, onun təhlükəli kadr olduğunu, xüsusilə də Jukovla yaxınlığını ona başa salaraq əmin ediblər ki, bu “təhlükə”ni aradan qaldırmaq lazımdır.

Təbii ki, Xruşov da Serovu yaxından tanıyan adam kimi deyilənlərlə özlüyündə razılaşıb. O, bir müddət Beriyanın adamlarının orqanlardan təmizlənməsi məqsədilə Serovdan yetərincə istifadə edib.

1958-ci ildə Xruşov Serovu SSRİ Silahlı Qüvvələrinin tabeliyində olan Baş Kəşfiyyat İdarəsinə rəis təyin edib (vəzifə ranqı baxımından bu aşağı pillə sayılıb) və bu təyinatı həmin idarənin işinin Serov tərəfindən daha da gücləndirilməsi ilə əsaslandırıb. Amma əslində məqsəd Serovu yavaş-yavaş sıradan çıxarmaq olub.

İvan Serov bu vəzifədə 5 ilə yaxın xidmət edib. 1963-cü ildə Serov tabeçiliyində olan polkovnik Oleq Penkovskinin ABŞ və İngiltərə kəşfiyyatına işlədiyinə görə vəzifəsindən azad edilib. Bu süni qurulmuş işin müəllifi DTK sədri, vaxtilə Azərbaycanda ikinci katib işləmiş Vladimir Semiçastnı olub. Bu həmin Semiçastnıdır ki, bu olaylardan bir il sonra Nikita Xruşovun devrilməsinin də əsas müəlliflərindən biri sayılıb.

Serov 1963-cü ildə Türkmənistandakı hərbi dairə komandanının tədris üzrə köməkçisi təyin edilib. Bu təyinat onun üçün qeyri-rəsmi sürgün sayılıb. Ancaq cəza təkcə bu “sürgün”lə bitməyib. Onu ordu generalı rütbəsindən general-mayor rütbəsinə salıblar, Sovet İttifaqı Qəhrəmanı fəxri adını da əlindən alıblar.

1965-ci ildə sosialist qanunlarını pozduğuna, xidməti vəzifəsindən sui-istifadə etdiyinə görə Serov partiya sıralarından xaric olunaraq bütün vəzifələrindən azad olunub.

İvan Serov ömrünün sona qədər partiya sıralarına yenidən qayıtmağa, təltif və rütbələrini geri almağa cəhd etsə də, heç nə alınmayıb. Həttta Kremldə çalışan ən kiçik vəzifəlilər belə onu qəbul etməkdən imtina ediblər.

İvan Serov 1990-cı ildə, 84 yaşında vəfat edib. O, Moskva ətrafındakı İlinskaya kənd qəbirstanlığında dəfn olunub./musavat.com/