“Kazbek” meyxanasını oxuyan şəxs saxlanıldı – Üzərindən marixuana çıxdı

01/04/2019 - 16:39 3 661 0   0  

Son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsü yayılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, məsələ ictimai rezonans doğurub və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub.

DİN rəhbərliyinin tapşırığına əsasən, bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib. Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, “Vüqar Səda”nın oxuduğu narkotik maddələrin istifadəsini təbliğ edən meyxanada “Kazbek” sözü də işlədilib.